Əleyküm-salam, Nicat!
- 2020-07-18 14:26
- 1843
Azərbaycanlı futbolçu Nicat Qurbanov dünəndən bəri diqqət mərkəzindədi. Hamı Qurbanovun hərəkətindən fəxrlə bəhs edir, onu alqışlayır. Elə biz də Nicata “əhsən” deyənlərin, onu alqışlayanların sırasındayıq. Təkrarçılıq etdiyim üçün bağışlayın, amma Nicatın qəhrəmanlığını bir daha xatırlatmağı özümə borc bilirəm.
Dünən Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb. Səfərdə “Merani” ilə qarşılaşan “Samtrediya” görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Nicat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu görüşü əvəzedilmədən keçirib. Hesab 1:1 olarkən hakim meydan sahiblərinin qapısına penalti təyin edib və bu məsuliyyəti Nicat öz üzərinə götürüb. 54-cü dəqiqədə yaşanan bu epizodda Qurbanovun zərbəsi qapıçı üçün qarşısıalınmaz olub və “Samtrediya” önə keçib. Bu qol görüşdə sonuncu olub, tərəflər qalan dəqiqələrdə fərqlənə bilməyiblər. Əlbəttə, həmyerlimizin xaricdə legioner həyatı yaşamsı, orda fərqlənməsi bizi sevindirir. Amma Nicatı dünəndən bəri qəhrəmana çevirən təkcə bu məqam deyil. Qurbanov vurduğu qolu “əsgər salamı” ilə qeyd edib, bununla da cəbhədə düşmənlə savaşan, ermənilərin burnunu ovan, sərhədlərimizi canı və qanı bahasına qoruyan Azərbaycan əsgərinə salam göndərmiş olub.
Belə “əsgər salamlarının” siyasi və mənəvi yükünü yaxşı bilirik. Türkiyəli futbolçular zaman-zaman bu cür cəsarətli davranışları ilə dünyanın gündəmini dəyişdirməyi bacarıblar. Onların “məhmətciklər”ə göndərdiyi salam bütün dünyanın diqqətini qüdrətli türk ordusuna yönəldib, hamı Türkiyənin məruz qaldığı terror hücumlarından xəbər tutub. Bütün dünya bilib ki, hər bir türk dünyaya əsgər gəlir və peşəsindən, sosial statusundan asılı olmayaraq, onlar vətən torpaqlarının hər qarışı üçün savaşmağa, düşməni məhv etməyə hazırdılar. Biz də türkük, bizim də əsgərlərimiz qürur mənbəyimizdi. Hazırda Azərbaycan da erməni terrorundan, daşnaklarının havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasətindən əziyyət çəkir. Hər bir azərbaycanlı bu mübarizədə əsgərlərimizin yanındadı və düşmənə qarşı savaşmağa hazırdı. Elə Nicat da. “Samtrediya”nın futbolçusu qonşu Gürcüstandan göndərdiyi salamla buna açıq-aşkar işarə vurmuş olub. Və çox vacib məqamdı ki, Qurbanov bu salamı məhz Gürcüstandan göndərib.
Gözlədiyimizin əksinə olaraq, qonşu Gürcüstan dövləti, onun rəhbərləri bu savaşda qətiyyətli mövqelərini ortaya qoymayıblar. Tovuzda qanlı döyüşlər getdiyi vaxt Türkiyə və Ukrayna, o cümlədən Qazaxıstan konkret mövqelərini ortaya qoyub, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib, ermənilərin hərəkətlərini pisləyiblər. Amma gürcülərdən bunu nə görən, nə də eşidən olub. Təkcə tərəfləri sakitliyə çağıran neytral ruhlu bəyanatdan savayı. Bu mənada Nicatın məhz Gürcüstanın futbol çempionatında Azərbaycan əsgərinə salam yollaması gürcülərə də verilmiş mesajdı.
Kaş ki, Azərbaycan Premyer Liqası da davam edəydi, komandalar meydana əsgərlərə dəstək mesajı verən pankartlarla çıxaydılar, hər qoldan sonra cəbhədəki əsgərlərə qucaq dolusu salamlar göndərəydik. Bunu bacarmadıq. Həyatımızı alt-üst edən karantin səbəbindən bu gün Qəbələdə keçiriləcək “Keşlə” – “Qarabağ” qarşılaşmasını Tovuza təyin etmək də mümkün deyil. Bütün bunlar bir yana, birinci divizionun qalibi “Turan Tovuz”u doğma meydanda mükafatlandırmaq, bununla da o bölgədə yaşayan sadə insanlara onların yanında olduğumuzu göstərmək də arzu olaraq qaldı. Hələlik edə biləcəyimiz bircə şey var, Nicat Qurbanova “əleyküm-salam” demək!