Elmar Qasımov Cüdo Federasiyasına ağlr ittiham: "O qədər pul oğurlayırlar, bizə gələndə maaşı, mükafatı kəsirlər”
- 19 Okt 2021 21:06
- 958
Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov Cüdo Federasiyasından narazıdır.
Rekord.az xəbər verir ki, “qafqazinfo”ya danışan idmançı rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib.
Qasımov əvvəlcə Olimpiadadan öncə yığmadan uzaqlaşdırılması ilə bağlı danışıb:
“Yığmadan uzaqlaşdırılmaq məsələsini özüm də başa düşmədim. Dedilər ki, “Tik-tok”da çəkdiyim videolara görə belə addım atılıb.
Onsuz da, həmin vaxt yığmada deyildim, məşq eləmirdim. Ölkə xaricində istirahətə yollanmışdım. Olimpiadaya da aparılmırdım.
Buna görə mənim maaşımı da kəsdilər, Olimpiadaya lisenziya qazandığıma görə veriləcək 5 min manat mükafatı da vermədilər.
Fikrimcə, bu cür addımların əsasında bir şey dayanırdı ki, mənim pulumu kəssinlər. Bundan qabaq da belə hallar baş verib. Kimin maaşını istəyirlər kəsirlər.
Bəhanə gətirirlər ki, məşqə gecikmisən. 2017-ci ildə dünya çempionatında yer tutanda da eyni şeyi etmişdilər. Mükafatlarımızı 18 min manat az vermişdilər.
Adamın həvəsi qalmır bu cür hadisələrdən sonra. Olimpiya ikincisi, dünya və Avropa çempionatlarının mükafatçısıyam, amma 800 manat maaş alıram, bu da ancaq yol pulu edir.
Deyə bilmərəm ki, maaşı kəsməklə hamıya haqsızlıq edirlər, amma haqsızlığa uğrayan çox adam var. Rəhbərlik də ürəyi nə istəyir onu edir”.
Qasımov Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaması barədə də fikirlərini bildirib: “Olimpiadaya hazır deyildim. Həm pandemiyaya görə, həm digər səbəblər var idi ki, hazır olmadım. Əslində, məşqlər düzgün keçirilmirdi, çox zəif idi”.
Təcrübəli cüdoçu Olimpiadada komandamızın zəif çıxışında məşqçiləri günahlandırıb: “Dəqiq səbəb deyə bilməsəm də, məşqçilərin günahkar olduğunu düşünürəm. Mən Olimpiadadakı çıxışa zəif yox, çox zəif deyərdim. Bütöv komanda uğursuz oldu. Olimpiadadan sonra nəticənin pis olmasına görə idmançıların maaşları azaldıldı, məşqçilər qovuldu. Düşünürəm ki, maaşların azaldılmasını hardasa düz saymaq olar. Çünki Olimpiadadan öncə maaşlar qaldırılmışdı. Amma bunlar problemi həll etmir. Təzə məşqçilər nəsə yenilik gətirə bilərlər, uğur qazana bilərlər. Keçmiş baş məşqçi Ruslan Maşurenko komandaya lazım olanı verə bilmirdi. Onun dövründə komanda çox zəiflədi. İdmançılar nə qədər narazılıq etsə də, rəhbərlik Maşurenkonun tərəfini tuturdu. Yığma komandadan şəxsi məşqçiləri uzaqlaşdırırdılar, çünki Maşurenko belə istəyirdi. İdmançılar narazılıq edəndə idmançıları da göndərirdilər. Bizim özümüzü Olimpiada qabağı iki aylıq məşqdən uzaqlaşdırdılar. Tokio-2020-yə 1 ildən bir az çox qalmışdı Hidayət Heydərovu, Məmmədəli Mehdiyevi və məni yığmadan uzaqlaşdırmışdılar. Bu hansı peşəkarlığa sığır? Rəhbərliyin vecinə deyil ki, kim medal qazanacaq, kim yox”.
Elmar Qasımov “Tik-tok” hesabında çəkdiyi və bəzən etirazlarla qarşılanan videoların şəxsi işi olduğunu deyib:
“Mən federasiyaya da demişəm, indi də deyirəm ki, bu şəxsi işimdir. Hər kəs “Tik-tok”da, İnstaqramda, feysbukda və digər sosial şəbəkələrdə video paylaşa bilər. Bu onun haqqıdır, eləcə də mənim. Mən edəndə niyə kiminsə gözünə girir? Kimisə təhqir etmirəm, narkotiki təbliğ etmirəm və ya pozğunluq yaymıram. Məşhurlaşmaq istəyir deyirlər ki, bu da doğru deyil. Məşhur biri sosial şəbəkələrlə necə məşhur ola bilər? Onsuz da Azərbaycanda kifayət qədər tanınıram. Sadəcə izləyici artır, baxış sayı gəlir. Ona görə çəkirdim. Sonra məni tənqid etdilər və daha çox çəkməyə başladım ki, vecimə deyil”.
“Cüdoda bundan sonra yeni dönəm başlaya bilər” sualına idmançı belə cavab verib:
“Düşünmürəm ki, nəsə yeni dönəm başlasın. Çünki rəhbərlikdə elə adamlar var ki, onlarla mümkün deyil. İdmançıda məşq etmək üçün həvəs saxlamırlar. Bəlkə nəsə dəyişiklik olsa, onda irəli getmək imkanı yaranar. Cüdomuz üçün etdiyim şeylərin qiyməti 800 manatdır? Söhbət təkcə bundan getmir. O qədər pul oğurlayırlar, amma bizə gələndə maaşı, mükafatı kəsirlər. Üstəlik, Beynəlxalq Cüdo Federasiyasına məktub yazıblar ki, bu problemli idmançıdır, 4 il oradan da 800 manat almalı idim, amma imkan vermədilər. Medal qazananda isə öz adlarına çıxarırlar ki, belə işlədik, dəstək olduq, medal qazandıq. Əslində isə əziyyət çəkən bizik. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqova narazılıq etməsəm də, məşqçilərə demişəm ki, 13 min manatımı kəsiblər, bunun səbəbini izah edə bilərlər? İndi də Sadıq Sadıqov, baş məşqçi Mövlud Mirəliyev və başqaları deyir ki, gəl məşqə. Bildirdim ki, yol pulum yoxdur, cibimdən verib gələcəm? Gündəlik 10 manat yol pulu verirəm, məşq edəndə qidalanma başqa olur. Bütün bunlar xərcdir. Deyirlər ki, gəl özünü sübut et. Mən özümü kimə sübut edim? Yetərincə mükafatlarım, uğurlarım var. İndi də deyirsən ki, verə bilmərik, hamıya eyni maaş veririk. Sonra baş məşqçi Mövlud Mirəliyev bildirdi ki, 2000 manat maaş olacaq, amma ay sonu yenidən 800 manat verdilər. Mən də “sağ olun” deyib çıxdım. İndi məşq də eləmirəm. Rəhbərlik edən Sadıq Sadıqovdur və hər şey ona bağlıdır”.
Elmar Qasımov Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının bürünc mükafatçısıdır. O, həmçinin Avropa çempionatında iki dəfə bürünc, bir dəfə gümüş medal qazanıb.
30 yaşlı cüdoçu 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında bürünc, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb.