Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib. 

Əliabbas Rzazadə debütdə Almaniya təmsilçisinə qalib gəlib. Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. 1/4 finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısıyla olduqca gərgin mübarizə şəraitində keçən görüşdə isə xalların keyfiyyəti Əliabbası finala daşıyıb. Həlledici görüşdə Qırğızıstan güləşçisiylə üz-üzə gələn həmyerlimiz ağır mübarizədən qalib ayrılmaqla dünya çempionu olub.

Zirəddin Bayramov rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq 1/4 finalda rusiyalı rəqibinə uduzub. Zirəddin noyabrın 6-da təsəlliverici görüşə çıxıb və Özbəkistan güləşçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan idmançısına heç bir şans tanımayan Bayramov tam üstünlüklə qələbə qazanaraq dünya üçüncüsü olub.

Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran Yevloyev 1/4 finalda Tacikistan güləşçisinə qalib gəlib. Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub. Bürünc medal uğrunda görüşdə isə minimal fərqlə iranlı həmkarına uduzub.

Əşrəf Aşırov təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Aşırov 1/8 finalda Ukraynadan olan rəqibini məyus edib. Əşrəf 1/4 finalda İsveçrədən olan həmkarına heç bir şans tanımayıb. Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub. Əşrəf bürünc medal uğrunda görüşdə iranlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.

İslam İlyasov debütdə rusiyalı rəqibinə məğlub olub.

57 kq
Təsnifat: Əliabbas Rzazadə - Niklas Steşele (Almaniya) 5:1
1/8 final: Əliabbas Rzazadə - Məhəmməd İkramov (Tacikistan) 10:1
1/4 final: Əliabbas Rzazadə - Manvel Xndzrtsyan (Ermənistan) 9:5
1/2 final: Əliabbas Rzazadə - Saurab İqave (Hindistan) *10:10
Final: Əliabbas Rzazadə - Bekbolot Mirzənəzər Uulu (Qırğızıstan) 7:6

65 kq
Təsnifat: Zirəddin Bayramov - Süleyman Karqbo (Sierra Leone) +:-
1/8 final: Zirəddin Bayramov - Domonik Demas (ABŞ) 6:3
1/4 final: Zirəddin Bayramov - İbrahim Abdurrəhmanov (Rusiya) 1:3
Təsəlliverici görüş: Zirəddin Bayramov - Abbas Rəhmanov (Özbəkistan) 10:7
Bürünc medal görüşü: Zirəddin Bayramov - Stilyan İliyev (Bolqarıstan) 10:0

70 kq
Təsnifat: Murad Yevloyev - Denis Borohan (Ukrayna) 6:1
1/8 final: Murad Yevloyev - Giorgi Elbakidze (Gürcüstan) 12:3 (tuşe)
1/4 final: Murad Yevloyev - Mustafa Əhmədov (Tacikistan) 3:0
1/2 final: Murad Yevloyev - Ernazar Almataliyev (Qırğızıstan) 8:12
Bürünc medal görüşü: Murad Yevloyev - Əliəkbər Fazlixalili (İran) 4:5

79 kq
Təsnifat: Əşrəf Aşırov - Batzul Damjin (Monqolustan) 5:1
1/8 final: Əşrəf Aşırov - Valentin Babiy (Ukrayna) 10:4
1/4 final: Əşrəf Aşırov - Tanquy Darbellay (İsveçrə) 10:0
1/2 final: Əşrəf Aşırov - Maqomed Maqomayev (Rusiya) 0:4
Bürünc medal görüşü: Əşrəf Aşırov - Əli Bəxtiyar Savadkuhi (İran) 2:8

97 kq
1/8 final: İslam İlyasov - Şamil Hacıəliyev (Rusiya) 1:6