AFFA-da hakimlər üçün iclas keçirilib və bəzi qərarlar açıqlanıb. Məlum olub ki, komitə üzvü Elçin Məmmədov vəzifəsindən uzaqlaşdırılıb.

 

Rekord.az xəbər verir ki, xeyli bacarıqsız yetirməsi olan, bir çox gənclərə “day-daylıq” edən bu şəxs təyinatlara da “barmaq edirmiş”. Komitə daxilində ab-havanı pozan, hakimlər arasında ikitirəlik yaradan səlahiyyət sahibinin əməlləri ifşa olunub.

 

Məmmədov bundan sonra yalnız Futzal Federasiyasındakı işinə davam edəcək. Futzal hakimləri ilə işləyəcək Elçin bəyi AFFA-nın binasına buraxmayacaqlar. O, çalışdığı federasiyanın oyunlarındakı təyinatlara cavabdeh olacaq, divizion və Premyer Liqa matçlarına əli çatmayacaq.

 

Elçin Məmmədov sədr Frits Stuxlikin köməkçisi kimi Hakimlər Komitəsinin üzvü olmaqla yanaşı, futzalda da çalışırdı. Bu federasiyanın prezidenti Zaur Axundova xidməti davam etdirəcək sabiq referinin məhz rəhbərinə yardıma görə “vurulduğu” deyilir. Axundovun eyni zamanda rəhbəri olduğu Premyer Liqa təmsilçisi “Keşlə” nin oyunlarına təyinatlar zamanı xəlvət işlər görən Məmmədovun günahı sübut olunub. Bugünədək Bakı klubu hansısa hakim səhvindən əziyyət çəkməyib, əksinə, son olaraq, “Kəpəz”ə qarşı kubok matçında referi qərəzinə sevinib. Gəncəlilərin qapısına olmayan penaltinin təyin edilməsi “Kəpəz”in yekunda məğlubiyyəti ilə nəticələnmişdi.

 

Bu kimi faktlar çoxaldığından, nəhayət, Məmmədovu yola salmaq lazım bilinib. Və onun əvəzinə yeni üzv də təyin edilib. İclaslarda dəfələrlə Elçin bəylə əlbəyaxa olmuş sabiq FIFA referisi Babək Quliyev bundan sonra komitədə çalışacaq. (futbolinfo.az)