Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə qarşılaşan "Qarabağ" istirahətə buraxılmışdı.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi 5 günlük fasilədən sonra hazırlıqlara start verib.

Milliyə dəvət alan futbolçular məşq prosesində iştirak etməyib, əvəzində isə ikinci komandanın bir neçə üzvü çalışmalara qoşulub.

"Qarabağ" Avropa Liqasının İ qrupunda "Vilyarreal" (İspaniya), "makkabi" (Tel-Əviv, İsrail) və "Sivasspor"la (Türkiyə) mübarizə aparacaq.

Mətbuatda yayılan xəbərlərə görə, hazırda Ağdam klubunun əsas hədəfi hücumçu almaqdır. Ağdam klubunun direktoru Əmrah Çəlikəl yeni transfer çalışmaları barədə sportinfo.az-a bunları deyib:

«Klubumuz bu istiqamətdə axtarışlarını bu gün də davam etdirir. Proses ilboyu dayanmır. Amma hazırda rəsmi olaraq heç bir legionerlə danışıqlar aparmırıq.

Yaxın vaxtlarda hansısa futbolçu alacağımız gözlənilmir. Ən azı qışadək mövcud heyətlə kifayətlənəcəyik. Avropa Liqasındakı rəqiblərimizin yeni transferlər etməsindən xəbərdarıq. Bu, onların daxili məsələsidir, biz öz işimizə baxırıq».