Dünya çempionatında 4 medal
- 14 Avq 2024 17:15
- 217
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüşlər növü - MMA üzrə dünya çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, yeniyetmələr arasında ilin əsas yarışında 54 ölkədən 900-dən çox idmançı mübarizə aparıb.
Dünya birinciliyində ölkəmizi Azərbaycan MMA Federasiyasının 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakimlərdən ibarət komandası təmsil edib. Azərbaycan komandasının heyətində Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız finalda uduzmaqla yarışı gümüş medalla başa vurub. Komandaya dəstək məqsədiylə tanınmış MMA döyüşçüsü və məşqçisi Şəhriyar Abbasov səfərə yığmayla birlikdə yollanıb.
AZMMAF-ın prezidenti Rövşən Həsənov qurumun rəsmi saytına açıqlamasında komandanın nəticəsini müsbət qiymətləndirib: “Artıq 15 ildi qarışıq təkbətək döyüş növləri üzrə MMA-nın inkişafı istiqamətinə müxtəlif səmərəli işlər görülür. İllər öncə məhz bizim federasiyanın dəstəyi ilə Bakıda MMA üzrə ilk dəfə Avropa çempionatı və Dünya Kuboku keçirilib. Əbu-Dabidə dünya birinciliyində 4 medal qazanmaqla düzgün yolda olduğumuzu təsdiqləndi.
Bildirmək istəyirəm ki, yarışda yüksək rəqabət olduğundan əksər ölkələr medalsız qaldı. Komandamızda mükafat qazanan uşaqlar yeniyetmə kateqoriyasında uğur əlməklə gələcəkdə gənclərdə də mübarizə aparmağa hazır olduqlarını göstərdi. Qarşıda bizi böyüklərdən ibarət komandamızın noyabrda Özbəkistanda iştirak edəcəyi dünya çempionatı gözləyir. Bu yarışlarda da idmançıların uğurlu çıxış edəcəyinə ümid edirik".
Xatırladaq ki, IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatıdır. Ölkəmizdə İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.