Əfran İsmayılov: “Mitinqlərə pulla getmişəm”
- 26 Okt 2019 20:03
- 1161
“Bu məsələnin nəyə görə çox müzakirə olunduğunu bilmirəm. Çox danışmaq istəmirəm. Mən bu tərəfin adamıyam. Mən buyam, danmıram. Mən dövlətin tərəfində olan adamam. Mən fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəmirlər yox".
Rekord.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Keşlə"nin futbolçusu Əfran İsmayılov müxalifətin mitinqinə etiraz statusu barədə danışarkən deyib. O, vaxtilə özünün də mitinqlərə qatıldığını etiraf edib: "Onların fikrinə hörmətlə yanaşıram. Demirəm ki, onlar bunu etməsinlər, problem yaratmasınlar. Nə istəyirlərsə, etsinlər. Mən də buyam və deyirəm ki, etməsinlər. Başqa kim çıxır, kim çıxmırsa özləri bilər. Mən dövlətimin tərəfindəyəm. Bunu həm mənim din-şəriətim, həm də özüm belə deyirəm. 20 ilin 15-ini yataqxanada yaşamışam, sonra isə futbola başlamışam. Şikayətə qalsa, onlardan çox edərəm. Həmin mitinqlərə mən də getmişəm. Necə? İsa Qəmbərin vaxtında gəlib bizim məhlədə pul verirdilər, yığıb aparırdılar. Məni də məhəllə uşaqları ilə birgə yığırdılar.Elə şeylər var ki, insan çox danışmaq istəmir. Fakt mən bu tərəfdəyəm".
İsmayılov ölkədə sabitlik tərəfdarı olduğunu vurğulayıb: "İstəmirəm ki, ölkədə sabitlik, mehribanlıq pozulsun. Çünki çox yerdə, məsələn Suriya və Liviyada görmüşük ki, dağıdırlar. Bir dənə bomba atsalar, pulu-mulu qoyacağıq qırağa, deyəcəyik ki, bircə sakit yaşayaq, qalan heç nə lazım deyil. Biz sakit oturmuşuqsa, buna şükür etməliyik". (Sportnet)