"Neftçi"nin 3x3 basketbol komandası Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsində yarımfinala yüksəlib.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Niderland millisi ilə üz-üzə gəlib və rəqibini 17:14 hesabı ilə məğlub edib.

"Neftçi" qrupda növbəti oyununu Macarıstanın "Qyor" klubuna qarşı keçirib. Azərbaycan təmsilçisi bu oyunda da 18:14 hesablı qələbəyə sevinib.

Qrupdakı sonuncu oyununda Litva millisinə də 20:14 hesabı ilə qalib gələn təmsilçimiz qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

"Neftçi"nin yarımfinal qarşılaşması iyulun 3-də, Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. Rəqibin kimliyinə daha sonra aydınlıq gələcək.