"Div" stadionda "cırtdan" ölkədən böyük futbol dərsi
- 08 Sen 2020 12:00
- 750
Azərbaycan futbolu günü-gündən tənəzzülə uğrayır, ümidlər azalır. BOS-da bossların yığması Lüksemburq faciəsi yaşadı. Futbola inam sıfıra ensə də, məğlubiyyyət ictimaiyyət arasında şok effekti yaratdı. Müşahidə etdikdə, mütləq əksəriyyətin münasibəti eynidir: "Bu qədər də yox"!
Niyə də yox?!
Səngiməyən müzakirələr, emosiyalar aşıb-daşır.
Bir-birini tamamlayan rəylər, əks qütbdə döyüşən mülahizələr, günahkar(lar) axtarışı... Qaynayan futbol qazanına hər növ ədviyyat, meyvə-tərəvəz qatılır. Keyfiyyətsiz ət ancaq "ət divar-canlı sədd" üçün yarayır. Yaşıl meydandakı xaos cəmiyyətə də siraət edir...
Azarkeşlər qınanılası deyil, etik qaydaları gözləmək şərtilə istənilən münasibəti göstərə bilər, necə ki, göstərir. Əksinə, son illər futbol susqunluğu fonunda lider rolunda fanatlardır. Azarkeş-xalq milli ruhu ilə heç vaxt məğlubiyyəti, məğlub psixologiyasını millətə sırıyanları qəbul etməyəcək!
Sevinmək, qələbə tələb etmək azarkeşin haqqıdır. Bunu təmin etmək-cavabdehlərin borcudur! Strateji futbol vəzifələrində olanlardan tutmuş, meydandakı futbolçulara kimi. Futbol-vahid bir mexanizmdir, olmalıdır.
Fərdi günahkar(lar) axtarışı fayda verməz.
"Div" stadionda "cırtdan" ölkə yığmaya böyük futbol dərsi keçdi. Lüksemburq ərazisi boyda olan nəhəng tribunalar belə rəqibi qorxutmadı, zatən qarşılarında qorxaq komanda var idi...
Qol-budağı, tökülən yarpaqları müzakirə etməklə kök düzəlmir. İllərdi torreslərin, foqtsların, prosineçkilərin, qurbanovların, yurçeviçlərin, indi də de byazilərin "analizlərinin" cavabını Lüksemburq əyani olaraq meydanda göstərdi.
Daha neçə onilliklər keçməlidir ki, yayındırıcı manevlrərdən əl çəkilib kök səbəblərə gedib çıxılsın?! Üzdənyanaşmalar, məqsədli təbliğat maşını, məğlub sindromunun iliylərə kimi yeridilməsi... "Cırtdan"lar da böyük futbolun elm olduğunu mənimsədi. Azərbaycanda isə cavabdeh həvəskar beyinlər futbolu məhəllə səviyyəsinə endirməkdə davam edirlər.
Emosiyalar öz yerində. Həqiqətən də rəzil gününə salınan yığmaya baxmaq, səbri qorumaq azarkeşlər üçün dözülməzdir. Buna baxmayaraq təhqirlərə yol verilməməlidir.
Söyüş, pafos, təhqir, futbolu dağıdan, mədəniyyət pərdəsi arxasında gizlənənlərə sərfəlidir.
Azərbaycan futbolu təsəvvürə gəlməyəcək qədər pis ilişib, əlacsız duruma düşüb. Futbolda futboldan kənar böyük klan, şəbəkə birliyi mövcuddur. Təhqirlər fonunda "səviyyələri budur" donosları hər an toplanır və məqsədli istifadə edilir. Üstünlük haqlı tənqidlərə, dərin təhlillərə verilməlidir.
Futbolda dönüşün yaradılması istənilirsə, kimliyindən asılı olmayaraq, doğru yol göstərənlərə dəstək mütləqdir. Düz yolu sıravi azarkeş də göstərə bilər... Yaranmış xaotik durum, süni təşkil edilmiş araqatmalar futbolu indiki hala salanlara əlverişlidir və "yuxarı"lara saxta hesabatların verilməsinə yardımçı olur.
II
"Yenə eyni dalğa, eyni koordinat"... Dünən Kosovo futbolçularının legionerliyindən bəhs edilir, baş qatılırdı, bu gün Lüksemburqun futbolçuları Avropanın aparıcı futbol ölkələrində çıxış edirlər. Çox gözəl. Azərbaycana nə?
Bəhanələrə, yalançı bəraətlərə nəhayət ki, son qoyulmalıdır. Kiçik, futboldan uzaq cırtdan ölkə son 5-6 ilə buna nail olub, Federasiyadakıların vəzifə illəri Kosovonun müstəqil yaşından da çoxdur. Tarixdə görünməmiş münbit şərait, stabillik, 100 milyonlar qarşılığında daha nə lazım idi...?!
Külli miqdarda maliyyə ona görə ayrılır ki, federasiyadakı beyinlər işlək futbol mexanizmi ilə ən azından indiki Lüksemburqun 5 qatı səviyyəsində milli formalaşdırsın. Bacarıqsızlığın sübutu üçün daha 15 il gərəkdir?
Futbol ictimaiyyəti bir daha məlumatlı olsun. Müstəqilliyimizin ilk illərindən başlayaraq Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkədə futbola, futbolun inkişafına cavabdeh birbaşa AFFA-dır və səlahiyyətlər tam olaraq federasiyaya verilib. Nizamnamədə də öz əksini tapıb...
Lippertlər AFFA-ya gətiriləndə "cırtdan"lara qarşı meydana çıxan əksər futbolçuların 10-12 yaşı var idi. Ölkənin sərvətini uğursuz layihələrə yönəldən, şəxsi məqsədlər üçün istifadə edən, futbolu qohum, dost-tanış yığınına, monopoliyaya çevirən başbilən ideoloqlar ictimai fikri, nəzarəti yayındırmaq üçün dəridən-qabıqdan çıxırlar.
15 ildi bərbad layihələri həyata keçirən azarkeşi, jurnalisti, nə də ki, hər ay bir-bir dünyasını dəyişən futbol adamları deyillər. Berlində də futbol məktəbini açan onlar olmayıb. Pandemiya dövründə bağdan yada salınan top çiləməklə futbolçu yetişəcək təfəkkürü də futbol ictimaiyyətinin ümumi məhsulu deyil.
Bu illər ərzində 3 dəfə Nizamnamə dəyişikliyinə gedilib. "2005-2015 Dövlət Proqramı"nı yerinə yetirmək əvəzinə, atılan addımlar futbolun dirçəlişinə yox, inkişafına yox, vəzifədə olanların səlahiyyətlərinin artırılmasına, monopoliyasına xidmət edib. Son prezident səlahiyyətlərinə sahib icraçı v.-prezident postuna kimi...
III
"Neftçi"nin əlindən "Pünik" diz çökürdü, qorxaq nadürüstlər aradan çıxırdı. İndi yığmaya cəlb olunmuş əcnəbi futbolçu erməni klubunun şərəfini qoruyur. Nazarov, eddilərlə yanaşı Lüksemburqla oyuna dəvəti çatışmırdı...
Bu mənfur ideologiyanı, futbol strategiyasını aparan kimlərdir? Bilinmir? Azərbaycanın müqəddəs pasportunu 100-lərlə əcnəbiyə peşkəş edən, arxasında duran, milli ruha, xalqa, dövlətçiliyə zərbə vuran kimlərdir? Onlar da bilinmir? Heç düşmən istəsəydi, Azərbaycana, futbola qarşı belə təxribat törədə bilməzdi.
Azərbaycanlı futbol oynaya bilmir? Ələkbər Məmmədov, Banişevski, Ponomaryovun olimpiya qızılı... Uzaq keçmişi qoyaq kənara. Əli daelilərin "Bavariya"sı, Nazim Süleymanov Rusiya çempionluğu, Dadaşov Almaniya, Şeydayevin Rusiya yığmasına kimi irəliləməsi...
Elə De Byazinin köməkçisi Arif Əsədov yeniyetmə/gənclər arasında Avropa, dünya çempionudur. Əhmədovu, Qədirovu... Azərbaycanlı deyillər...? Səbəb birdir, futbol sistemləri fərqlidir. Rejim ölkələr altında azərbaycanlı futbolçu yetişib, yetişir, müstəqil Azərbaycanda isə məhv edilir. Milli faciədir və bunun cavabdeh günahkarları var.
İndi cərəyan edən düşmən futbol mexanizmi ilə ancaq musalovlar, kağız üzərində 200 min futbolçular "yetişə" bilər.
Azərbaycanda heç vaxt futbol olmayıb? İslandiya, Lüksembuqda var idi? Bəli, Azərbaycan futbolu SSRİ çempionluğunu qazanmayıb, "Ararat", "Spartak", Dinamo" M/K. komandaları üçün futbolçular hazırlayıb.
20-21 yaşlı futbolçularla 31(!) yaşında "bürünc" qazanan istedad sahibi Əhməd Ələsgərov Azərbaycandan didərgin salınıb... Yeri gəlmişkən, 40-45 yaşlı gənc məşqçi, 23-25 yaşlı yeniyetmə futbolçular olmur. Elə ona görə "uşaq" yaşlarından çıxa bilmirlər...
Kanadalı "bələk"də olan uşaq Çempionlar Liqasını qazanır. Heç kim də gəncləşdirmə siyasətindən dəm vurmur. İstedad varsa, 18-19 yaşlarından meydanda olmalıdır, vaxtilə Banişevski kimi. Azərbaycanda futbola yanaşma, münasibət kökündən dəyişməlidir!
IV
Naşılar futbolu zəbt edib. Tək deyillər. AFFA-da, yüksək vəzifələrdə, İcraiyyə Komitəsində futbol adamları da olub, yox deyillər. Futbol adamları deyəndə, o demək deyil ki, kimsə vaxtilə futbol oynayıb, hakimlik edib, bu gün bacarıq sahibidir. Futbolçuluq, məşqçilik, idarəçilik bir futbol sisteminin tərkibində fərqli sahələrdir.
Maradona dahi futbolçu olub, zəif məşqçidir, Fiqu meydanda bacarığı ilə seçilib, klub idarəçisi kimi yarıtmazdır. Və ya əksi, Zidan, Quardiola futbolçu kimi də futbolçu idilər, məşqçi kimi də məşqçidilər. Nedved ustalığı ilə yanaşı özünü doğruldan klub funksioneridir. Bunlar fərdi məsələlərdir.
Azərbaycanda ümumiləşdirilir, hamıya şamil edilir. Hər futbolla məşğul olandan yaxşı futbolçu çıxmadığı kimi, hər yaxşı futbolçu, hakimdən də yaxşı məşqçi, idarəçinin olması aksioma deyil. Ölkədə strateji futbol idarəçiliyi təsadüflərin əlindədirsə, onlara "baş üstə" deyən, susan futbol adamları da ətraflarındadır.
Bacarıq, qətiyyət olmayanda, kölgə, qoltuq altı yer axtarılır. Təəssüf ki, belələri bütün dövrlərdə keçərlidir. Sabah büdrəmə baş verəndə, havadarlarına birinci "təpik" onlardan gələcək, qəhrəmana çevriləcəklər. Bu gün siyasi aləmdə cərəyan edən proseslər kimi...
İllərdi sözünü deyənlər yenidən "yaddan" çıxacaq, pusquda duran fürsətçil "qəhrəmanlar" məqamını gözləyib önə çıxacaq. Beləcə bir 15 il də fırlanacaq və Cəbəllütariq, Farer adaları, Andorranın sıçrayışından bəhs ediləcək.
V
Milli, qələbə ruhu olmayanlar məğlub, təslimçilik psixologiyasını beyinlərə yerləşdirir.
Eyni gündə tankçılarımız səfərdə Rusiya, Çin kimi hegemon, hərbi güclərlə yanaşı finalda mübarizə aparırdı, futbolçularımız isə evdə Lüksemburq qarşısında acizlik edirdi...
Biri qürurverici idi, digəri utancverici.
Tankçılarımız futboldakı kimi Rusiya/Dağıstandan, Afrikadan, Avropadan, Türkiyədən gətirilmiş legionerlər deyildi, illərlə əziyyəti çəkilən öz yetirmələrimiz idi. Finala çıxmasaydılar belə heç kim onları qınamazdı...
Müharibə, meydandakı gələcək qələbələrin bünövrəsi düzgün aparılan sistemli, davamlı işdən, qələbə istəyindən, əzmindən keçir. Tankçılarımız belə böyüdülür, yetişdirilir. Heç şübhəsiz, bu hazırlıqla sabah səngərdə düşmən də əziləcək.
Xalqa ruh yüksəkliyi, inam belə verilir. Həzi Aslanovun layiqli davamçıları yetişir...
Futbolda qarşında Almaniya, İspaniya, Ingiltərə, Fransa deyil, Lüksemburqdur. Futbol "generalları" 10 ildən çoxdu bəslədiyi, yetişdirdikləri döyüşçülərin bəhrəsini görür və millətin qələbə ruhuna, sabahına sağalmaz yara vurur.
Bir tərəfdə düşmən üzərində qələbə qazanacaq mahir döyüşçülər yetişir, digər tərəfdə düşmən pünikləri üçün futbolçular....
Milli, ideoloji, faktiki fərq budur! Hər iki sahəyə dövlət tərəfindən yüksək şərait yaradılıb. Həzilərin layiqli davamçıları fonunda banişevskilərin ruhu sızlayır, nazarovlar, eddilər havadarlarının üzünə bir loxma qayıdır. İtirilən futbol bölgələrimiz isə qan ağlayır...
Müqayisə qəribə, təzadlı gəlməsin. Bütün sahələrdə idarəçilik sistemi eynidir, oxşardır. Fərq, hər sahədə öz peşəkarlarının, təşkilati, idarəçi bacarığının olması, damarlarında qələbə ruhlu milli qanın qaynamasıdır.
Balıq başdan necə olursa, quyruğu da ona uyğun hərəkət edir. Bağın bar verməsi üçün gərək yaxşı belləyəsən, əkəsən, becərəsən, qulluq edəsən. Onda bəhrəsi görünəcək. Futbol təsərrüfatı isə ancaq "şumlanmaqla" məşğuldur...
VI
Hələ yuxu görməyən De Byazi tənqid edilir, futbolçular fərdi qaydada yıxıb-sürünür. Dağıdıcı futbol ideoloqlarının qorunması üçün görüntü yaradılır. Təbii, hər birinin ayrı-ayrılıqda günahları, səhvləri var. Onlara cır ağacın budaqlarına çıxmaq, "yaşıllıqda" qərq olmaq, mükafatlarla istirahət etmək öyrədilib.
Günah ilk öncə onlarda deyil, belələrini yığmanın belinə çıxaran yarıtmaz futbol generallarındadır. Güləcəklər də, qırmızı da alacaqlar. Millət dərd çəkəcək, onlar da qəlyanlarını... Belə yetişdiriliblər...
Futbol ictimaiyyətində qarışıq yanaşmalar, fikirlər olduğu üçün, sadə müqayisə ilə
Qazan xanın övladı ilə dialoqunu yada salaq:
- Ov ovlamadın, quş-quşlamadın, ox atmadın, əlində qılınc yox, gül-çicək tutmusan. Mən öləndə yerimə kim qalacaq. Bunu anıb, sonu anıb dərd eləyirəm.
- Hünəri atamı oğuldan öyrənər, yoxsa oğulmu atadan? Sən haçan məni ova apardın, yay çəkmək, ox atmaq, qılınc oynatmaq öyrətdin?
Futbolun "xaç ataları" qalıb kənarda, ox ata, qılınc oynada bilməyən "oğullar" tək hədəf olur.
Futbolçular yağ-bal içində olan futbolda gül-çiçəklərə öyrəşiblər. Futbol aləmi göründüyü qədər də sadə deyil, generallarını da yaxşı tanıyırlar...
Məğlub psixologiya beyinlərdə kök salıb. Bu gün yığmadan milli ruh tələb etmək, Antarktidanın FİFA-ya üzv olması qədər absurdur. Azərbaycan millisi çoxdandır bir qrup insanın əlində cəmləşən, onlara qulluq edən "Azzi" yığmasıdır.
VII
Azərbaycan-Lüksemburq görüşü müxtəlif rakurslardan təhlil edilir. Obyektiv, subyektiv yanaşmalardan tutmuş dəstək kampaniyasına kimi hər cür cərəyan var. Yuxarıda qeyd olunanlarla yanaşı reallıq fərqlidir.
Yığma meydana çıxmadan artıq məğlub olmuşdu. Start heyəti bunu əyani sübut edir.
Qarşında Avropa nəhəngi deyil, evdə oynayırsan və Lüksemburqa qarşı ikinci rolda çıxış edirsən. Rəzillikdir!
De Byazi ilk çıxışlarında "xod" getməsə də, ağıllı açıqlamalar verirdi. Təcrübəsi, Albaniya millisi ilə nəticələri yerindədir. İşsiz PRO məşqçilərimiz fonunda bir dəstə A, B, C soydaşı ilə nəhayət ki, Azərbaycana gətirildi.
AFFA-da futbola olan münasibəti, futbolçuların durumunu, ustalıq səviyyəsini, taktiki-texniki biliklərini görüb çaşıb qaldı. Məşqçiliyin iki ana xətti var, ya fəlsəfənə uyğun heyət qurursan, ya da əlinin altında olan materiala, potensiala uyğun hərəkət edirsən.
Yığma da klub deyil ki, pis-yaxşı legionerlər hesabına ideyalarını həyata keçirə biləsən. Nə var odu. Baxmayaraq ki, yığmada legionerlər də kifayət qədərdir. Bu, federasiya ideoloq-menecerlərinin biznes sahəsidir. De Byazi nə bilsin ki, ən ağrılı, futbolun təməli olan uşaq futboluna illərdi marketoloq rəhbərlik edir.
İtalyan futbolu intizamın, taktiki gedişlərin üzərində qurulub. De Byazi azərbaycanlı futbolçuları bir anlıq pireneyli sandı, vaxtilə rəhmətlik Torres braziliyalı saydığı kimi. Məntiqlə italyan 1-2% düz düşünmüşdü. Axı söhbət peşəkar futboldan gedir...
Nə biləydi ki, Azərbaycan futbolunda peşəkar sözünün "p"-sıni belə dilə gətirmək qadağandır.
De Byazi ən yaxşı halda 7-8 il öncə öz fəlsəfəsini yığmada tətbiq edə bilərdi. Pis-yaxşı təcrübəli, az-çox bacarığı ilə seçilən futbolçular var idi. Yığmanı finallara kimi daşımaq olardı...
Niyə?
VIII
Məşqçi(lər) düşüncəsi ilə yanaşı dünya futbolunda milli komandalar seçimində iki sistem var. 1- daxili çempionatın güclü, rəqabətədavamlı olması, 2- istedadlı futbolçuların legioner həyatı yaşaması. Güclü futbol ölkələrində bunun vəhdəti də mövcuddur, həm çempionatları üst səviyyədədir, həm də xaricdə çıxış edən oyunçuları kifayət qədərdir.
Azərbaycan çempionatının səviyyəsi orta Avropaya yaxınlaşmışdı. Nə qədər problemlər, çəkişmələr olsa da, çempionatda hər tur 2-3 p.-off, qrup səviyyəsində görüşlər keçirilirdi. Bunun sayəsində klublarımız xəyal görünən davamlı qrup yollarını keçirdi. Bacarıqlı legionerlərin yanında yerli istedadlar da püxtələşirdi və boşalmağa imkan vermirdi.
İddia olunmasın ki, "Qarabağ" indi də o yolu gedir. O dövrün son akkordlarıdır və klubun AFFA ideoloqlarına tabe olmamasının, sponsorların dözümlüyünün, bunun sayəsində məşqçi, futbolçu, idarəçilərin bacarığının nəticəsidir. Tək əldən səs çıxmaz, rəqabətsiz açıq "Bakı birinciliyi"ndə benzin tükənir artıq...
Paradoks olsa da, elə bu gün yığmanın bu hala salınmasının əsas səbəblərindən biri klubların Avropa uğurları, daxili yarışların müstəqilliyi idi.
Əvvəl rahatlıqla "yuxarı"lara raport verilirdi. "Azərbaycanda futbol yoxdur", milli foqtsların olmasına baxmayaraq, ona görə bu gündədir.
Klubların uğurları fonunda federasiya ideoloqlarının özlərinə işləyən sistemi sarsılmışdı. Artıq hər kəs, yuxarı da, futbol ictimaiyyəti də millidən nəticə tələb edirdi. İllərlə aparılan təbliğat mexanizmi fiaskoya uğramışdı. Ya AFFA-dan, futboldan birdəfəlik getməliydilər, ya da ki...
İmkanları, əhatə dairələri çox genişdir. Amansız, dağıdıcı, məhvedici planla hücuma keçildi. Öz potensiallarını gözəl bilirlər, futbolda diletant olsalar da, digər sahələrdə, labirint qurmalarında bacarıqlıdırlar. Vəzifə, maliyyə imkanları da çox yüksəkdir.
2013-cü ildə qərar verildi və İcraiyyə Komitəsində rəsmiləşdirildi: klublar ələ keçirilsin! Sözə qulaq asmayan komandalar dağıdıldı, məhv edildi. Qılınc altından keçməyənlər mənəviyyatsızcasına represiyalarla üzləşdi. Bu gün də davam etməkdədir.
Bu, tək futbola qarşı deyil, xalqa yönələn məqsədli düşmənçilik, milli ruhun sındırılmasıdır. Qəhrəman futbolçularımız, futbolla məşğul olmuş, məşqçilik etmiş Allahverdi Bağırov, Yuri Kovalyov, Albert Aqarunov qarşısında erməni klubunu seçən dizertirlər "yetişdirilir" futbolda artıq...
Azərbaycan futbolunun son məzarı 7 il öncə qazılıb, 99% klublar ələ keçirilib, əlaltılar yerləşdirilib, bilərəkdən bölgə futbolu məhv edilib. Yenidən oxşar, sınanmış ssenari işə düşüb. "Futbolçu yoxdur", "klublar çalışmır",
300 manat maaş ala bilməyən uşaq məşqçiləri "günahkardır"...
Milyonlar ödənilən əcnəbi idman direktorları, uğursuz layihələrə ayrılan vəsaitlər, bu işlərin başında olanlar günahkar deyil. Lüksemburqa 90 dəqiqədə məğlub olunmayıb, illərdir yaradılan futbol piramidasının son "zirvə" nöqtəsidir...
IX
Vaxtilə imkanlı klubların günahı, səhvləri yetərincə idi. Mövsümə 20-30 transfer edənlərə şərait yaradılmışdı. 6-5 limit olduğu kimi, ümumi sifariş vərəqində 9-11 arası legioner limiti tətbiq edilsəydi, AFFA-da rəsmi qeydiyyatdan keçirilsəydi, qanunlaşdırılsaydı, heç bir klub bunu edə bilməzdi, milyonlar havaya, ciblərə axmazdı, külli miqdarda vergidən yayınma halları da baş verməzdi.
Federasiya futbolda qanunverici, tənzimləyici orqandır. Verilən, çıxarılan qərarlar şəxsi maraqlara deyil, ümumi futbola xidmət etməlidir. Müstəqil klublar dağılıb.
İndi kimdir günahkar? Klublar əlaltıların əlində, nəzarətində, xərclənən də dövlət vəsaiti...
"Keşlə" hər 6 aydan bir bir dəstə legioner gətirir, bir o qədərini də yola salır. "Neftçi"sı eyni. Ümumi futbol strategiyası yoxdur. "Sabah", "Zirə" əcnəbiləri əlcək kimi dəyişir, "Sumqayıt" 10 ildi yerli futbolçu "yetişdirir", iranlılara, dağıstanlılara, israillilərə möhtac qalıb. "Torqovı"dakı "dır-dır"dan Essyen "Səbail" yolunu tutur...
AFFA klublara şərait yaradır. Şəraiti federasiya yaratmır, dövlət yaradır, vəsait ayırır. Assosiasiyanın yaratdığı futbol məzarlıqlarıdır. "Bakı"nın 30-35 milyon dollarlıq stadion-bazası Stalinqradın, Hələbin, elə Xocalı, Ağdamın gününə salındı. Möhtəşəm infrastruktura malik "Qəbələ" federasiyanın ögey bölgəsi elan edilib.
Futbol ideoloqları üçün əsas "Mançester Yunayted" məktəbinin çiçəklənməsi idi...
Bölgələrdə yerli icra hakimiyyətlərinin "başları qarışıqdır", bəllidir. Bununla yanaşı heç kim böyük futbola icazəsiz gələ, iddialı klub yarada bilməz. Məhv edərlər. Futbol AFFA-nın idarəçiliyində və monopoliyasındadır. Dövlətdən hazır vəsait gəlir. İmkanlılar yaradılmış klan futbol sisteminə baş ağrısıdır.
Vəzifədən sui istifadə, dövlət vəsaitinin mənimsənilməsi, israfi cinayət məsuliyyəti daşıyır. Mənəvi olaraq sağlam genefondun məhv edilməsi, yeni nəslin yetişməməsi isə birbaşa xalqa qarşı düşmənçilikdir. Bunun acısını Azərbaycan futbolu 10 illərlə çəkəcək.
X
Qayıdaq 90 dəqiqəlik "əsərə". De Byazi kimi təcrübə sahibi qısa vaxtda özünü itirdisə, "fəlsəfəyə uyğun futbolçular, futbolçulara uyğun oyun" aksiomasını bir anda unutdusa, deməli italyanın özünün psixoloji köməyə ehtiyacı var. Ona görə də futbolçular baş məşqçinin avtoritetini hiss etmədilər və meydanda istədikləri kimi davrandılar...
Lüksemburq yuxuda da belə "hədiyyə"ni gözləməzdi. Özlərini meydanda Braziliya millisi kimi hiss edirdilər. Oyundan öncə rəqib baş məşqçi bildirirdi: "Favorit Azərbaycandır". Bu, "blef", aldadıcı yastıq əməliyyatı deyildi, həqiqəti deyirdi. Oyundan öncə heç-heçəyə iki əlli razı olardı...
De Byazi Almeydanı kənarda qoymaqla, Emin Mahmudovdan istifadə etməməklə, yaradıcılığı dağıdıcılığa qurban verməklə oyunun taleyini düşüncə olaraq öncədən həll etmiş oldu. Orta sahədə yaradıcı futbolçuların olmaya-olmaya xətlərarası əlaqə, sağ-sol necə nizamlana, vahid mexanizmə çevrilə bilər? Vur qabağa ilə? Azərbaycan futbolu "vur qabağalıq" heç vaxt olmayıb...
İtalyan vurğulayır ki, futbolçulara arxaya oynamağı tapşırmamışdım. Önə necə oynasınlar? Kiminlə? Meydanda lider, yaradıcı futbolçu(lar) yox, sağ-sol, öndəkilər topsuz qalır, Qara, Camal dağıdıcı, köməkçi futbolçulardı, Anton sol ayaqlı olsa da, keyfiyyətləri solluq deyil...
Müdafiənin mərkəzində nizamlayıcı, idarəedici futbolçu yox, Mahir komandanı arxasınca aparacaq biri deyil, Şeydayevin asılılığı var. "Fantastik" dəyişikliklər, Ramilin meydançanı tərk edə-edə mimika etirazı da öz yerində...
İtalyan intizamı, taktiki anlayışı azərbaycanlı futbolçulara yad olan bir fəlsəfədir.
Ümumi taktiki-texniki axsaqlıq qarşılığında məşqçi öz beynini meydanda həyata keçirə bilər? Əksər futbolçuların ustalıq səviyyəsi yüksək deyil. Belə durumda taktiki yanlışlıqlar yığma/komandanın potensialını daha da biabırçı həddə endirir.
Mental dəyərlər... De Byazi şikayət edir. Təcrübəli mütəxəssis nə qədər tez dərk eləsə, bir o qədər faydalıdır. Futbolçuların mentallıq durumunun yüksəlməsi üçün ilk öncə futbol cavabdehlərinin mental baxışları, dəyərləri dəyişdirilməlidir. Məğlub psixologiyanı qalib psixologiyaya çevirmək ilk olaraq başlardan keçir...
"Qırmızı", "avtoqol", oyunsonrası gülüşlər... Məsuliyyətsizliyə yer olmamalıdır. Oyun isə ilk saniyələrdən uduzulmuşdu və heç bir ümid vermirdi. Ümid bir Emil Balayevə idi, o da daha acınacaqlı,alçaldıcı məğlubiyyətdən yığmanı ilk dəqiqələrdən xilas etdi.
De Byazi "soyuq duşdan" sonra çox düşünməlidir. İtaliya kimi futbol ölkəsi Rossini türmədən çıxardıb dünya çempionatına apardı. İtaliyada futbolçu yox idi? Azərbaycan futbolu artıq o dərəcədə çökdürülüb ki, həqiqətən keyfiyyətli futbolçular yox dərəcəsindədir., Olanlar da "Bakı birinciliyi"ndə "artırıb", yadırğayıb, yatıb qalıb.
XI
Əsl general(lar) polad cüssəli olur. Əsgəri qabağa verib özləri qaçıb gizlənmir. Ölümə gedir, günah keçisi axtarmır. Baş qərargahı, generalları zəif, qorxaq, məğlub psixologiyası ilə yoğrulan orduda nə intizam olar, nə məsuliyyət, nə də qələbə. Ancaq rəzil gününə qala bilər. Necə ki, qaldı...
Ağacın kökü xarabdısa, qol-budağın asıb-kəsilməsi, doğranması fayda verməz. Yeni, bar, bol məhsul verən ağac əkilər, qol-budağı budanar, şaxələnər. Keyfiyyətli ağaclar onilliklərlə, əsrlərlə yaşayır, qol-qanad açır, ətrafa təravət saçır. Xarab ağaca heç calaq da kömək etməz!
Azərbaycan futbolunun xilas yolu birdir və ancaq ən ali səviyyədə qəti söz, qərar, tövsiyyələrlə həll edilə bilər. Azərbaycan layiq olduğu futbolu, daha artığını görmək istəyir. Bunun üçün hər cür şərait yaradılıb. Qəti isilahatlarla dönüş yaradılarsa, futbolda xalqla dövlətin birbaşa vəhdəti təmin edilər...
Allah amanında....
Tahir Süleymanov