Elxan Məmmədov niyə əl-ayağa düşüb?
- 02 Okt 2021 11:00
- 801
Deyəsən yeni vəzifəsi Elxan Məmmədova düşmədi. Yox, postundan filan getmir, əvvəlki kimi yenə Azərbaycan futbolunda əsas idarəedici şəxs olaraq qalmaqdadır. Sadəcə, iş ondadır ki, icraçı vitse-prezident oldu-olalı narahatçılıqları çoxalıb. Məsələn, ölkə başçısı ölkədəki idman federasiyalarının fəaliyyətini tənqid etdi, həmin qurumların və onların fəaliyyətlərinin araşdırılmasının vacibliyini qeyd etdi. Düzdür, ölkənin birinci şəxsi konkret olaraq, futbola toxunmadı. Amma mümkün deyil ki, dünyada bir nömrəli idman növü olan və Azərbaycanda dövlətin ən çox maliyyə ayırdığı futbol diqqətdən kənar qala. Ardınca yeni təyin olunan gənclər və idman nazirinin də Azərbaycan - Portuqaliya matçının stadiondan canlı izləməsi, oyundan sonra futbolun durumundan narazılıq ifadə edən açıqlaması, bunun ardınca ilk olaraq AFFA-ya getməsi icraçı vitse-prezident-baş katibi narahat etməyə bilməz. Demək ki, dövlət futbolda baş verən prosesləri daha yaxından izləməyə başlayıb. Üstəlik qarşıdan millinin oyunları gəlir və növbəti məğlubiyyətlər ictimaiyyət tərəfindən narazılıq və tənqidləri daha da artıracaq. Bu tənqid və narazılıqlar fonunda hökumətin də AFFA-ya təzyiqi güclənə bilər. Hər halda, yeni nazir stadiona elə-belə getməmişdi. Bütün bu proseslər təbii ki, Məmmədovu narahat etməyə, yuxusunu ərşə çəkməyə bilməz. Görünür bu səbəbdəndir ki, illərdi kabinetdən kənara çıxmayan vitse-prezident-baş katib düşüb rayonların canına. O gün Tovuz, dünən Şəki, bu gün İsmayıllı və s. Hansı ki, adam əslən şəkili ola-ola baş katiblik dönəmində bir dəfə Şəkiyə rəsmi səfər etməyib, oranın futbolu ilə maraqlanmayıb. Şəkililər illərdi az qala yalvarır ki, stadionun qazonu yaman gündədir, AFFA kömək edib heç olmasa süni bir meydança salsın. Amma onları eşidən yox idi. Amma indi Məmmədov öz ayağı ilə Şəkiyə gedib guya orada futbolun inkişafında maraqlı olduğunu göstərir.
Ordan da çıxıb İsmayıllıya gedir, ardınca da məlumat yayır ki, orada komanda yaradacaq, yeni meydança saldıracaq. Təbii ki, süni meydança. Məmmədovu başa düşdüm, süni meydança məsələsində onun xüsüsi marağı var. Onunla birgə həmin əraziləri gəzib boş yer axtaran İsmayıllının icra başçısına nə gəlib? O gərək deyə ki, ay Elxan, İsmayıllıda ot yerdən öz-özünə çıxıb göyərir niyə bu təbii gözəlliyi süniləşdirirsın bizə süni örtük lazım deyil, sən top ver, forma ver, inventar ver, meydança işini özümüz həll edərik. Nə isə, bu artıq başqa söhbətin mövzusudur.
Görünən budur ki, Məmmədov əməlli-başlı narahatdır. Ona görə məcbur qalıb bu soyuq, yağışlı payız günlərində isti yerini qoyub bölgə-bölgə Azərbaycanı gəzir. Ki, ilin sonuna dövlətə "futbolun inkişafı yönündə görülən işlər" başlığı altda yeni nağıl danışa bilsin. Amma inanmıram ki, ictikmaiyyətin, hökumətin haqlı narazılıq, tənqid və təzyiqləri fonunda bu dəfə hansısa nağıl icraçı vitse-prezident-baş katibə kömək etsin.
Anar XANLAROV