Elşad Əhmədov Kvaşukun cavabını verdi
- 29 Yan 2020 15:00
- 1079
“Sabah”ın sabiq futbolçusu Vitali Kvaşuk bir neçə gün əvvəl Ukrayna mətbuatına verdiyi açıqlamada Elşad Əhmədovla bağlı tənqidi fikirlər səsləndirmişdi. 27 yaşlı futbolçu keçmiş baş məşqçisi ilə mübahisə etdiyini, Əhmədovun onunla məşqlərdə kobud davrandığını, üzərində təzyiq olduğunu bildirib.
Məsələ ilə bağlı Elşad Əhmədovun fikirlərini öyrənmək istədik. “Sabah”ın sabiq baş məşqçisinin Vitalinin söylədiklərinə münasibəti belə oldu: “Təzyiqin olması boş söhbətdi. Komandaya yeni gələndə özünü yaxşı tərəfdən göstərmişdi, tam uyğunlaşmışdı. İlk turlarda yaxşı çıxış edirdi. Sonradan onun formadan düşməsinin səbəbini mən bilirdim, bunu digər məşqçilərə də söyləmişdim. İlk yarının sonuna qədər onun formadan düşəcəyini hiss edirdim. Gözlədiyimiz kimi də oldu, getdikcə formadan düşdü. Bunun səbəbini mətbuata açıqlamaq fikrində deyiləm, onunla bağlı problem idi. Etiraf edirdi ki, özünə bənzəmir. Mənə bunun səbəbi maraqlıdı ki, niyə özünə bənzəmirdi?
Müsahibədə münasibətimiz haqda da danışıb. Mən onunla söhbətimdə “bəli, trener”, “bəli, məşqçi”, “bəli, koç” sözlərindən başqa heç nə eşitməmişəm. Müsahibədə niyə elə dediyini bilmirəm, Vitali elə oğlan deyildi. Ola bilər, jurnalistlər də düzgün tərcümə etməyiblər. O, “Əhmədovu yerinə otuzdurdum” kimi fikir səsləndirib. Amma inanmıram ki, Vitali belə sözlər desin. Formadan düşməsi ilə bağlı günahı özündə axtarmalıydı. Legioner yerli futbolçulardan ikiqat üstün oyun sərgiləməlidi. Tapşırıqlarla bağlı onu aldatdığımı deyib. Təkbətək epizodlarda futbolçu nə etməlidi? Qarşısındakı futbolçunu aldatmalıdı. Digər halda isə ötürmə verməyi bacarmalısan. Orda elə fikirlər səsləndirib ki, bunun səbəbini bilmirəm. Amma Vitali mədəni, qanacaqlı insandı. İnanmıram ki, başqa fikirlə, niyyətlə nəsə deyə. Ola bilər ki, tərcümədə səhv olub. Bizdə də var da belə hallar, nəyisə şişirdərək, üstünə qoyaraq yazmaq. Olsun, eyibi yoxdu”. ("Futbol-plus" qəzeti)