
Elvin Cəfərquliyevin uşaqlıq məşqçisi: "Psixoloji yükləmələr onu relsdən çıxardır"
- 26 Mar 2025 11:00
- 3046
Son günlər Elvin Cəfərquliyev öz hərəkətləri ilə yenidən gündəmdədir. Haiti ilə oyunda yersiz qırmızı vərəqə alaraq meydançadan qovulan 25 yaşlı futbolçu, ardınca millinin də düşərgəsindən kənarlaşdırıldı. Bu, Elvinin ilk belə hərəkəti deyil. 2 həftə öncə "Araz Naxçıvan"la çempionat oyununda da rəqibi boğması ilə diqqət çəkdi və sonradan bu hərəkətinə görə AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəza aldı. Təəssüf ki, etdikləri sistematik hal alıb və davamlı təkrarlanır. Bəs görəsən xarakterindəki bu çatışmamazlıq uşaqlıqdan onda olub, yoxsa sonradan yaranıb? Bu sualla Elvinin uşaqlııq məşqçisi Adil Mahmidova müraciət etdik.
Rekord.az-a açıqlama verən Mahmudov sabiq yetirməsi haqda bunları dedi: "Bəli, Elvin uşaqlıqda mənim tələbəm olub, uşaq futbolunda "İnter"də mənim rəhbərliyim altında 2 ildən artıq oynayıb. Həmin dönəmdə bir dəfə də olsun hansısa artıq hərəkətə yol verməyib. Nizam-intizamı yüksək səviyyədə olub. Həm məşqlərdə, həm də oyunlarda. Heç vaxt qırmızı vərəqə, sarı vərəqə ilə gündəmdə olmayıb. Mənə elə gəlir ki. son 3 ildə psixoloji yükləmələr onu relsdən çıxardır. Futbolda oyuna psixoloji hazırlaşmalar olur. Bu cür hazırlaşmalar onu vurub relsdən çıxardır və özündən asılı olmayaraq bu vəziyyətə gəlib düşür. Yəni psixoloji gərginliyə. Haiti ilə oyunda da belə oldu. Heç bir futbolçu istəməz ki, qırmızı vərəqə alsın. Yenə deyirəm, Elvində bu proseslər son 3 ildə yaşanır. Mən məsləhət görərdim ki, hansısa psixoloqla görüşüb müəyyən məsləhətlər almaq olar".
Mahmudov futbolçunun qısa zamanda tanınmasının, yüksək məbləğdə pullar qazanmasının onun xarakterinə təsirini inkar edir: "Qazandığı pullar bunların haqqıdır. Mən deyərim ki, bugünkü oyunlarına görə daha çox qazanmalıdırlar. İnanmıram ki, xarakterindəki dəyişiklik, aldığı qırmızı vərəqələr onun pullanması ilə bağlı olsun. Oyun vaxtı bunlar yada da düşmür. Sadəcə, oyuna hədsiz dərəcədə köklənirsən və oyunun müəyyən dəqiqəsində belə vəziyyət yaranır. Bu, tək Elvinlə bağlı deyil, digər futbolçularda da bu cür psixoloji gərginlik olur".