Dünya çempionu rusiyalı voleybolçu hərbçi qardaşının öldüyünü bildirib - FOTO
- 14 Noy 2022 12:05
- 609
Rusiyanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü Tatyana Koşeleva hərbçi qardaşının vəfat xəbərini yayıb. "Rekord.az" xəbər verir ki, 34 yaşlı təcrübəli voleybolçu özünün sosial şəbəkə hesabında qardaşı Sergeyin ölümü ilə bağlı paylaşım edib.
Koşeleva qardaşının öldüyü yeri və şəraiti açıqlamayıb. Lakin paylaşımın rəylərində bəzi ukraynalı izləyicilər mərhumun Rusiyanın öz ölkələrinə hücumunda iştirak etdiyi və öldüyünü yazaraq voleybolçuya etiraz ediblər. Tatyananın rusiyalı izləyiciləri isə ona baş sağlığı verərək qardaşının vətənlərinin fəxri olduğunu bildirib, dəstəklərini ifadə ediblər.
Ukrayna mediası isə voleybolçunun qardaşı Rusiyanın Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Sergey Koşelevin ukraynalı hərbçilər tərəfindən zərərsizləşdirildiyini yazıb.
Qeyd edək ki, Belarusda hərbçi ailəsində anadan olan Koşeleva 2020-ci il Tokio Olimpiadasından əvvəl milli karyerasını başa vurub. Təcrübəli hücumçu Rusiya yığması ilə 2010-cu ildə dünya çempionu, eləcə də iki dəfə avropa çempionu olub. O, hazırda İtaliyanın "Vallefoglia" klubunda çıxış edir. İtaliya klubunun rəhbərliyi də voleybolçuya başsağlığı verib.
Tatyana Koşelevanın sosial şəbəkə hesabında qardaşının şəkli ilə birgə etdiyi paylaşımını təqdim edirik: "Belə bir qardaşın kiçik bacısı olmaq mənim mükafatımdır. Sənin gülüşünü və mehriban "kiçik" deməyini eşitmək sonsuz xoşbəxtlikdir... Seryoja, mənim əzizim, ən güclü və cəsur, qürurum, qanım, mənim qardaşım! Ailəmizin və Vətənimizin qüruru. Biz hamımız buna inana bilmirik, bunu qəbul edə bilmirik... Sən mənim ürəyimdəsən və həmişə orada olacaqsan! Səni görməyincə inanmayacağam! Tezliklə sən evdə olacaqsan, tezliklə səni qucaqlayacağam! Bütün ailə sizi gözləyir, bütün dostların və yoldaşların səni qarşılayacaq... Və bu günü birtəhər yaşayıb səni buraxmaq lazım olacaq...".