İtaliyanın Karrada şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət kunq-fu millisi Vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, idmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya prezidenti Nurlan Aslanov, media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları qarşılayıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundiala yollanan yığma yarışı 37 medalla başa vurub. Onlardan 28-i qızıl, 6-sı gümüş, 3-ü isə bürünc mükafatdır.

Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov hava limanında komandanın nəticəsini tarixi uğur adlandırıb: 

“Azərbaycanda kunq-fuya maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdi. Ən yaxşı idmançılar İtaliyada dünya çempionatında iştirak etdilər. İdmançılarımız həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdə layiqli çıxış edərək ümumilikdə 37 medal qazandılar. Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”.