"Qarabağ"ın tarixində ən yaxşı futbolçulardan, ən çox oyun keçirənlərdən biri olan sabiq kapitanı, oynayan məşqçisi Elşad Əhmədov. İkinci Qarabağ Müharibəsinin başlanması ərəfəsində 50 illik yubileyini qeyd edən veteran futbolçu doğma Ağdamının, doğma Şuşasının qayıdışının sevincini yaşayır, necə deyərlər, göylərdə uçur. Bu münasibətlə təbriklərimizi çatdırdığımız Əhmədovla söhbətləşərək keçmişə səyahət etdik.

 

- Hər birimizin gözü aydın olsun! Allah qismət elədi bizə bu günü görməyi. Burnumuzun ucu göynəyir o yerlərdən ötrü...Bu illərdə nələr gördük, nələr eşitdik. Hər halda, bu günə də şükür - Qarabağımız qayıtdı!

 

- Ağdam Elşad Əhmədov üçün nə deməkdi?

- Belə götürəndə, uşaqlığım Yevlaxda keçib. Çünki orda doğulmuşam. Ancaq atam ağdamlı, anam şuşalıdı. Uşaqlıqda bütün yayı oralarda - Şuşada keçirmişik. 8-ci sinfədək - 1982-ci ilədək hər yay 3 aylıq Şuşaya getmişik. Oranın məşhur qəsəbəsi var - Turşsu. Gedib orda qalırdıq bütün yayı. Ana nənəmin Şuşada qohum-əqrəbası var, onların evinin yanında çadır qurub qalırdıq. Əlbəttə, Cıdır düzündə də gəzmişik. Oralardan ötrü çox darıxmışam. Turşsunun yeri başqa idi. Mineral suyu vardı, onu içib dura bilməzdin, adamın gözündən yaş gəlirdi. Elə qazlı su olurdu Turşsuda. 

- Şuşada son dəfə nə vaxt olmusunuz?

- 1991-ci ildə. Həmin vaxt Ağdamda oyunumuz var idi, "Qarabağ" SSRİ çempionatının II dəstəsinin 9-cu zonasında çıxış edirdi. İkinci dövrədə müharibə şəraitiylə əlaqədar səs-küy olduğuna görə rəqiblərimiz Ağdama gəlmirdi. Nəticədə ev matçımız olmadı, baş məşqçimiz Ağasəlim Mircavadov komandanı 3 günlük buraxdı. Boş idik, Bakıya yollanmaqdansa getdik Şuşaya. 4 nəfər idik - mən, Təbriz Həsənov, Mahir Əliyev, Müşfiq Hüseynov. Son dəfə onda getmişəm ora, Cıdır düzünə yollandıq. Həmin vaxt Şuşaya gediş-gəliş problemli idi. Komendant saatı vardı, camaatı yığıb 5-6 maşınla Şuşaya aparırdılar. Tanış taksi sürücü vardı, o, Şuşaya gedib-gəlirdi. Bizi də apardı, onu ermənilər də, hərbçilər də tanıyırdı. İki gün Şuşada olduq. Orda bir məşhur mehmanxana var, həmişə televizorda göstərirlər. Həmin vaxt "Qarabağ" adlanırdı, orda qaldıq. Şuşaya son səfərimdən xatirə qalan çəkdirdiyimiz şəkildi.

- Orda futbol oynamağa imkan tapmısınız?

- Yox, orda yalnız bir kiçik stadion vardı, şəhərin mərkəzində, yalnız bu idi. Şuşada böyük stadion, futbol komandası heç vaxt olmayıb. Ancaq bir nəfər şuşalı futbolçu olub bizdə - 1991-ci ildə. Rizvan Vəliyev, yarımmüdafiəçi idi. Şuşadan gəlmişdi, Ağasəlim müəllim onu komandaya götürmüşdü. Hələ sifariş etməmişdilər. O da oynaya bilmədi, dünyasını dəyişdi.

 

- Səbəb?

- Qarakənd yox, ondan sonra bizim 2-ci vertolyot da vuruldu. Rizvan da onun içində olub. Məşqdən çıxdı, Ağdamdan Şuşaya vertolyotla qayıtmışdı. Gecikdi yol maşınına, dedilər ki, vertolyot uçur, getdi ona çatdı. Onu da şərəfsiz ermənilər vurdu. Axşam eşitdik ki, həmin vertolyotda Rizvan da olub. Həmişə onunla zarafat edirdik ki, Şuşadan bir futbolçu çıxıb, gör nağarırsan...

 

- Belə çıxır ki, Şuşaya bağlı olan ən tanınmış futbolçu sizsiniz. Ancaq eyni zamanda şuşalı da olmağınız mətbuatda demək olar getməyib...

- Şuşalı futbolçu kimi deməzdim. Anam, nənəm şuşalıdı. Bəli, bir tərəfdən ora bağlılığım var. Atam Ağdamın kəndindəndi - Boyadəhmədli-Papravənddəndi. Ancaq pis çıxmasın, məni yevlaxlı yox, daha çox ağdamlı kimi tanıyırlar. 

- "Qarabağ"ın doğma stadionu "İmarət". Son oyunumuz kubokun yarımfinalında "Turan"la olub və 1:0 hesabıyla qalib gələrək finala çıxmısınız. Sonda komandanızı ilk dəfə Azərbaycan Kubokunu qalib edən həmin yarımfinal görüşünü necə xatırlayırsınız?

- O matçın videokasseti də var. Onu biz çəkdirmişik, "Turan"ın operatoru vardı ona. Xahiş elədim ki, bunu çək, bilmək olmaz, bir dəfə Ağdama gəldik, ya yox. Yadımdadı, qələbə topunu Yaşar Hüseynov vurmuşdu. Maraqlı matç alındı, stadionun kənarında daha çox hərbçilər idi. O vaxt məlum vəziyyətə görə Ağdamda qalmırdıq, gediş-gəliş vardı. 

 

- Bəs, harda qalırdınız?

- Mingəçevirdə. Yalnız oyundan-oyuna Ağdama gəlirdik. Ağasəlim müəllimdən xahiş elədik ki, 1 günlük gedək Ağdamda qalaq. Orda qalmağa imkan yox idi, yalnız hərbçilər qalırdı. May ayı idi, mehmanxanada komanda üçün 1 günlük yer düzəltdilər, rəhmətlik Adil Nadirovun sayəsində. O gecə şəhərdə demək olar heç kim yox idi, çox az adam vardı. Çünki ermənilər "Qrad"lar atdıqlarından yaşayış yox idi.  

- Yeri gəlmişkən, "Qrad"ların ın altında çox oynamısınız. Bakı "İnşaatçı"yla bir məşhur matçınız olub...

- Düzdür, sadəcə, fasilədə olmuşdu o hadisə. Oyundan əvvəl səs-küy vardı, ancaq ilk hissədən sonra atdılar. "İnşaatçı"nın futbolçuları yaman qoxmuşdular, hətta bizə dedilər ki, sən Allah, birtəhər bir hesab yazın, ilk hissədən sonra çıxaq gedək. Biz də onları sakitləşdirdik ki, nə problemdi ki, oynayacağıq sonadək. Oynadıq da, 2:0 udduq. İkinci 45 dəqiqədə çox qorxmuşdular onlar, yaman həyəcan idilər. Bir maraqlı, vacib epizod da var, onu sizə deyim.

 

- Buyurun...

- "Kəpəz"lə matçımız vardı 1993-cü ildə. "Pambıqçı" isə həmin gün Bərdədə "Turan"ı qəbul edirdi. Onda Gəncə klubunun oynayan məşqçisi Mehman Allahverdiyev idi. Onun "şot"una oyun olmadı - ermənilərin "Qrad" atmasına görə. Ağdamdakılar da deyirdilər ki, narahat olmayın, oynayın, ermənilərə demişik atmasınlar. Belə zarafat edirdilər, çünki futbola baxmaq istəyirdilər. Mehman ordakı vəziyyəti gördü, bir dənə onun sözünə görə oynamadılar. Meydana çıxmaqdan imtina etdilər, getdilər. 

 

- Texniki məğlubiyyət verildi "Kəpəz"ə?

- Yox. Bir də təkrar gəldilər Ağdama, oynadıq. Oyun olmayan günü bazada oturmuşuq. Bir böyük qoz ağacı vardı "İmarət"in yaxınlığında. Fikirləşirdik ki, "Qrad"ı Əsgərdandan atanda, ağacın bu tərəfində, Bərdədən atanda o biri tərəfində dayanarıq, qorunarıq. Belə danışaraq zarafat edirdik, oyun da olmadı. Çıxdıq getdik Bərdədəki matça baxmağa. Hardasa 4-də başlamışdı, oyuna baxdığımız zamanı səs gəldi ki, Ağdamı "Qrad"la vurublar. Ancaq bilmirik dəqiq hara düşüb. Allahın işidi, fikirləşirdik ki, atsalar, qalıb gizlənəcəyimiz yer - qoz ağacı var. Gəldik gördük ki, onun əks tərəfi qəlpələrlə doludu. Stadionun arxasında məhləyə düşmüşdü. Əsgəran yox, Bərdədən tərəfdən ağacı deşik-deşik eləmişdi. Bundan sonra hər dəfə Mehmanı görəndə, deyirdik, ki, canımızı sən qurtardın, yoxsa rəhmətə gedənlərdən arasında biz də olacaqdıq. Sizə onu deyim ki, meydançaya 2 dəfə "Qrad" düşmüşdü. Biri düz meydançanın ortasına, biri də məşqçilər oturan yerə. Ora düşüb dağıtmışdı. Meydançada isə yumşaq yerə düşmüşdü, partlamamışdı.

- Belə şəraitdə məşq etmək, oynamaq, ümumiyyətlə, yaşamaq qorxunuz yox idi?

- O ab-havaya, epizoda grəndən sonra vallah qorxmursan. Neçə dəfə bazada icazəsiz qalırdıq. "Qrad"ın səsinə öyrəşmişdik, adamın içinə bir rahatlıq gəlirdi, narahatlıq yox. Kənardan qorxuludu, ancaq içinə girəndən sonra hər şey yaddan çıxır. Ağdamlı gənc futbolçu vardı bizdə - Vüqar Səfərov. Onların evinə düşmüşdü və nəticədə valideynləri rəhmətə getmişdi. 

 

- Ağdamda son dəfə nə vaxt olmusunuz? Ora gedəndə hansı hissləri keçirirdiniz?

- 3-4 il o tərəfə getmirəm. Gedəndə, baxırdın işğalda olan Ağdamın hissəsinə, burnunun ucu göynəyir ki, necə ola bilər o tərəfdə qalan torpaqlarımıza gedə bilmirsən. Ağdamda 42-ci kilometr deyilən bir yer var, ora gedəndə həmişə kövrəlirdin. Deyirdin ki, nə vaxt düz gedəcəyik. Nəhayət, noyabrın 20-də gördük ki, artıq yol açılıb, ordumuz, tanklarımız Ağdama girdi. İnşallah, bizlər də gedərik ora.

 

- Haraları ilk növbədə ziyarət edəcəksiniz?

- Ağdamda daha çox məscid və Şəhidlər Xiyabanı olan yerlər mərkəz sayılır. Rəhmətlik Allahverdi Bağırovun qəbri ordadı - abidə deyilən bir yer var. Qohum-əqrəbanın - əmimim, bibimin qəbirləri Ağdamdadı. Atam isə ordan gəlib Yevlaxda işləyib, evlənib, dünyasını dəyişib, qəbri də ordadı. 

- 44 günlük Vətən Müharibəsi necə keçdi sizin üçün?

- Gecə 4-də yatıb, 6-da dururduq ki, bir də baxaq telefona, cəbhədə görəl nələr oldu. Ağdamlı qəhrəman var - rəhmətlik Fred Asif. 90-cı illərdə özü, qardaşları bizə çox dəstək olurdular. Fred Asif komandamıza düşərgə düzəltmişdi, bütün gününü bizimlə keçirirdi. Yalandan nə deyək, avtomat atmaq, snayperlik etmək əlimizdən gəlirdi. Ancaq ürəyimiz ağrıyırdı hərbçilərimizə kömək edə bilmədiyimizə görə. Fred Asifin şəxsən mənə dediyi bir söz vardı ki, siz meydançada futbol oynayın, bu, bizə bəsdi, lazım deyil döyüşməyiniz. Deyirdi ki, "Qarabağ" Ağdamda oynadıqca, ermənilər də biləcək Ağdam yaşayır, Azərbaycan dövləti, xalqı da görəcək ki, burda həyat davam edir. Bunlar deyiləsi, çatdırılası vacib sözlər idi. 

 

- 50 illik yubileyinizə ikiqat hədiyyə aldınız - həm Ağdam, həm Şuşa işğaldan azad olundu. Bundan sonrakı arzunuz nədi?

- Bu, mənim üçün ikiqat yox, 200, 500 qat hədiyyə oldu. Keçən il 49 yaşım tamam olanda jurnalistlər məndən soruşdular ki, ən böyük arzunuz nədi. Demişdim ki, Qarabağın qayıtması. Bu arzum həyata keçdi və mənim üçün ən böyük təbrik, hədiyyə oldu.  (sport24.az)