Diniyev möcüzə yaradır, yoxsa...
- 03 Okt 2023 13:14
- 961
Şahin Diniyev və “Səbail” bu mövsüm hamını təəccübləndirməkdədir. Şəxsi qənaətimdir ki, Diniyev azərbaycanlı mütəxəssislər arasında ən yaxşılardan, eyni zamanda da ən bəxtsizlərdəndir. Onunla şəxsi tanışlığım düz 16 il bundan əvvələ təsadüf edir. Milli komanda Qazaxıstanın Almatı şəhərinə yerli komanda ilə qarşılaşmağa gəlmişdi. Mən də bu şəhərdə yaşayırdım. Bir neçə gün öncədən Almatıda olan Nazim Süleymanovla görüşmüş, millimizin gəlişinə böyük həvəslə hazırlaşmışdım. Diniyevlə də ilk görüşüm “Ortalık stadion”dakı açıq məşq zamanı baş tutdu. Az sonra “Ayser” oteldə çay içə-içə söhbətləşir, futbolumuzun durumunu müzakirə edirdik. Hiss etdim ki, böyük ideyaları var, işinə həvəslə yanaşır. Amma oyunçu seçiminin məhdud olması əl-qolunu bağlayıb.
Bəxtindən AFFA-nın keçid dövründə milli komandanı çalışdırmaq ona tapşırılmışdı. AFFA-dakı nüfuz müharibəsi, “kürsü savaşı” ən pik nöqtəsinə çatmışdı. Çanaq da Şahin Diniyevin və onun ağ günə çıxarmağa çalışdığı millinin başında sınırdı. Serbiyaya 1:6 hesablı məğlubiyyət yolun sonu oldu, Şahin bəy milli komanda ilə yollarını ayırdı. Sonradan da “Bakılı oğlanlar” milli komanda ilə bağlı səhnəcik hazırlayıb, Diniyevi də, futbolçuları da lağ-lağı mövzusuna çevirdi. Laqqırtı vurmağa meyilli olan xalqımız da bunu çox bəyəndi, elə bildilər ki, Diniyevin futbol biliyi elə “şən və hazırcavab oğlanlar”ın təqdim etdiyi kimidir.
Şahin bəy “Kəpəz”də də pis işləmirdi, Gəncə təmsilçisi məhz onun rəhbərliyi altında avrokubok həsrətinə son vermişdi. Bəxti onda gətirmədi ki, “Kəpəz”dəki maliyyə yeyintisində adı hallandı. Məlum şəbəkə onu bu işlərə qoşub, kluba ayrılan vəsaiti nəğdləşdirmək üçün onun adından istifadə etmişdi. Klubun müsahibi açıq dillə bütün tapşırıqların AFFA-nın o vaxtkı baş katibindən gəldiyini deyirdi. Kim idi mühasibə qulaq asan? Böyük oyunun “piyadaları” qurban verildi, əsl günahkarlar bu qurbanların arxasında gizləndi, qaz vurub, qazan doldurmağa davam etdilər.
Diniyev həmin vaxt susdu, “mafiya babaları”nı ələ vermədi. Bəlkə də bu susqunluğun da “mükafatı” AFFA Məşqçilər Komitəsində yer alması oldu. Amma məşqçinin yeri rahat kabinet, yumşaq kreslo deyil. Onların mükafatı yaşıl meydan olmalıdır. Nəhayət ki, Diniyevin işsiz günlərinə son qoyulub. O da əlinə düşən fürsəti yaxşı dəyərləndirib. “Səbail” ötən mövsüm elitadakı yerini çətinlikə qorudu. Heç yeni mövsümə də yaxşı başlamadı. Transferlərlə bağlı da müəyyən söz-söhbətlər var idi, “Səbail”ə yararsız legionerlərin doldurulduğu iddia edilirdi. Amma zaman və komandanın nəticələri göstərir ki, bu iddialar əbəs imiş.
Şahin Diniyevin adına sevindirici məqam təkcə nəticələr deyil. Bizim çempionatda nəticə qazanan çox məşqçi görmüşük. Ən vacibi “Səbail”in bu nəticələri futbol oynayaraq, hücum edərək, qol vuraraq qazanmasıdır. “Səbail”in qol vurmağı bacarmadığı rəqib yoxdur. Üstəlik, “dənizçilər” “Qarabağ”ı məğlub edib, “Neftçi” ilə “Sabah”a uduzmayıb, Gəncə və Tovuz səfərindən də 3 xalla qayıdıblar. Bu uğurun arxasında isə Diniyevin futbol biliyi, zəhməti dayanır. Ümid edirəm ki, “Səbail”in nəticələri möcüzəvi təsadüf yox, sabit olacaq. Bu dəfə bəxtsizlik, yaxud da digər amillər Şahin bəyə mane olmayacaq.