“e-Milli” komandanın heyətini formalaşdırmaq üçün ölkəmizin ən yaxşı konsol oyunçularının iştirakı ilə ildə bir dəfə heyətə seçimlər təşkil olunur.

Rekord.az xəbər verir ki, builki seçimlərə E-Milli Liqanın 2020-ci il mövsümündə ən yaxşı nəticə göstərmiş 16 oyunçu dəvət olunub. 

Gərgin keçən mübarizədə Taleh Məhərrəmov, Nurlan Ayazlı, Firuz Buksayev, Ramil Nəbiyev 1/2 final mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanı “e-AÇ-2021”-də təmsil edəcək “e-Milli” komandanın yeni heyətini təşkil ediblər. Final oyununda Taleh Məhərrəmov Nurlan Ayazlıya qalib gəlib.

Qeyd edək ki, “e-AÇ-2021”in seçmə mərhələsi 15-29 mart və 12-26 aprel tarixlərində keçiriləcək. Seçmə mərhələdə 10 qrup qalibi komanda birbaşa qrup mərhələsinə vəsiqə qazanacaq. İkinci yerdə qərarlaşmış komandalar isə yenidən iki qrupa bölünəcək və hər qrupda ilk 3 yeri tutan komanda qrup mərhələsinə vəsiqə qazanacaq. “e-Milli” komandamız seçmə mərhələdə Fransa, Danimarka, Albaniya, Norveç və Uelslə birgə "İ" qrupunda mübarizə aparacaq.

May-iyun aylarında keçiriləcək qrup mərhələsində 16 “e-Milli” komanda 4 qrupda mübarizəni davam etdirəcək. İkinci dəfə təşkil olunan “e-AÇ-2021”in final mərhələsi 9-10 iyul tarixlərində keçiriləcək.

Çempionata hazırlıq məqsədilə komandamız yoldaşlıq oyunları və turnirlərdə iştirak edir. Türkiyə Futbol Federasiyası tərəfindən təşkil olunmuş turnirdə “e-Milli” komandamız ikinci yeri tutub.

Qeyd edək ki, “e-Milli” komandamız 6-7 mart tarixlərində Şərqi Avropa ölkələrinin komandaları arasında təşkil ediləcək turnirdə iştirak edəcək.