"Qəbələ" cari mövsümdəki uğurlu çıxışını davam etdirir. Mövsüm öncəsi ciddi maddi sıxıntı yaşayan və çempionatda iştirakı son anda tam dəqiqləşən bölgə komandası səfərdə "Səbail" üzərində inamlı qələbə qazanmaqla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Elmar Baxşıyev həqiqətən gözəl komanda yarada bilib. Maddi və heyətlə bağlı sıxıntı yaşamasına baxmayaraq. Baxşıyevdən söz düşmüşkən, gənc məşqçi elə dünənki oyundan sonra bəzi maraqlı fikirləri ilə də diqqət çəkib. "Səbail"in ev oyunlarını keçirdiyi Bayıl stadionu haqda danışaraq, burada futbol oynamağın riskli olduğunu deyib.

 

Əvvəla problemi cəsarətli şəkildə dilə gətirdiyi üçün "Qəbələ"nin baş məşqçisinə təşəkkür etmək lazımdır. Bu gün Azərbaycan futbolunda problemi görüb onu dilə gətirməyə cəsarət edən futbol adamı çox azdır. Həqiqətən də Bayıldakı stadionun qazonu futbol adına faciədir. İstismar müddəti çoxdan bitmiş süni örtük futbolçular üçün real təhlükə mənbəyidir. Mənə görə, bu cür meydançalara oyun salmaq cinayətə bərabər bir şeydir. Bu haqda dəfələrlə yazmışıq, demişik. Kİ, Keşlə, Tovuz, Zaqatala, Ağsu, Bayıl stadionlarının süni örtüklü meydançaları istismar müddətini başa vurub və bu cür stadionlara oyun salmaq yolverilməzdi. Bir ara Şüvəlandakı "AZAL Arena"nın neçə futbolçunu "bədbəxt" elədiyini yəqin ki, unutmamısınız. Bu gün eyni funksiyanı yuxarıda adları çəkilən arenalar davam etdirir. Bayıldakı qazonun futbol üçün təhlükəli və yararsız olduğunu dəqiqləşdirmək üçün mütəxəssis olmaq lazım deyil. Adi hava ötürməsi, qapıya zərbə zamanı yerdən çıxan qara rezin dənəcikləri, rezin tozu hər şeyi deyir. Görün, o qazon keyfiyyətini nə qədər itirib, yeyilərək nə qədər yararsız hala düşüb ki, topa zərbə vuranda rezin tozu çıxır. İllərdi lazımsız layihələrə, əcnəbi məşqçilərə, milliləşdirilmiş futbolçulara milyonlar xərcləyən AFFA görəsən niyə bu cinayətinə son qoymur? Niyə Bayıldakı stadionun qazonunu dəyişmir? Niyə bu meydançaya oyun təyin edir? Nədir məqsəd? Ümumiyyətlə, bütün Avropa, dünya bu cür meydançalardan imtina etdiyi halda, biz niyə hələ də süni örtüklü meydançalarda çempiont oyunları keçiriik? Olanlar azmış kimi, yeniləri də bura əlavə olunur. Şamaxı kimi gözəl təbiətə malik rayonda da süni örtüklü meydança inşaa edən AFFA eyni gözəlliyə malik İsmayıllıda da analoji meydança salmağa hazırlaşır. Bir sözlə, bütün güclərini səfərbər ediblər ki, Azərbaycanda futbol yerli-dibli məhv olsun. 

 

Bu arada, AFFA bəlkə Elmar Baxşıyevə də bir cəza versin? Ayxan Abbasova, Aftandil Hacıyevə verilən cəzalardan. Axı bizim futbol başbilənlərinin apardığı siyasətə görə, onların fəaliyyəti, stadionları, hakimləri haqda mənfi söz demək olmaz. Desən, dərhal AFFA İntizam Komitəsi səni cəzalandıracaq. İndi Baxşıyev də AFFA-nın stadionu haqda tənqidi fikirlər səsləndirərək, "reqlament"dən kənara çıxıb. Ona görə sabahkı iclasda 3-5 oyunluq cəzalardan birinə də Elmara verin ki, növbətu konfanslarda sizin futbol cinayətləriniz haqda növbəti dəfə danışıb əhvalınızı pozmasın...

 

Anar XANLAROV