“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu (3:2, ilk oyun 3:0) şərh edib.

Rekord.az xəbər verir ki, o, səfərdə baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik.

- Premyer Liqada fasilənin olmasına üzülmürsüz? Komanda yenicə forma yığmağa başlamışdı.
- Xeyr. Təəssüflənməyə dəyməz. Vaxtımız olacaq, əsas odu ki, komanda istədiyimizi edir.

- Konkret neçə futbolçu transferi gözlənilir və gedənlər olacaqmı?
- Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik.

- Baş məşqçi kimi debütünüz uğurlu oldu... 
- Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidi. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi. 

- Bəhlul Mustafazadənin qol vurmasına sevindiz? 
- Bəhlula yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldı. İstədiyimiz də odu ki, matçın 60-70 faizini hücumda keçirək. (komanda.az)