Ötən mövsümün sonlarında çoxları 2021/22 “futbol ili”ndə premyer-liqada say artımının olacağını, elitada 10 komandanın çıxış edəcəyini düşünürdü.

Təəssüf ki, söylənilənlər doğrulmadı, azarkeşlər minimum daha bir mövsüm 8 komandalı çempionatı izləmək məcburiyyətində qalacaq. Ancaq böyük ehtimalla 2022/23 mövsümündən elitada komanda sayı artırılacaq. Redaksiyamıza bununla bağlı ilginc məlumat daxil olub. AFFA-ya yaxın mənbədən bizə ötürülən bilgiyə əsasən, say artımı ölkədə fəaliyyətə başlayacaq yeni şirkətin hesabına olacaq. Hansı şirkətin?

Bildiyiniz kimi, bu ilin əvvəlində ölkə başçısı “Azərlotereya” dövlət lotereya şirkətinin “Dəmirörən Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsinə dair sərəncam imzalayıb. Onu da qeyd edək ki, açıq mənbələrdəki məlumatlara əsasən, “YMT Sans B.V.” şirkəti 2020-ci ildə Niderlandın Ticarət-Sənaye Palatasında 81097719 nömrə ilə qeydiyyata alınıb.

Məsələ ilə bağlı mətbuata açılqlama verən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan Türkiyə şirkətinin idarəetməsinə verilir. Nazir onu da vurğulayıb ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda, müqavilə müddətinin daha 5 il uzadılması mümkündü:
 

“Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektivliyini artırmağa çalışır”.



Mənbəmizin sözlərinə görə, sözügedən şirkət lotereya bazarına nəzərət etməklə yanaşı, ölkədə ilk və yeganə bukmeker kontoru olan “Topaz”a alternativ yeni mərc kontoru yarada bilər. Ancaq bir şərtlə ki, ölkə futboluna yatırım etsin. Türkiyə şirkətinin rəhbərliyi də irəli sürülən şərtlərlə razılaşıb. 2022-ci ildən premyer-liqaya sponsorluq etmək fikrinə düşən “YMT Sans B.V.” şirkəti ilk növbədə elita təmsilçilərinin sayını artırmağı və hər kluba 2 milyon dollar ayırmağı düşünür. Və artıq bu yöndə yuxarı instansiyalarla razılıq əldə olunub. Bundan başqa, Niderland Ticarət-Sənaye Palatasında qeydiyatdan keçən şirkət divizion klublarına da maliyyə ayıracaq. Mənbəmiz onu da bildirdi ki, plana əsasən 2023/24 “futbol ili”ndə premyer-liqada mübarizə aparanların sayı bir qədər də artıb 12 olmalıdı. Bu layihənin önəmli tərəfi ondan ibarətdi ki, hakimiyyət futbol təsərrüfatını SOCAR-dan ayırmaq, Rövnəq Abdullayevin prezidenti olduğu qurumun maliyyə yükünü azaltmaq niyyətindədi. Mikayıl Cabbarovun “dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektivliyini artırmağa çalışır” fikrinin arxasında da məhz bu məqam durur. ("Futbol plus")