Qadın voleybolçularan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva Filippin çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Choco Mucho" 3-cü tur çərçivəsində "PLDT High Speed Hitters" klubu ilə üz-üzə gəlib. 

Görüş gərginliyi ilə yadda qalıb. İlk setdə məğlub olan Odina və rəfiqələri növbəti hissəni aktivlərinə yazdırıblar. Bundna sonra hərəyə daha bir set qazanan komandalar matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə daha dəqiq oynayan voleybolçumuzun komandası yekunda 3:2 (25:27, 25:22, 18:25, 25:22, 17:15) hesablı qələbə qazanıb. 

Komandasının çətinliklə qalib gəldiyi oyunda yığmamızın üzvü 30 dəfə fərqlənib. Əliyeva bu göstərici ilə qarşılaşmanın ikinci, komandasının isə ən məhsuldar oyunçusu olub. Voleybolçumuz bu xallardan 27-ni hücumda, 3-nü isə blokda qazanıb.

Bu qələbədən sonra xallarının sayını 5-ə çatdıran "Choco Mucho" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.