“Dünya çempionu olmaq uşaqlıq arzum idi”
- 23 Okt 2022 14:11
- 450
“Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi”.
Rekord.az xəbər verir ki, bu sözləri FİDE-nin mətbuat xidmətinə açıqlamasında gənc qadınlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib.
Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: "Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul almışdım. Amma bu, mənim klassik formada ilk dünya çempionluğumdur. Çox xoşbəxtəm".
Dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayan Gövhər Beydullayeva bunun xüsusi duyğu olduğunu deyib: "Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır".
Azərbaycanlı dünya çempionu qarşıdakı hədəfləri haqqında da danışıb: "Yəqin ki, Dünya Kubokuna qatılacam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəm".