Elxan Məmmədov: “Restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil”
- 19 Fev 2020 15:41
- 734
AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə “AÇ-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, Məmmədov tədbirdə bunları deyib:
“Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı. Xarici şirkətlərdən suvenirlər sifariş olundu. 4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı”.
Məmmədov “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə müqayisədə AÇ-2020 zamanı futbol fan-zonalarına girişin pulsuz olacağını da vurğulayıb:
“Bunun üçün bilet sahibi olmağa gərək yoxdur. Tam açıq, əyləncə məkanıdır. Təbii ki, orada qiymətlər Avropadakı kimi olmayacaq, yerli bazara uyğunlaşdırılacaq”.
Elxan Məmmədov çempionat oyunları zamanı süni qiymət artımına da münasibət bildirib:
“Biz şəhərə nəzarət edə bilmərik. Paytaxtdakı restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil. Otellərdə qiymət artımı 30 faizdən çox olmamalıdır. Elə etməliyik ki, bura gələn turist bir neçə ildən sonra yenidən ölkəmizə öz ailəsi ilə yenidən qayıtsın. Əvvəllər restoranlar xaricdən gələnlər üçün ayrı, yerlilər üçün fərqli qiymətlər təklif edirdilər. Bunun qarşısı alındı. Özümüz də xidmətlərin ucuz olduğu yerlərə gedirik”. (Report)