“Azərbaycan” qəzeti Konfrans Liqasında mübarizə aparan “Neftçi“ və “Qarabağ“ın çıxışı barədə məqalə çap edib.

Yazı müəllifi Elçin Cəfərov Qurban Qurbanovun komandasnın növbəti dəfə Azərbaycan futbolunun imicini qorumasına diqqət çəkib.

Dəyərli həmkarımız eyni zamanda, ictimaiyyətə böyük məyusluq yaşadan “ağ-qaralar“ın ünvanına tənqidi ifadələr işlədib.

Rekord.az həmin məqaləni təqdim edir:

Avqustun 26-sı Azərbaycan futbolu adına əlamətdar gün kimi düşə bilərdi. İlk dəfə yaradılan UEFA Konfrans Liqasının qrup mərhələsinə təmsilçilərimiz “Qarabağ” və “Neftçi” qatılmaqla bir ilki gerçəkləşdirmək imkanına malik idilər. Düzdür, Ağdam klubu bu vəzifənin öhdəsindən layiqincə gəldi. Amma paytaxt komandası azarkeşlərin arzusunu ürəyində qoydu. Ötən mövsüm Azərbaycan Premyer Liqasını ikinci yerdə başa vuran, ardıcıl 8 mövsüm “Qarabağ”ı avrokuboklarda qrup yarışlarınacan yüksəldən, ölkə futboluna indiyədək qismət olmayanı bəxş edən Qurban Qurbanov yenə də Ağdam klubunu beynəlxalq turnirin növbəti mərhələsinə çıxardı.

Şotlandiyanın “Aberdin” klubunu səfərdə 3:1 hesabı ilə məğlub edərək Konfrans Liqasında qrup mərhələsinə yüksələn ağdamlıların son dəqiqəyədək əzmlə mübarizə apardığını, oyunun gedişatını dəyişmək üçün əllərindən gələni etdiyinin şahidi olduq.

Lakin son çempion “Neftçi” barəsində bunu deyə bilmərik. Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Bakıda İsrailin “Makkabi”(Hayfa) komandası ilə heç-heçə (3:3) oynayan “ağ-qaralar” səfərdə sözün birbaşa mənasında məğlub yox, rüsvay oldular - 4:0. Qarşılaşma boyu normal bir hücum qura bilməyən komandamızda məşqçi işinin də heç normal olmadığını gördük. Samir Abasovun komandası topla yox, azarkeşlərin əsəbləri ilə oynadı.

Yaradılan şəraitə baxmayaraq, zaman keçdikcə “Neftçi”nin geriyə getdiyini görürük. Bilirik ki, futbolda həmişə qalib gəlmək mümkün deyil. Komandalardan birinin uduzmağı labüddür. Onu da bilirik ki, “Makkabi” güclü komandadır. Amma “Neftçi” bu komandaya zəif olduğuna görə uduzmadı. Elə bil özü udmaq istəmirdi. 4 qol buraxmağı və normal bir hücum təşkil edə bilməməyi özgə necə qiymətləndirmək olar?!

Qısası, “Makkabi” ilə hər iki görüşdə “Neftçi”nin belə məsul bir oyuna hazır olmadığı, hətta məşqçinin öz dəyişikliklərində və oyunçulara verdiyi tapşırıqlarda futbolçuları qələbəyə kökləyə bilmədiyi açıq-aşkar göründü. Qarşılaşmadan öncə də qeyd etdiyimiz kimi, sanki ümid oyuna yox, möcüzəyə idi. Əlbəttə, məğlubiyyəti təkcə komandanın mövsümə yaxşı hazırlaşmaması ilə əsaslandırmaq diletantlıq olardı. Əsas səbəb daha dərindir. Bu, ilk növbədə, düzgün olmayan transfer siyasətinin nəticəsidir. Hücum xətlərində zəif nöqtələrin gücləndirilməməsi bu iki qarşılaşmada aşıq-aşkar göründü.

Ən acınacaqlı məqamlardan biri də “Neftçi” kimi ölkənin ən titullu komandasının oyuna cəmi 3 yerli və 8 legioner (?!) futbolçu ilə çıxmasıdır. Müqayisə üçün xatırladaq ki, “Qarabağ” son matça 7 yerli oyunçu ilə çıxmışdı. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

Komandaya istənilən sayda yaxşı legioner futbolçu transfer etmək olar. Puluna minnət... Lakin elə məsələlər var ki, dəyəri pulla ölçülmür. Vətənpərvərliyi, komandaya sevgini və məsuliyyət hissini tərbiyə etmək lazımdır! Yenidən “Qarabağ”ın qələbəsinə qayıdaq. Heç bir azərbaycanlı futbol azarkeşi “Qarabağ”ın bu turnirdə qrupu adlayaraq yekunda turnirin kubokunu başı üzərinə qaldıracağını düşünmür. Ancaq UEFA Çempionlar və Avropa liqalarından fərqli olaraq bu turnirdə rəqiblər komandamızın “dişi”nə uyğundur. Ona görə də gəlin nikbin olaq.

Uğurlar, “Qarabağ”!