Elxan Məmmədov, azarkeşlərlə bağlı sualdan niyə yayınırsan?
- 27 Apr 2021 14:00
- 741
Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun sport24.az saytına müsahibəsini oxudum. İcraçı vitse-prezidentə sual verilib ki, Avro-2020-ə BOS-un tutumunun 50 faizi qədərində azarkeş qəbul ediləcək və bununla bağlı UEFA-ya zəmanət verilib. Olmaz ki, daxili çempionata da azarkeşlərin buraxılmasına icazə verilsin. Məmmədov xarakterinə və apardığı siyasətə uyğun olaraq sualdan yayınıb. Cavab verib, amma daxili çempionata azarkeş cəlb olunmasını qoyub qırağa, başlayıb Avro-2020-dəki təşkilatçılıq, sosial məsafə, maskadan danışmağa və zəmanət üçün də dövlətə, Operativ Qərargaha təşəkkür edib:
- Stadionun tutumu 68 min nəfərdir. UEFA-nın tribunalarda quraşdıracağı studiyaları və təhlükəsizlik zonalarını nəzərə alsaq, yerlərin sayı 62 minə enəcək, bunların yarısını 31 min tamaşaçı təşkil edəcək. Bu azarkeşin hər oturacaqdan bir əyləşəcəyi deməkdir. Bu, sosial məsafəni qoruyacağımız deməkdir. Stadionda maska rejimi tətbiq olunacaq. Bakının stadiona 50 faiz girişə icazə verməsi böyük uğurdur. Vəziyyəti nəzərə alsaq, bəzi şəhərlər tamaşaçı sayında 30 faizdən yuxarı qalxa bilmirlər. Müvafiq qərarı verən, bu barədə ictimaiyyəti xəbərdar etdiyimiz hökumətimizə, Nazirlər Kabineti yanında Operativ Qərargahımıza minnətdarlığımı bildirmək istəyirəm. Kimsə düşünə bilər ki, niyə stadionu 100 faiz açmayaq? Riskləri minimuma endirməliyik. Hesab edirəm ki, düzgün balans tapıldı: azarkeşlərlə maska rejimi arasındakı məsafəni qoruyaraq riskləri minimuma endirmək. Unutmayaq ki, Avropa çempionatı 4 ildən bir keçirilən tarixi hadisədi.
Göründüyü kimi, Məmmədov suala cavab verməyib, Arif Quliyev deməli, onun ətrafında “kruq” vurub. Halbuki verilən suala konkfret cavab verilməli idi. Düşünürəm ki, Premyer Liqanın son iki turuna mütləq müəyyən sayda azarkeş buraxılmalıdır. Ən pis halda, ölkə kubokunun finalı mütləq azarkeşlə keçirilməlidir. Yəni sən iyunda Avropa çempionatında 30-35 min azarkeşlə bağlı zəmanət verirsən, amma mayın sonunda daxili yarış üçün 300-500 azarkeşə zəmanət verə bilmirsən? Bu boyda anormallıq, ziddiyyət ola bilməz. UEFA-nın özünü şübhəyə salmış olacaqsan. UEFA soruşa bilər ki, qardaş, sən mayın 24-də öz ölkənin kubok matçında 300 azarkeşin stadiona girişinə zəmanət verə bilmirsənsə, 2 həftə sonra Avropa çempionatında 30 minin girişinə necə zəmanət verəcəksən?
Anar XANLAROV