Əfqan Həmzəyevin bu yaxınlarda Avstraliyada təşkil olunan mini-futbol üzrə dünya çempionatında iştirak etdiyini ötən saylarımızın birində xəbər vermişdik. Vaxtilə sinəsində FİFA hakimi loqosu gəzdirən Həmzəyevin “kenqurular ölkəsi”nə səfəri ilə bağlı təəssüratını və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən onunla danışmağı lazım bildik. Dünya çempionatından başlayan söhbətin sonunda Əfqan bəy sabiq həmkarlarına xəbərdarlıq etməyi də unutmadı.

 


- Dünya çempionatı sentyabrın 28-dən oktyabrın 13-nə kimi Avstraliyanın Pert şəhərində təşkil olunmuşdu. Bildiyiniz kimi, mən Dünya Mini-Futbol Federasiyasının Hakimlər Komitəsinin sədrinin müaviniyəm. Sentyabrın 28-dən oktyabrın 1-nə kimi mundialın təşkil olunduğu şəhərdə 53 hakim üçün seminar təşkil olunmuşdu. 3 günlük kurslardan sonra onlardan 28-i yarışın oyunlarını idarə etmək üçün Pertdə qaldı. Dünya çempionatının matçları dünyanın müxtəlif telekanalları ilə canlı yayınlanırdı. Həmin görüşlərin əksəriyyətində hakim-inspektor funksiyasını yerinə yetirdim. Finalda Meksika yığması Braziliyanı 4:0 hesabı ilə yenib dünya çempionu oldu. Hakim-inspektor kimi xüsusi mükafata layiq görüldüm. Bundan başqa, seminarlar keçmək üçün bir neçə ölkədən dəvət aldım. Bu məqsədlə yanvarda Taylanda, fevralda isə Sinqapura səfər edəcəm. Adını çəkdiyim ölkələrin Mini-Futbol Federasiyalarının rəhbərliyi öz hakimlərinə seminar keçməyimi istəyirlər. Martda isə İsveçrənin Luqano şəhərində beynəlxalq turnir keçiriləcək. Turnir çərçivəsində Avropada yeni hakimlərə də seminarlar keçəcəm. Bir sözlə, 2020-ci ilin ilk 3 ayı ərzində iş qrafikim çox sıxdı.
- Beynəlxalq Mini-Futbol Federasiyasında məsul vəzifə tutursuz. Ancaq nədənsə Azərbaycan yığması belə turnirlərə qatılmır.
- Bu sualı Azərbaycan Mini-Futbol Federasiyasının rəhbərliyinə versəz, daha yaxşı olar.
- Bəs beynəlxalq turnirlər zamanı sizdən bunun səbəbini soruşmurlar?
- Soruşurlar, dəfələrlə bu movzuda suallar verilib. Onlara “yerli federasiya xədmətimdə maraqlı olmadığı kimi, mənim də onlarla maraqlanmağa nə vaxtım, nə də həvəsim var” demişəm. Bizdə yerli, işini bilən kadrların qədrini bilmirlər. Bildiyiniz kimi, mən eyni zamanda Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibiyəm. Noyabrın 14-18-i aralığında Xorvatiyanın Pula şəhərində Universitetlərin İdman Komitələrinin təşkilatçılığı ilə həm böyük, həm də mini-futbol üzrə turnir keçiriləcək. Mən də qurumun baş katibi kimi həmin yarışda iştirak edəcəm. Özünüz də görürsüz ki, Əfqan Həmzəyevə beynəlxalq təşkilatlarda ehtiyac duyulur. Təəssüf ki, vətəndə hər şey tərsinədi.
- Bugünlərdə “feysbuk” sosial şəbəkəsində paylaşdığınız bir status diqqətimizi cəlb etdi. Orda keçmiş həmkarlarınızdan birinə, daha dəqiq desək, Anar Salmanova cavab vermişdiz.
- Xahiş edirəm, onun adını çəkməyin. Özünüz də fikir verdizsə, paylaşımımda onun adını çəkməmişəm. Çünki buna layiq deyil.
- Sizcə, nəyə görə adını çəkmək belə istəmədiyiniz sabiq həmkarınız sizə münasibətdə belə mövqe tutur?
- Çünki Əfqan Həmzəyev hər şeyi olduğu kimi deyir, olduğu kimi göstərir. Premyer-liqada hər turdan sonra mən “feysbuk” səhifəmdə yaşanan hakim səhvlərini qabardıb, bunu şəkillə, video ilə payılaşıram. Hansı hakimin harda səhv etdiyini subut edirəm. Bu mənim işimdi və bikdiklərimi düzgün formada ictimaiyyətə çatdırmağı özümə borc bilirəm. Görünür, bunu etməyim, yeni yaranmış Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının İdarə Heyətində yer almağım kimlərinsə xoşuna gəlmir. Onlar da televiziyaya çıxıb, hakimlikdən danışmaq əvəzinə, yaradılan şəraitdən sui-istifadə edib məni “vurmağa” çalışırlar. Başqa nə səbəb ola bilər ki? Adını çəkmək istəmədəyim şəxs bir neçə dəfə efir vaxtını qaramca danışmağa həsr edib. Mənim əmək və həyat fəaliyyətimi kölgə altına salmağa çalışıb. Ona kim ixtiyar verib ki, barəmdə xoşagəlməz fikirlər səsləndirsin? Mən danışmağa başlasam, çox sandıqları açıb tökə bilərəm. Lakin hələ ki bunu etmək istəmirəm. Bilirəm ki, sosial şəbəkələrdə paylaşdıqlarımı oxuyur və çox vaxt kimlərisə öyrədib statuslarımın altına xoşagəlməz şərhlər yazdırır. Ay yazıq, sənə bu ağılla bu gün iş veriblərsə, Allahına dua et və başını aşağı salıb pulunu qazan. Niyə mənim “bostanıma daş atırsan”? Bilirsən ki, sənə istədiyin formada cavab verə biləcək gücüm var. Sən nə qədər mənim kölgəmə danışsan da, gördüyüm işlər göz qabağındadı. İldən-ilə beynəlxalq təyinatlarım artır, vəzifə pilləkənində yuxarı çıxıram. Mükafatlarımın da sayı durmadan çıxalır. Yəqin ki, bütün bunlar həmin adamı narahat edir.
- Bəs barənizdə düzgün danışmayanlara qarşı hansı addımı atmağı düşünürsüz?
- Konstitusion hüquqlarımdan yararlanıb, qanuna uyğun addım atıram. Bu yaxınlarda Azərbaycan televiziyasının yeni sədri Rövşən Məmmədova məktubla müraciət etmişəm. Orda hüquqlarımın pozulduğunu göstərib, lazımi ölçü götürməsini xahiş etmişəm. Görünür, müraciətim cavabsız qalmayıb. Son verilişə artıq həmin adam dəvət almamışdı. Buna görə dövlət televiziyasının rəhbərinə dərin təşəkkürümü bildirirəm. Bundan başqa, yaxın günlərdə ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanlayacam. Nəyə görə mən kənarda qalmalıyam? Niyə başqaları işləyir, mən isə bir çox beynəlxalq qurumlarda təmsil olunmağıma baxmayaraq, vətənimdə işsizəm? Mən həmin təşkilatlarda, qatıldığım bütün turnirlərdə Azərbaycanı təmsil edirəm. Bu mübarizəni sona qədər davam etdirəcəm və inanıram ki, əvvəl-axır məqsədimə çatacam. Bir daha fürsətdən istifadə edib arxamca danışanlara demək istəyirəm ki, bu mənim onlara sonuncu xəbərdarlığımdı. Bir daha belə olacağı halda artıq həmin şəxslərlə hüquq müstəvisində görüşəcəyik. ("Futbol plsu" qəzeti)