Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.

Rekord.az xəbər verir ki, qitə birinciliyində öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabıyla qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Əliabbas yarımfinalda gürcü Beka Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Əliabbas həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşacaq.  

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Onun titul yolunda son rəqibi yerli publikanın sevimlisi (İsmayıl Musikayev (Macarıstan) olacaq.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcüstanlı Zurabi Yakobişviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Bayramov son saniyələrdə qələbəni əldən verib - 3:4. Zirəddin bürünc medal uğrunda mübarizə aparacaq.   

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Əşrəfin növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olub. Görüşə Gürcüstan təmsilçisi daha yaxşı başlayıb və 4 xalla irəli çıxıb. Ancaq əsl əzmkarlıq nümayiş etdirən Aşırov təşəbbüsə yiyələnərək qazandığı ardıcıl xallarla hesabı lehinə dəyişib. Sonadək üstünlüyü əldən verməyən Əşrəf finala vəsiqə qazanıb. Həmyerlimiz qızıl medal uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək. 

Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz 1/4 finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 6:4 hesabıyla məğlub edən Maqomedxan Avropa çempionatının finalına yüksələn 4-cü güləşçimiz olub. Millimizin üzvü finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.  

Qeyd edək ki, final görüşləri martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.