Matias Zammer XX əsrin sonlarında Almaniya futbolunun yetişdirdiyi ən güclü futboçularından biri olub. O, Frants Bekkenbauer və Andreas Breme kimi futbolçulardan sonra Bundestimin əvəzedilməz arxa xətt oyunçularından birinə çevrilməyi bacarmışdı. Onda müdafiəçi üçün lazım olan bütün keyfiyyətlər var idi. Dözümlülük, oyunu oxuma qabliyyəti, əla mövqe seçimi, rəqibi vaxtında qarşılamaq, hücumu qurmaq və onun təşkilində birbaşa iştirak etmək. Məhz Zammerin simasında alman azarkeşlər Bekkenbaure və Bremeden sonra Bundestimdə onları layiqincə əvəz edəcək və yollarını davam etdirəcək yeni mərkəz müdafiəçisinin yetişdiyinin şahidi oldular. Bir sözlə, Breme Bekkenbauerin, Zammer isə Bremenin yolunu layiqincə davam etdirdi.

Karyerası ərzində sarışın oğlanın heç də pis titullar qazanmadığının şahidi olarıq. Düzdür, ona dünya çempionu olmaq qismət olmadı. Amma əvəzində Avropa çempionu, Almaniya çempionu və Çempionlar Liqasının qalibi adını qazana bildi. Karyerasının ən uğurlu dövrü 1996-97-ci illər, ən uğursuz dönəmi isə 1998-ci il oldu. Futbolçunun milli və klub karyerası haqqında bir qədər sonra daha ətraflı məlumat verəcəyik. Ancaq öncə gəlin onu daha yaxından tanıyaq və görək kimdir bu Matias Zammer

 Matias Zammer 5 sentyabr 1967-ci ildə o vaxtkı Almaniya Demokratik Respublikasının Drezden şəhərində anadan olub. Hər kəs bilir ki II dünya müharibəsindən sonra Almaniya iki hissəyə parçalanmış, bir hissə kapitalizmə meylli inkişaf yolu tutan, paytaxtı Bonn olan Almaniya Federativ Respublikası (AFR), digər hissə isə sosializm yolu tutan, paytaxtı Berlin olan Almaniya Demokratik Respublikası (ADR) olmuşdur. Yalnız 1990-ci ildə məşhur “Berlin  divarı”nın sökülməsilə ilə ADR-la AFR birləşmiş və hazırkı vahid Almaniya olmuşdular. Daha doğrusu II dünya müharibəsindən əvvəlki birliklərini bərpa etmişdilər. Ancaq Zammer futbola başlayanda hələ Almaniya vahid deyild və o, ADR –da karyerasına başladı. Özü də ilk gündən mərkəz müdafiəçisi kimi. Düzdür, Avropada uşaq yaşlarından futbolçunu ampuaya bölmürlər. Ancaq tədricən Zammer özü də başa düşdü ki, o öz potensialını məhz mərkəz müdafiəçisi kimi ortaya qoya bilər. Matiasın ilk peşəkar klubu yerli Drezdenin “Dinamo” klubu olub. Bu klub o vaxt ADR-ın ən güclü klubu hesab olunurdu və Avropada da müəyyən qədər uğurlu çıxışı ilə seçilirdi. Zammer bu klubla ilk peşəkar müqaviləsini 1985-ci ildə, yəni 18 yaşı tamam olan kimi bağladı.

Həmin ildən də “Dinamo”nun əsas komandasında çıxış etməyə başladı. İlk günlərdən orta xəttdə öz əzmkarlığı, texnikalı oyunu və soyuqqanlılığı ilə seçilən qəhrəmanımız qısa zamanda komandanın əvəzedilməz simalarından birinə çevrilməyi bacardı. Bir il sonra isə ADR millisinə dəvət aldı və orada da yavaş-yavaş möhkəmlənməyə başladı. Futbolçunun istedadını bir kəlmə ilə belə ifadə edək ki, o 1990-ci ilə qədər həm klubunda, həm də milli komandada əvəzolunmaz futbolçulardan biri oldu. “Dinamo” ilə 1988-89 və 1989-90-ci il mövsümündə ölkə çempionluğunu qazandı. Bundan başqa 1989-90-cı il mövsümündə Federasiya Kubokunu da başı üzərinə qaldırdı. ADR-la AFR-ın birləşməsindən sonra, “Ştutqart”a keçən Zammer bununla da Qərbi Almaniyadan Şərqi Almaniyaya transfer olunan ilk futbolçu kimi tarixə düşdü.

Matias uğurlu çıxışını o vaxt Kristof Daumun baş məşqçisi olduğu “Ştutqart”da da davam etdirdi. Bu klubun heyətində iki mövsümə üst-üstə 63 matç keçirən müdafiəçis 20 qola imza atdı. Və elə o vaxtdan Zammerin müdafiəçi olmasına baxmayaraq, həm də qol vuram bacarlığının olması da üzə çıxdı. Belə ki, mərkəz müdafiəçisi olmasına baxmayaraq, bəzən irəli çıxaraq hücumların qurulmasında iştirak edən qəhrəmanımız qol vurmağı pis bacarmadığını da sübut etmiş oldu. Məhz bu səbəbdən sonradan onu həm də dayaq yarımmüdafiəçisi kimi oynatmağa başladılar. 1991-92-ci il futbol mövsümü Zammer üçün uğurlu oldu və o, karyerasında ilk dəfə vahid Almaniya çempuionluğunu yaşadı. Artıq möhtəşəm oyunu ilə Avropanın da adlı sanlı klublarının diqqətini çəkən müdafiəçi “Ştutqart”la Almaniya çempionluğunun ardından İtaliyaya transfer olundu və karyerasını “İnter”də davam etdirməyə başladı. Ancaq vətəndən fərqli olaraq, 25 yaşlı futbolçunun legioner həyatı uğurlum alınmadı. Belə ki, “İnter”in heyətində bir mövsümə 11 matçda forma geyinən Zammer 4 qola imza atdı.

Düzdür, qol baxımından müdafiəçi üçün bu, heç də pis göstərici sayıla bilməz. Ancaq 11 oyun o demək idi ki Matias stabil oynamaq şansı qazanmadı. Odur ki, qısa İtaliya macərasının ardından yenidən Almaniyaya qayıdan futbolçu Dortmund “Borussiya”sına keçdi. Məhz bu klub futbolçunun karyerasnda pik nöqtə olur. Belə ki, Dortmund klubunda o, tək mərkəz müdafiəçisi kimi yox, həm də dayaq yarımmüdafiəçisi, hətta bəzən lazım olanda mərkəz yarımmüdafiəçisi kimi də oynamağa başladı. “Borussiya”da olduqca möhtəşəm karyera quran futbolçu qısa zamanda komandanın liderinə çevrildi və eyni zamanda ard-arda iki dəfə Almaniya çempionluğunu bayram etdi. Bu 1994-95 və 1995-96-cı illərə təsadüf edirdi. Bu uğurların qazanılmasında isə komandanın lideri kimi məhz Zammerin xüsusi əməyi var idi. Təsadüfi deyil ki, 1996-cı ildə ilin futbolçusu adına məhz o, layiq görüldü.

Amma onu da deyək ki, bu uğuru bütünlüklə onun klub karyerasının ayağına yazmaq doğru olmazdı. Çünki həmin il futbolçunun milli karyerası da möhtəşəm alındı. Belə ki, Zammerin də aparıcı futbolçularından olduğu Almaniya milli komandası 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qızıl medallarını qazandı. Matias həmin vaxt Bundestimin baş məşqçisi olan, Azərbaycan millisinin hazırkı baş məşqçisi Berti Foqtsun ən çox güvəndiyi və əvəzedilməz hesab etdiyi tək-tük futbolçulardan biri idi.

Belə ki, Zammer həmin çempionatı həddindən artıq yüksək səviyyədə kçeirərək komandasının əsl lideri olduğunu sübut etdi. Məhz ən çətin anlarda o komandasını arxasınca apara bilirdi. Məsələn, Ruysiya millisi ilə qrup matçının 56-cı dəqiqəsinə kimi işlər qaydasında getmirdi. Ruslar nəinki inadla müqavimət göstərirdilər, hətta ani əks hücumlarla 2 dəfə hesabı açmaq üçün real şans da əldə etmişdilər. Məhz 56-cı dəqiqədə liderlik məsuiliyyətini üzərinə götürərək irəli çıxan Zammer hesabı açır. Bundan sonra “boşalan” ruslara daha iki qol vuran almanlar 3:0-lıq qələbəyə imza atırlar. Komandanın yarımfinala çıxmasında da birbaşa Zammerin rolu olur. Belə ki, Xorvatiya ilə ¼ final qarşılaşmasında hesab 1:1 olarkən Matias yenə hücuma qoşulur və künc zərbəsindən sonra müdafiəçiləri qabaqlayaraq qələbə topunu xorvatların qapısına vurur, bununla da Almanya millisi yarımfinala vəsiqə qazanır. Futbolçunun bütün bu göstəriciləri Avropada da cavabsız qalmır və o, 1996-cı ildə Almaniyanın ardından Avropada da ilin futbolçusu seçilir.

Həmin vaxt isə bu titul uzun müddət idi ki arxa xətt oyunçularına qismət olmurdu.1997-ci il də qəhrəmanımız üçün uğurlu olur. Bu dəfə Zammer kolleksiyasına Çempionlar Liqasının kubokunu əlavə etdi. Özü də onun komandası finalda o vaxtın məğlubedilməz komandası olan “Yuventus”u  inamlı hesabla məğlub etdi-3:1. Bir sözlə, hər şey əla gedirdi və Almaniyada böyük əksəriyyət Zammer və onun dostlarının 1998-ci il dünya çempuionluğunu da qazanacağına ümid bəsləyird. Futbolçu isə şəxsi muzeyunə dünya çempionatının qızıl medallarını da qatmaq üçün səbirsizliklə 1998-ci ili gözləməyə başladı. Amma...Hər ey bir anın içində alt-üst oldu. 1998-ci il həqiqətən də Zammer üçün kabus kimi gəldi.

Belə ki, il yenicə başlamışdı ki, futbolçu dizindən zədə aldı. Öncə zədənin tezliklə keçib gedəcəyi gözlənilsə də hər şey daha pis olmağa başladı. Artıq mart ayı çıxmaq üzrə olsa da Matias hələ də yaşıl meydançalara qayıda bilmirdi. O vaxtı buna başqa məna verənlər də oldu. Bir ara belə söhbət yayıldı ki, Zammerin heç bir zədəsi yoxdur, sadəcə o “qızıl ayaqlarını” mundial üçün qoruyur. Lakin hadisələrin sonrakı gedişatı əsl həqiqəti üzə çıxartdı. Zammerin diz qapağındakı zədə ciddidir və o, Fransadakı mundiala yollana bilməyəcək. Bir qədər sonra isə o da məlum oldu ki, futbolçu ümiyyətlə futbolla birdəfəlik vidalaşır.

Bəli, həyatın işi həqiqətən də çox qəribədir. Bir il öncə dünyanın ən güclü müdafiəçilərindən biri statusunu daşıyan, ard-arda Almaniya və Avropa çempionluğunun ardından Çempionlar Liqasının da qalibi olan, ardında dünya çempionluğunu qazanmanın xəyallaını quran Zammer anidən aldığı bəxsiz zədə ucbatından 30 yaşında karyerasını bitirməli oldu. Bu mənada onu şanslı olduğu qədər də şansız futbolçu kimi tanıyırıar. Düzdür, futbolu buraxdıqdan 2 il sonra sevimli peşəsinə qayıtdı. Ancaq bu dəfə baş məşqçi kimi. Belə ki doğma Dortmund “Borussiya”nın baş məşqçisi təyin olunan Matias 2001-02-ci ildə 6 il öncə futbolçu kimi çempion olduğu komandasına 6 ildən sonra baş məşqçi kimi də çempionluğu yaşatdı.

Lakin dortmundular Çempionlar Liqasında uğurlu çıxış edə bilmədilər və qrupda 3-cü pilləni tutaraq UEFA kubokunda oynamaq şansı qazandılar. Burada isə uğurla çxış edən Zammerin komandası filana kimi gəlib çıxa bildi. Onların yarımfinalda İtaliya nəhəngi “Milan”ı mübarizədən kənarlaşdırması xüsusi qeyd oluna bilər. Lakin finalda Dortmund klubu “Feyenoord”a 2:3 hesabıyla məğlub oldu. 2004-cü ildə isə Zamme “Borussiya”nın baş məşqçisi postundan ayrılaraq “Ştutqart”ın başına keçdi. Burada isə cəmi bir il işlədi və komandası 5-ci pilləni tutaraq UEFA kubokunda oynamaq imkanı qazandı.

Veteran müdafiəçi 2006-cı ildən uzun müddət Almaniya Futbol Federasiyasında əvvəl 11-18 yaş arası gənc futbolçular üzrə seleksiyaçı məşqçilər şöbəsinin rəhbəri, daha sonra isə idman direktoru postunda çalışdl və gücünü Almaniya futboluna gənc istedadlar, yeni Zammerlər bəxş etmək yolunda sərf etdi. 2012-ci ildə “Bavariya”ya gəldi. 6 il də burada idman direktoru kimi fəaliyyət göstərdi. Sonradan səhhətində yaranan problemlər ucbatından istefa verdi. Bir müddət istirahət etdikdən sonra yenidən aktiv fəaliyyətə başladı. Bu dəfə ona doğma olan “Borussiya”da. 2018-ci ildə Dortmund klubuna qayıdan Zammer hazırda burada baş məsləhətçi kimi çalışır.