"Niyə Sumqayıtın yeni stadionunda “Sumqayıt”ın matçına azarkeş az gəlir?"

Gündəmin sualı budu. Hətta o qədər böyük gündəmdi ki, Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedişi belə bunun kölgəsində qaldı.

Niyə gəlmirlər? Əvvəla, gəlirlər, amma yenə də verilən suala azı 20 cavabım var. Cavab deyəndə ki, bu cavablar jurnalistin yox, bir sumqayıtlının cavabı da sayıla bilər. Amma yenə də həm jurnalist, həm də bir sumqayıtlı olaraq bəzilərini seçib yazacam ki, həqiqət payı çox olsun.

 

Mövzuya keçməmişdən qabaq dünənki oyunsonrası mətbuat konfransında sumqayıtlı Samir Abasovun narazı açıqlamasını oxuyaq: “Bu gün Sumqayıtda fan-klub üzvlərindən başqa heç bir azarkeşin ixtiyarı yoxdur desin ki, niyə "Kəpəz"ə uduzdun? Bu ixtiyarın sahibi olmaq üçün gəlib komandanı dəstəkləmək lazımdır”.

 

Əvvəla, bu açıqlamanı Adil Şükürovun komandasına bütün aspektlərdə, sırf oyunla məğlubiyyəti ört-basdır etmək cəhdi kimi qiymətləndirirəm. Ancaq lap məqsədin bu olmadığını qəbul etsək belə, sırf ilk baxışdan düz cümlə kimi qəbul edə bilərik. Hə, təbii ki, azarkeşlik eləmədiyin, yanında olmadığın komandaya ciddi şəkildə “niyə uduzdun” sualını verə bilməz, soğru-sual edə bilməzsən. Amma Samir bəy səhvə yol verir. Çünki əvvəla burda mövzu başqadı, oyuna da təxminən 2 min azarkeş gəlmişdi, bu da az deyil. Abasov bəzi şeyləri səhv bilir, səhv düşünür. O və digərləri – qeyri-sumqayıtlılar da. Nələri? Bu şəhərdə böyümüş bir jurnalist olaraq yazım, bilinsin.

 

1. “Sumqayıt” hələ Sumqayıtın doğma klubu deyil.

Təəccübləndiz? Düz elədiz.

Şəhərin klubu o şəhərdə futbolun inkişafına dəstək verən, yerli uşaqları ən yüksək səviyyəyə qaldıran, qalxmasına təkan verən klubdu. “Sumqayıt” bu işin öhdəsindən gəli(b)rmi?

Klub yaranandan bəri yerli futbolçulardan kimi yığma səviyyəsinə qaldırıb? Xəyal Nəcəfov kimi əvəzetmədən oyuna çıxan yox, birbaşa əsas heyət oyunçusu olan oyunçunu nəzərdə tuturam. Uzaqbaşı Bəxtiyar Həsənalızadənin adını çəkmək olar, o da müzakirə mövzusudu. O, kluba gələndə 19 yaşında idi, milliyə də əsas heyətə Sumqayıtdan gedəndən sonra düşməyə başlayıb. Bu qədər. Başqası yoxdu. Əvəzində klubun heyətində Qvanzav Maqomedovdan Əli Qurbaniyə, Pərdis-Fərcad Azaddan Andrey Popoviçə, Oro Turedən tutmuş Abu Dossoya qədər at oynadıb(r)lar. Klubun da kapitanı uzun illər tovuzlu Vurğun Hüseynov olub. Bu klub “şəhərin tək komandası”dısa (ümumiyyətlə bu şüar qrammatik cəhətdən səhvdi, məncə burda tək yox, yeganə sözü işlənməlidi), hanı o şəhəri tək bir oyunçusu ki, heç olmasa ona görə camaat tribunaları doldursun?

Şəhərdə stadiona 7-8 min azarkeşin gəldiyi vaxtda meydanda həmin Samir kimi Azərbaycan səviyyəsində ən yaxşılardan sayılan sumqayıtlılar top qovurdular. Yadımdadı, Abasovun hazırkı köməkçisi Seymur Rəhimov bizim qonşu məhlədə qalırdı, azı 50 nəfər ona görə tribunada yerini alırdı, içində də mən. Sırf birlikdə 3 nömrəli orta məktəbin komandasında oynamaq (mən əbədi ehtiyat, o əbədi əsas heyət oyunçusu da olsaq) şansım olmuş Mahir Şükürova görə azı 100-150 nəfər oyun günü yolunu stadiondan salardı. Kamal Quliyev, Namiq “Pele” Əliyev, İsmayıl Məmmədov… Nümunə və misallar çoxdu. Yəni həmin vaxtlarda klub həqiqətən şəhərin komandası olurdu, camaat da, ona görə futbola gəlirdi. İndi kimə görə gəlsinlər? Limit olmasa heyəti ancaq televizorda görəcək Abdullazadəyə görə?

 

2. Hanı legionerlər?

Yaxşı, yerli oyunçu yoxdu, yetişmir, bunu başa düşdük. Zatən Sumqayıtda olmasın, ümumiyyətlə ölkənin heç bir yerində normal futbolçu yetişmir, millisinin əsas heyətindəki 11 nəfərdən uzağı 3-4-ü Azərbaycan futbol məktəbinin yetirməsi olur, qalanının “şkola”sının “materialı” əcnəbi mənşəlidi. Belə olan halda, camaat futbola kimə görə gəlməlidi? Bəli, yaxşı legioner futbolçulara görə. Bir az güclü məşq eləsəm, Manteka və Mossidən çox xeyir verərəm komandaya. Gəlmirlər, gətirə bilmirsiz, bu artıq azarkeşin problemi deyil.

 

3. Sırf adına görə?

Yuxarıda danışdıq bu barədə, amma “şəhərimizin adıdı” cümləsini də eşidə bilərik. Ona görə bu məsələyə də toxunum. I Liqada “İrəvan” oynayır. Oyunlarına orta hesabla 6 azarkeş gəlir, o da klub rəhbərliyinin borcu olduğu adamlardı, siyahı da hər dəfə yenilənir. Niyə minlərlə qərbi azərbaycanlı stadionda yoxdu? Elə həmin liqada “Zaqatala”nın ictimai hay-küyündən qulaq tutulsa da, tribunaya orta hesabla 130 nəfər gəlir. II Liqada Ağdaşın ilk turdakı matçına 700 nəfər gəlmişdi, 12-ci turda 80 nəfər “səs eləyirdi”. “Cəbrayıl”, “Füzuli”nin də adını çəkib siyahını uzada bilərik. Klubun adı yox, tarixi, ortaya qoyduğu iş, nəticə, nümayiş etdirdiyi futbol vacibdi. Bir çox digər faktorlar da həmçinin. Ada qalsa, Sumqayıtın təmsilçisinin adı “Xəzər” olanda ən yaxşı nəticələrini qazanmışdı. Premyer-Liqada “Kəpəz” və “Turan” istisna kimi nümunə göstərilə bilər, yaxşı da nümunə olar, amma o da tam deyil. Bu klublar uzun fasilədən sonra elitaya gəliblər, başlarına hər cür iş gəlib, ona görə belə demək olarsa, hələ “hasret giderirlər”. Arada Tovuzda da statusundan asılı olaraq oyuna stadionun dörddə biri qədər adam gəlir.

 

4. Fan-klub?

Fan-klubu misal gətirməyək də. Sonuncu dəfə baş məşqçidən, oyunçulardan, rəhbərlikdən, bir sözlə bu işə aidiyyatı olan heç bir kəsdən - komanda sonuncu yeri tutsa belə - bir dəfə də olsun narazılığını bildirməyən, yalandan da olsa “istefa” qışqırmayan, tənbeh etməyən, açıq şəkildə “pult”u klubun əlində olan, yaş ortalaması 11 olan qrupa fanat demək bir az ağır olur e, müəllim. Aziz Yıldırım demiş, “beni konuşdurmayın”. Cümlənin sonuna gülüş işarəsi qoyub keçirəm sonrakı abzasa.

 

5. Oyun vaxtı

“Kəpəz”lə matç cümə günü 19:00-a təyin olunmuşdu. Həmin vaxt şəhərin futbolsevərlərinin 99 faizi ya Bakı-Sumqayıt yolunda probkada idi, ya da “20 yanvar”da “Bravo”nun yanında “manatlıq” və ya sui-istifadəçi “manatyarım”lıq nəqliyyat gözləyirdilər. O nəqliyyat gələndə də evinə vaxtında çatmaq üçün ona elə hücum çəkməyə məcbur olurlar ki, həmin “pressinq”ə Qvardiola da həsəd aparar. Hər gün Bakıda saat 18-də işdən çıxan sumqayıtlı evinə 21-də çatanda ağlına gələn ilk fikir stadionda top qovan ayaqlar yox, öz, yorulmuş ayaqları olur. Yəni çox da şey eləməyək.  

 

6. Təbliğat.

Klub təbliğat aparmalıdı. Demirəm ki, işləmirlər. Elan, afişaları bir-iki yerdə görmüşəm, reklam edirlər, çalışırlar. Əməklərini yerə vurmaq istəmirəm, amma bu yetərli deyil. Sumqayıtda 600 min əhali var. Sizi əmin edə bilərəm ki, onların heç 95 faizinin həmin matçdan, tarixi, yeri, saatı, digər detallarından xəbəri yoxdu. Böyük bir layihə lazımdı, ona da təbii ki pul. Desəz ki, pul yoxdu, qəbul edəcəm. Amma heç olmasa reklama xərcləyə bilmədiyiniz pula heyətə normal futbolçu cəlb edin. Abasov hər dəfə meydanda bir problem çıxanda dönüb ehtiyat oyunçular skamyasına baxır və ümidsiz şəkildə başını təzədən meydana çevirməli olur. Ya o olmalıdı, ya da bu.

 

7. Futbol sevgisi.

Bu tək Sumqayıtın yox, ümumi ölkə futbolunun problemidi. Camaat heç “Qarabağ”ın ev oyunlarına gəlmir, dirəşmişik ki, yox e, buna da gəlin. Gəlmirlər də, qardaş. “Neftçi” Bakıda şəhərin ortasında oynayır, “min il” də tarixi var, nəticələri var, kubokları, adı-sanı var, amma camaat gəlmir izləməyə. Elə stadiona bitişik binaların sakinlərinin bir hissəsi gəlsə, “Neftçi Arena”da ağız dediyini qulaq eşitməz.

Gəlmirlər, amma Sumqayıta gələcək. Çünki bu şəhərdə futbolu bilir, sevirlər. Amma hər şey bu qədər asan deyil, vaxt lazımdı. Samir Abasov da belə açıqlamlarla strateji səhvlərə yol verir. Nə olmalıdı idi? Stadion açılan kimi minlərlə adamın arenaya axışmalı, tribunalarda iynə düşəcək yer olmalı idi? Absurddu. Ortada heç normal futbol da yoxdu. Nə yaman, nə dəhşətli futbol nümayiş etdirilib ki, nə oyun oynanılıb ki, camaat işini qoyub onun dalınca stadiona getsin? Yuxarıda da qeyd etdik ki, Sumqayıt camaatı futbolu sevir və bilir. Ortada yaxşı futbol olsaydı, iş-gücünü atıb stadiona gələrdilər. Gəlmirlərsə, deməli səbəbi var. Amma gələcəklər. Buna şübhəm yoxdu. Yavaş-yavaş elə bir duruma gəlinəcək ki, 9 minlik arena az görünəcək, yeni, daha böyük stadion tikmək gərəkəcək.  

 

Kənan Məstəliyev