Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Zoran Mamiç  Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Rekord.az xəbər verir ki, Zaqreb təmsilçisi 3-cü təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə,  pley-off-da "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Xorvatiyanın "Dnevnik.hr" nəşrinə açıqlamasında 49 yaşlı mütəxəssis bildirib ki, püşkatmadan razı qalmalıdırlar: "Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma indiki halda püşkün nəticəsi bizi qane edir. Hər şey öz əllərimizdədir. "Rumıniyada ÇFR-lə oyunda bəxtimiz gətirdi. Penaltilər seriyasından sonra mərhələ adlamaq hər zaman xoşdur. Eyni zamanda çox gərgin anlar yaşadıq. Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik".

O, hələlik pley-off mərhələsindəki potensial rəqibləri şərh etmək istəmədiyini söyləyib: "Çünki hələ qarşıda "Ferentsvaroş"la çətin oyunumuz var. Bizim üçün çox gərgin və qeyri-adi matç olacaq".