Əfsanəvi Romario Azərbaycanla əməkdaşlıq edəcək
- 29 Apr 2022 06:39
- 558
Braziliyalı senator, sabiq futbol ulduzu, 1994-cü ildə dünya çempionu olan Romario de Souza Faria Azərbaycan Futnet Federasiyasının rəsmilərini Rio de Janeyroda, öz evində qəbul edib.
AFNF-in mətbuat xidmətindən saytımıza daxil olan məlumata görə, vaxtilə dünyanın ən yaxşı futbolçusu seçilmiş Romario ilə görüş zamanı ona Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr, üstəlik “11” nömrəli forma təqdim edilib.
Vüsal Xəlilov Azərbaycan və Braziliya arasındakı dostluq əlaqələrindən bəhs edərək, Romarionun ölkəmizdə futbolsevərlər tərəfindən çox sevildiyini söyləyib. Federasiya prezidenti futvolenin təbliği istiqamətində önəmli addımlar atan və böyük rola malik olan braziliyalı sabiq futbolçu ilə gələcək əməkdaşlıqla bağlı mühüm məsələləri də müzakirə edib.
Səmimi qəbula görə veteran futbolçuya təşəkkürünü bildirən AFNF-in baş katibi Əfqan Həmzəyev, Romarionun ecazkar oyununun azarkeşlərin daim yaddaşlarında qalacağını deyib.
Rio de Janeyrodakı evində onunla bir araya gələn qurum rəsmilərinə xoş sözlərə görə minnətdarlığını çatdıran sabiq ulduz torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə xalqımızı təbrik edərək, Şuşanın Azərbaycanın mədəniyyətinin beşiyi olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşdə, həmçinin Braziliya Futvole Federasiyasının prezidenti Anderson Aguia və AFNF-in Mətbuat Departamentinin rəhbəri Araz Əhmədov iştirak edib.