Ramin Musayevin istefasından sonra PFL-in yeni prezidenti elan olunan Elxan Səmədov haqda əksəriyyətdə dolğun məlumat yoxdur. Bilinən budur ki, sabiq baş katib Elxan Məmmədovun kadrlarındandır, futbolda hansısa xüsusi fəaliyyəti, idarəçilik naliyyəti olmayıb. Daha çox futboldan kənar, təhsil və iqtisadi sahədə çalışıb. AFFA-da isə daha çox uşaq futboluna aid sahədə işləyib. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.  2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışan Elxan Səmədov UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib. 

Rekord.az xəbər verir ki, futbolda ciddi idarəçilik bacarığı olmadığı halda, Elxan Məmmədov ona birbaşa olaraq mühüm post vermək istəyirmiş.

Belə ki, sabiq baş katib bir neçə il öncə adaşını "Qəbələ"yə rəhbər şəxs kimi göndərmək istəyirmiş. Hansı ki, həmin dönəm "Qəbələ"də ciddi maddi sıxıntı var idi və klub maliyyə yardımı üçün AFFA-ya ağız açmışdı. AFFA da buna qarşılıq olaraq, klubun idarəçiliyində müəyyən üstünlük əldə etmək istəyirdi. Məhz bu səbəbdən Səmədovun bölgə klubuna prezident kimi göndərilməsi planda var idi. Lakin "Qəbələ" rəhbərliyinin, sponsorların hamısının klubdan tam olaraq imtina etməməsi, federasiyanın planlarınl pozdu. Halbuki, kluba nəzarət tamamilə AFFA-nın əlinə keçəydi, bu gün prezident postunda Fariz Nəcəfov yox, Elxan Səmədov yer alacaqdı.