Dünya çempionatında daha bir bürünc medal
- 19 Sen 2022 00:07
- 459
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.
Rekord.az xəbər verir ki, yarışın 9-cu günündə sərbəst güləş üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.
İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb. İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.
Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsı üstələyib - 6:1. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabıyla məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabıyla məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.
Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib. Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə "tuş"la qalib gələn Maqomedov dünya üçüncüsü olub.
Beləliklə, sərbəst güləş üzrə milli komanda DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.