Dünya Kuboku: Üç şahmatçımız tay-brekdə mübarizə aparacaq
- 06 Avq 2023 23:18
- 338
Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 3-cü mərhələnin cavab görüşləri keçirilib.
Rekord.az xəbər verir k, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla bərabərə qalıb. Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də bərabərlik qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcək.
Nicat Abasovun niderlandlı Aniş Giri ilə görüşündə də eyni nəticə qeydə alınıb. İlk qarşılaşmada olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi avqustun 7-si tay-brekdə məlum olacaq.
FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla sülhə razılaşıb. Hər iki şahmatçı tay-brekdə qarşılaşacaq.
20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb. Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə ilə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.
Günün ən uzun davam edən partiyası çinli dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında oynanılıb. 6 saatdan artıq davam edən görüşün ortalarında Fətəliyeva üstünlük əldə etməsinə baxmayaraq, istədiyi nəticəni qazana bilməyib. Yekunda çinli şahmatçı qələbə qazanıb. Fətəliyeva isə Dünya Kubokunda çıxışını dayandırıb.