Di Mariyanın evi qarət edildi
- 15 Mar 2021 14:49
- 530
Futbol üzrə Fransa çempionatının 29-cu turu çərçivəsində keçirilən PSJ – “Nant” matçı zamanı meydan sahiblərinin iki üzvünün evi qarət olunub.
Rekord.az xəbər verir ki, söhbət Markinyos və Anxel Di Mariyadan gedir.
Əvvəlcə Di Mariyanın evinin qarət olunması xəbəri gəlib. Belə ki, qarşılaşmanın ikinci hissəsində klubun idman direktoru Leonardo baş məşqçi Maurisio Poçettinoya Di Mariyanın evinin soyulması ilə bağlı məlumat verib. Bu üzdən də argentinalı mütəxəssis qarşılaşmanın 62-ci dəqiqəsində həmyerlisini əvəzləyib. Evdə olan ailəsinə görə narahatlıq keçirən Di Mariya dərhal stadionu tərk edib və evə yollanıb.
Fransa mətbuatının yazdığına görə, Di Mariyanın ailə üzvləri evdə olarkən cinayətkarlar mənzili qarət edib və onun ailəsini girov götürüblər. Lakin Di Mariyanın evinə çatdığı anda ailə üzvlərinin mənzildə olduğu və vəziyyətinin yaxşı olduğu üzə çıxıb. Polis, hadisə ilə bağlı araşdırmaya başlayıb.
PSJ – “Nant” matçı zamanı parislilərin digər futbolçusu Markinyosun da ana və atasının yaşadığı mənzil qarət olunub.
Qeyd edək ki, PSJ bu qarşılaşmada 1:2 hesabıyla məğlub olub.