Boks üzrə referi Qalib Əbiyev hakimlik imtahanından uğurla keçib. 

Rekord.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib.

O, bu nailiyyətə noyabrın 18-24-də Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, ona 1 ulduz verib. Əbiyev turnirin də ən yaxşı referisi seçilmişdi.

Ondan öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.