Dünya üçüncüsü olan Azərbaycan yğması Bakıya qayıtdı
- 27 Okt 2023 18:55
- 322
lbaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıblar.
Rekord.az xəbər verir ki, iki gümüş və üç bürünc medal qazanaraq komanda hesabında dünya 3-cüsü olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda GİN və AGF rəsmiləri, məşqçilər, idmançılar, milli üzvlərinin yaxınları qarşılayıb.
Baş məşqçi Xetaq Qazyumov komandanın çıxışını belə dəyərləndirib:
“Millinin çıxışını uğurlu saymaq olar. Hər halda, dünya çempionatında 3-cü yerə çıxmaq yaxşı nəticədir. Ancaq medallarımızın sayı daha çox ola bilərdi. 61, 74 və 86 kq-da da medal gözləyirdik. Qızıl medal qazanmaq üçün daha çox çalışmalıyıq. Bir qədər dincəldikdən sonra məşqləri bərpa edəcəyik. Qarşıda bizi hərbçilərin dünya çempionatı və Azərbaycan çempionatı gözləyir. Yanvarda isə reytinq turniri keçiriləcək. Fevralda Avropa çempionatında, aprel-may aylarında isə Olimpiadaya lisenziya verən təsnifat turnirlərində iştirak edəcəyik. Azərbaycan çempionatından sonra gələn ilin hazırlıq planını, kimin hansı yarışlarda iştirak edəcəyini müəyyənləşdirəcəyik”.
Əşrəf Aşırov, dünya ikincisi:
“Dünya çempionatına çox ciddi hazırlaşmışdıq. Bakıda və Vladiqafqazda təlim-məşq toplanışı keçdik. Hərbi xidmətdə olduğum üçün bu il ilk yarışıma çıxdım. Çempionluğu çox arzulayırdım. Qızıl medalı əsgər yoldaşlarıma hədiyyə etmək istəyirdim. Qismətim gümüş medal oldu. Bu yarışa hazırlaşmaqda bizə dəstək olan Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına, o cümlədən xidmətimi davam etdirdiyim MOİK-in rəhbərliyinə təşəkkürümü bildirirəm. Millinin məşqçilərinə və şəxsi məşqçim Nazim Əlicanova da minnətdaram”.
Zirəddin Bayramov, dünya ikincisi:
“Yığma komandanın məşqçilər korpusuna təşəkkür edirəm. Ötən il ağır cərrahiyyə əməliyyatı keçirmişdim. Bu əməliyyatdan sonra qatıldığım ilk nüfuzlu yarışda gümüş medal qazandım. Buna da şükür. İnşallah, gələcəkdə daha yaxşı hazırlaşıb, çempion olmağa çalışacağam. Rusiya güləşçisiylə ilk dəfə qarşılaşdım. Görünür, hələ zəif tərəflərim var. Məşqlərdə daha çox çalışıb, bundan sonra ancaq qızıl medala köklənəcəyəm”.
Xatırladaq ki, DÇ-də Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) bürünc medal qazanıb.