Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Rekord.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – Elman Kurdanov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Atletimiz birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. 

Təkanla qaldırma hərəkətində 124 kq-ı baş üzərinə qaldıran idmançımız bu hərəkətdə gümüş medal əldə edib.

Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb!