Elmar Baxşıyev ümidini Adeneye bağlayıb: "Onu sata bilsək, yeni transfer olacaq" MÜSAHİBƏ
- 14 Yan 2021 18:42
- 819
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sumqayıt"la bu gün 1:1 başa çatan yoxlama görüşündən sonra Rekord.az da daxil olmaqla bir qrup jurnalistin suallarını cavablandırıb:
- Elmar müəllim, öncə hazırlığın gedişi haqda ümumi fikirləriniz...
- Hazırlığa yanvarın 5-də Qəbələdə başladıq. Həm fiziki, həm də taktiki-texniki hazırlığın üzərində dayanmaq planımızda var idi. Qəbələdə hər cür şərait var. Bu mənada yerli klublarımızın da Qəbələyə gələcəyini gözləyirdik. Əvvəl də dediyim kimi, yoxlama matçları üçün Antalyaya getməyə ehtiyac yoxdur. Bu baxımdan ciddi sıxıntı yaşamadıq. Düzdür, qış hazırlıöında cəmi bir yoxlama matçı keçirdik, amma çempionatda fasilə uzun olmadığından bununla da kifayətlənmək olar.
- Hazırlıq tam olaraq sizi razı saldı?
- Təbii ki, ideal heç nə yoxdur. Bu mənada vəziyyətimizin ideal olduğunu deyə bilmərəm. Yəni, bu, "Qəbələ"nin maksimumu deyil. Daha yaxşı olacağına ümid edirəm. Getdikcə öz oyunumuzu daha yaxşı nümayiş etdirəcəyik. Çatışmazlıqlarımız var və bunun üzərində işləyəcəyik. Əsas odur ki, futbolçularımız məsuliyyəti dərk edir və tapşırıqları səylə yerinə yetirirlər".
- Yeni transferlər olacaq?
- Bu məsələ üzərində iş gedir.
- Çünki avrokuboklarda oynamaq şansınız var.
- Düzdür, turnir cədvəlində daha da yüksəyə qalxmaq istəyirik. Amma buna sırf avrokuboklara vəsiqə qazanmaq prizmasından yanaşmırıq. Sadəcə, komandanı komplektləşdirib, rəqabətə hazır vəziyyətə gətirmək istəyirik. Hər bir rəqiblə matçda öz dəsti-xəttimizi nümayiş etdiririk ki, bu da bizi sevindirir. Amma təbii ki, güclənmək də lazımdır. Rəhbərlikdən yeni transfer istəmişəm. Lakin hərşey büdcədən asılıdır. Büdcəmiz imkan versə, komandada yeni futbolçular görə bilərik. Xüsusilə hücum xəttinə futbolçu axtarırıq.
- Ceyms Adeniyi ilə bağlı son durum nə yerdədir? Yeri gəlmişkən, bu gün onu meydançaya buraxmışdınız?
- Düzdür, oyuna buraxdıq, amma onun "Qəbələ"də qalmaq şansı çox aşağıdır: Çünki məvacibi yüksəkdir. Hazırda heyətdə olduğu üçü xidmətindən istifadə edirik.
- Büdcənin az olduğunu nəzərə alsaq, daha ucuz MDB bazarına üz tutmaq məntiqli olar. Misal üçün Gürcüstan. Belə bir variant üzərində düşünürsünüz?
- Bİz transfer məsələsində konkret bir zona üzrə işləmirik. Seçim aparanda bütün dünya üzərindən bunu edirik. Avropa, Cənubi Amerika, MDB və s.
- Bu mənada MDB ən uyğun ola bilər. Götürək qonşu Gürcüstan. Üstəlik, ordan gətirdiyiniz futbolçular çox vaxt özünü doğuruldub...
- Ola bilər, bütün variantlara baxacağıq. Ən azı bir futbolçu gətirnəliyik. Amma bunun özü də Adeneyi ilə bağlı məsələyəı bağlıdır. Adeneyini sata bilsək yeni transfer mütləq olacaq.
- "Qəbələ"nin futbol akademiyası ölkədə məşhurdur. Uzun illərdi bura milyonlarla yatırım edilib. BU tip klublar adətən çətin, sıxıntılı duruma düşəndə öz akademiyalarında yetişən futbolçuları onların dadına çatır. Həm satıb pul qazanırlar, həm də heyəti o futbolçulardan qururlar. "Qəbələ" bu mənada özünü təsdiq edə bilir?
- Hazırda optimal heyətimiz var. Sadəcə, hər bir futbolçunun bu yükü hiss etməsi üçün onlara şans verdim. Bu gün akademiyadan cəlb etdiyimiz oyunçulardan 2-si bizimlə davam edəcəklər. Gələcək üçün yaxşı siqnal verən futbolçulardır. Ad çəkməyək, hər ikisi akademiyamızın yetirməsidir. Digər məsələyə gəlincə, Amin Seydiyev və Bəhlul Mustafayevi misal çəkə bilərəm. Klub onların satışından gəlir əldə edə bilib.
- "Zirə" ilə oyuna yəqin ki, Bakıda hazırlaşacaqsınız...
- Bəli, "Zirə" ilə matça plan üzrə hazırlaşırıq. Məşqlərimiz Bakıda olacaq.
- Ölkə kubokunda "Turan Tovuz"la düşmüsünüz. Tovuz təmsilçisi iddialıdır. Üstəlik, oyun da Tovuzda olacaq. Adətən bu cür oyunlarda sürpriz nəticə də olur. Nə düşünürsünüz?
- "Turan Tovuz"un oyuna ciddi hazırlaşması və istəkli olması normaldır. Amma biz hələ kubok matçını fikirləşmirik. Əsas diqqətimiz "Zirə" ilə görüşdədir. Bundan sonra fikrimizi kuboka yönəldəcəyik. Burada da yaxşı nəticələr qazanmaq istəyirik.
- Bu mövsüm hansı nəticə Elmar Baxşıyev üçün bir məşqçi kimi uğur sayılacaq?
- İlk növbədə öz dəsti-xətti olan və baxımlı oyun göstərən komanda qurmaq. Bunu edə bilsək nəticə də özü gələcək.
Anar XANLAROV