“Dinamo” “Qarabağ”a daha çox qol vura bilərdi” - Ozobiç
- 27 Avq 2024 17:40
- 187
“Bakıdakı cavab oyunu çox maraqlı ola bilərdi. 3:0 hesabı böyük üstünlükdür. "Dinamo" 4-cü və ya 5-ci qolu da vura bilərdi”.
Rekord.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç "Sportske.jutarnji.hr" nəşrinə müsahibəsində "Qarabağ"ın Bakıda "Dinamo"ya qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.
2018-2023-cü illərdə Ağdam klubunun formasını geyinmiş yarımmüdafiəçi Azərbaycan təmsilçisinin Zaqrebdəki ilk matçda çoxlu şanslarının olduğunu bildirib:
"Ancaq fərqlənə bilmədilər. Ən azı bir saat keyfiyyətli oyun nümayiş etdirdilər. Cinahlardan hücum edirdilər, arxa xətdə isə çoxlu boşluq var idi. "Qarabağ" cavab qarşılaşmasında erkən qol vurmaq istəyəcək. "Dinamo" Bakıdakı matçın asan olmayacağını başa düşməlidir. Hesabı saxlayacaq kollektiv deyil. Keyfiyyətli futbolçuları var və həmişə hücum barədə düşünürlər. Komandanın bu görüşdə oyun üslubunu dəyişəcəyini düşünmürəm".
Avqustun 28-də təşkil olunacaq "Qarabağ" - "Dinamo" qarşılaşması saat 20:45-də start götürəcək. Xorvatiyadakı ilk dueldə meydan sahibləri üç cavabsız qolla qalib gəliblər.