Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 10-dan ölkə ərazisində açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verilib.

 

Rekord.az xəbər verir ki, bu qərardan sonra elita təmsilçiləri toplanış üçün daha Qəbələyə yollanmağa ehtiyac görmədi və hazırlığı Bakıda davam etdirməyi lazım bildi.

 

Premyer-liqa komandaları məşqləri bərpa etdiyi üçün məntiqlə birinci divizionda çıxış edənlər də hazırlığa başlaya bilərlər. Çünki qərar bütün ölkəni əhatə edir. Məlumat üçün bildirək ki, bizə çatan bilgiyə görə, PFL aşağı dəstədə yeni mövsümə sentyabrın 20-də start verməyi düşünür.


Məsələ ilə bağlı PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla danışmağı lazım bildik. Elgiz bəy çempionatın startı ilə bağlı söylənilənləri qismən də olsa, təsdiqlədi: “Bəli, aşağı dəstədə yeni mövsümə sentyabrın 20-dən sonra start verməyi düşünürük. Amma dəqiq tarix demək üçün hələ tezdi. Bununla bağlı əlavə məlumat veriləcək. İştirakçıların sayı ilə bağlı danışarkən deməliyəm ki, artıq klublara sorğu göndərilib. Cavab məktubları gəlməkdədi. Yəqin ki, çox qısa zamanda ümumi sayla bağlı danışa biləcəyik". ("Futbol plus")