Diniyevin istefası, Abasovun məğlubiyyəti, Cavadovun yüksəlişi
- 05 Noy 2024 11:00
- 110
Misli Premyer Liqasının 12-ci turu bir sıra məqamlarla yadda qaldı. Turun qısa icmalını cızıb sizinlə bölüşmək istədim:
"Turan Tovuz" - "Qarabağ"
Turun mərkəzi görüşü idi, qol vurulmasa da, maraqlı, dinamik oyun alındı. Belə oyunların sayı bu çempionatda çox olmalıdı. Tək meydançadakı oyunu nəzərdə tutmuram, tribunalardakı atmosferi də mütləq şəkildə bura əlavə edirəm. Bu cür tribuna önündə daha çox oynamaq "Qarabağ"ın özünə də xeyirdi. Ona görə bölgə komandaları, xüsusilə futbol bölgələri Premyer Liqada daha çox təmsil olunmalıdır. "Turan Tovuz" mövsümdə ikinci oyununda da "Qarabağ"a uduzmadı və "Qarabağ"dan qol buraxmadı. Evdə oynasa da, əsas olan uduzmamaq idi, buna da nail oldular və turnir cədvəlində 2-ci pillədəki yerlərini qorudular.
"Neftçi" - "Araz Naxçıvan"
Bu oyunun nəticəsi də böyük maraq kəsb edirdi. "Neftçi" Samir Abasovun gəlişindən sonra toparlanıb həm ilk qələbəsini qazanmış, həm də iki oyuna 4 xal toplamağı bacarmışdı. Amma Araz Naxçıvan"la oyunda bunun ardı gəlmədi. Hazırda daha yaxşı formada olan "Araz Naxçıvan" vacib qələbə qazanıb ilk "üçlük"dəki yerini qorudu. Sözdə Naxçıvanı, əməldə isə Mərdəkanı təmsil edən komandada hələ ki, işlər qaydasında gedir. Heyəti genişdi, buna baxmayaraq, Zaur Axundov pul qısnamır, imkan düşən anda heyətə yeni futbolçular cəlb olunur. Komanda bu tempi hara kimi saxlayacaq, zaman göstərəcək. "Neftçi"də isə vəziyyət elədir ki, Samir Abasov istəsə belə, qısa zamanda ciddi dəyişikliklər mümkün deyil. Üstəlik, özü də etiraf edib ki, əldəki bütün futbolçulara şans verməlidir ki, sabah kimisə göndərəndə "mənə şans vermədin" deməsin. Məcburi rotasiya edə-edə yaxşı nəticələr qazanmaq da çətindi. Əgər "Neftçi" qışa qədər ilk "beşliy"ə girə bilsə, qışdan sonra yeni transferlərlə avrokuboklara vəsiqə uğurunda vuruşmaq olar. Yox, girə bilməsə, avrokuboklara vəsiqə çox çətin olacaq.
"Şamaxı" - "Zirə"
Mövsümə gözlənilmədən uğurlu start verən "Şamaxı" son turlarda eniş yaşayır ki, bu da normal qarşılanmalıdır. Hər nə qədər də Ayxan Abbasov amili var, qısa zamanda yaxşı kollektiv formalaşdırıb, amma reallıq da var ki, "Şamaxı"nın heyəti, büdcəsi ona bu şərtlər altında sona qədər üst pillələrdə qərarlaşmaq imkanı vermir. 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Şamaxı" üçün əsas hədəf elitada yerini qorumaqdır ki, bu baxımdan bu dövrə qədər olan müddət üçün komandanın xal ehtiyatı heç də pis deyil. Ən azı hazırda sonuncu pillədən 6 xal öndədilər. Amma təbii ki, qarşıda uzun marafon olduğunu nəzərə alsaq, bu fərq arxayınlaşmağa əsas vermir. Bu mənada "Şamaxı" növbəti turlarda xal ehtiyatını artırmalıdır. "Zirə"yə gəlincə, stabillik baxımından axsayan komandanın "Şamaxı"nı məğlub etməsi mütləq lazım idi. Əks halda, "Sabah" Sumqayıtda qələbə qazansa, "Zirə" ilk dörlük"dən də kənar qalacaqdı. Amma təcrübə və futbolçuların fərdi keyfiyyəti bu oyunda həlledici oldu və süni meydançada oynamasına baxmayaraq, "Zirə" vacib qələbə qazandı.
"Kəpəz" - "Səbail"
6 xallıq oyunda qazanan tərəf "Kəpəz" oldu. Baxmayaraq ki, oyun ümumilikdə çox darıxdırıcı, maraqsız keçdi. Hətta deyərim ki, oyunun ədalətli nəticəsi elə 0:0 idi. Sadəcə, Gəncə təmsilçisinin qələbəni "Səbail"dən bir qədər daha çox istəməsi həlledici oldu. Son dəqiqələri dirəndilər, meydançanın rəqibə aid hissəsində pressini davam etdirdilər, ard-arda aut, künc zərbələri vurmaq imkanı əldə etdilər və sonda istəklərinə çatdılar. Qolu vuran Camal Cəfərov da xoşuma gəlir, "Turan Tovuz"a qarşı da yaxşı oynamışdı, bu dəfə də komandası üçün həddindən artıq önəmli qol vurdu. Oz üzərində daha da işləsə, fikiri futboldan kənar şeylərdə yox, futbolda olsa, yaxşı gələcəyi var. Azər Bağırov kimi də məşqçinin əlinə düşüb, bundan da yaxşı mənada istifadə etməlidi. O ki qaldı, "Səbail"ə Şahin Diniyevə böyük hörmətim var, münasibətimiz də yaxşıdı, məncə, ən doğru qərarı verdi. Nələrsə alınmırsa, getmək ən doğru addımdı. Üstəlik, komanda hələ ki, sonuncu pilləyə düşməyib, yeni gələcək baş məşqçinin vəziyyətdən çıxmaq üçün imkanı var. Yoxsa, ötən mövsüm "Qəbələ"nin yaşadığını yaşaya bilərlər. Düzdür, Diniyevi də qınamaq düzgün olmazdı, adamın bütün aparıcı legionerləri zədəlidi, dünən oyuna startda 7 yerli futbolçu ilə çıxmağa məcbur olmuşdu. Yenə də bu vəziyyətdə düzgün olan qərarı verdi. Tam səmimi bir fikirimi də deyim, "Səbail"də çox hörmət etdiyim bəzi insanlar da çalışır, heç vaxt onların işsiz qalmasını istəmərəm və bu bacarıqla işsiz də qalan deyillər, amma "Səbail" lazımsız komandadı. İdman prinsipləri öz yerində, mütləq şəkildə qorunmalıdır. Lakin bu gün Premyer Liqaya "Kəpəz", Gəncə futbolu daha çox lazımdı, nəinki "Səbail". Əgər "Səbail" Premyer Liqada qalacaqsa belə, onun də "Keşlə" kimi hansısa bölgəyə köçürülməsi daha məqsədəuyğun olardı.
"Sumqayıt" - "Sabah"
"Suqmayıt" çox çətin rəqiblə oyunda qızıla bərabər 3 xal qazandı. Səmimi deyim, bu oyun üçün 1 xalı da "Sumqayıt" üçün önəmli hesab edirdim. "Sabah" bu gün iddiasına, büdcəsinə və heyətinə görə, üstün durumdadır. Üstəlik, heç də pis formada deyillər. Ötən tur "Neftçi"ni məğlib etməliydilər, penaltini qaçırdılar. Dünənki oyunda da ikinci hissədə üstün idilər, külək də "Sumqayıt"ın qapısına əsirdi ki, bu da qonaqlara əlavə üstünlük verirdi. Amma "Neftçi"nin ardından "Sabah" üstün olduğu növbəti oyunda da qələbə qazana bilmədi və bu dəfə heç xal da götürmədi. Bitiricilik məsələsində Renduliç nələrsə etməlidir. Dünənə qədər müdafidəki problemləri ön xətt futbolçularının məsuldarlığı ilə qapatmaq olurdu. Amma son iki turda həmin məsuldarlıq da itib.
"Sumqayıt"a gəlincə, Vaqif Cavadovun gəlişindən sonra son iki turda maksimum xal toplayan komanda 6-cı pilləuə yüksəlib. "Sumqayıt"ın potensialına mövsümün əvvəlindən inanırdım, bu komandanın 4-cü pilləyə cırmaq atacağını düşünürdüm. Sadəcə, ardıcıl 4-5 turluq uğursuzluq komandanı çox geri atdı. Samir Abasov ətrafında yaşananlar, yekunda onun "Neftçi"yə gedişi də hardasa sübut etdi ki, komanda həmin o 4-5 ardıcıl uğursuzluğu futbol planında zəif olduğu üçün yaşamadı. Sadəcə, o anda futbolçular da çaş-baş qalmışdılar, yazılan məlumatları oxuyurdular, gəzən söhbətləri eşidirdilər və qeyri-müəyyənlik içində qaldırdılar ki, baş məşqçi gedəcək. yoxsa qalacaq.ı Qeyri-müəyyənlik içində qalan, beyni qarışıq olan futbolçunun isə toparlanıb yaxşı nəticə üçün meydançaya çıxması çətin olur. Amma indi hiss olunur ki, komanda toparlanıb. Vaqif Cavadov Premyer Liqa səviyyəsində təcrübəsi məşqçi olsa da, hiss olunur ki, qısa zamanda bir dəsti-xətt formalaşdırıb, xüsusilə nizam-intizam məsələsinə ciddi fikir verir. Yüksəliş davam eləsə, yeni transferlər getdikcə daha yaxşı forma yığsa, "Sumqayıt" ən azı 4-cü yer üçün mübarizəyə qoşula bilər.
Anar XANLAROV