Elxan Məmmədova sevgi borcumuz
- 23 Apr 2022 15:16
- 1083
- Bibi Yusifi sevirmi?
- Bəli, bibi Yusifi sevir!
- Yəqin ki, Yusif də bibini sevir...
- Bəli, Yusif də bibini sevir! (“Bəxtiyar” filmindən)
Sevgi məsələsi çox qəliz məsələdi. Onu yaşamaq nə qədər gözəldisə, həm də çətindi. Bəzən sevgi məşəqqətə, göz yaşına, həsrətə də çevrilə bilir. Sevgi o zaman insana zövq, həyat enerjisi verir ki, həmin sevgi qarşılıqlı olur. Yəni ki, iki şəxs bir-birini sevir, kiminsə sevdiyi onun sevgisinə qarşılıq verir. Bütün bunlar hamının başına gələn, hamımızın tanış olduğu hadisələrdi. Qarşılıqsız sevgi bir çox hallarda bədbəxtliyə, intihara, ailələrin dağılmasına, kiminsə öldürülməsi kimi pis hadisələrə də səbəb ola bilir.
Romantik duyğuların əsirinə çevrilməmişəm. Bu gün sizə sevgidən yazmağım da səbəbsiz deyil. Siz də bilirsiz ki, uzun illərdi Azərbaycan futbolunun başına olmazın oyunlarını açan Elxan Məmmədov FİFA da vəzifə alıb. Adam yavaş-yavaş Azərbaycan futbolundan əlini çəkmək üzrədi. Düzdü, bunu xoşluqla etmir. Onu buna məcbur edirlər. Min cür don geyindirsələr də, işin əsli belədi. Fərid Qayıbovun Gənclər və İdman naziri təyin olunmasıyla start götürən proses özünün məntiqi sonluğuna yaxınlaşmaqdadı. AFFA rəhbərliyinin “Qarabağ” klubunun ölkə başçısı İlham Əliyevlə görüşündən kənarda saxlanılması həmin prosesin ən aktiv fazalarından biri idi. Ondan sonra FİFA rəhbərliyinin görüşünə tələsən Məmmədov burda ora təkcə AFFA prezidenti Rövnəq Abdullayevin salamını aparmamışdı. Həm də açıq-aşkar FİFA prezidentinə dərdini danışmağa, ona sığınmağa getmişdi. Hadisələrin sonrakı axarı da onu göstərdi ki, Canni İnfantino ona sahib çıxır. Özü də böyük həvəslə. Elxan Məmmədov isə Azərbaycan futboluna böyük təsir imkanlarını əldən vermək fikrində deyil. Ssenarini həmişə olduğu kimi, yaxşı yaza bilməsə də, vaxtı məhdud olsa da, onu həyata keçirmək əzmindədi.
Bütün bunlar məsələnin digər tərəfidi. Zaman-zaman proseslərin üzərinə işıq salıb, “kartları” açacağıq, qaranlıqları aydınlatmaq üçün təhlilər edəcəyik. İndi bəhs etmək istədiyim məsələ başqadı. Bəziləri iddia edir ki, Elxan Məmmədov azərbaycanlı olduğu üçün biz onun FİFA da vəzifə almasına sevinməli, bu təyinatı ikiəlli alqışlamalı, ona dəstək verməliyik. Mən kinli adam deyiləm, onun Azərbaycan futboluna etdiyi pislikləri unutmağa çalışaram. Amma az əvvəl qeyd etdiyim kimi, sevgi qarşılıqlı olmalıdı axı. Siz deyin görüm, Elxan Məmmədov bizi, yəni azərbaycanlıları sevirmi?
Məhz onun AFFA-dakı hakimiyyəti ələ keçirməsindən sonra “milliləşdirmə” prosesi iyrənc xarakter alıb və yeni sürət götürüb. Ordan-burdan gələnlər, Azərbaycan futboluna calaq edilənlər neçə-neçə azərbaycanlı balasının yolunu kəsib. “Milliləşdirilənlər” aşağıdan yuxarı bütün milli komandalara doldurulub, əsl azərbaycanlılar kənarda qalıb. Özlərinə haqq qazandırmaq üçün uşaq futbolunu məhv ediblər ki, soruşanda “yerli futbolçu yoxdu” desinlər. Milli komandaların məşqçiləri birmənalı olaraq əcnəbilərdi, yerli mütəxəssislərə etimad göstərilmir. İtalyan Canni De Byazi özüylə birlikdə beş həmyerlisini gətirib. Milli komandanın həkimi də ukraynalıdı. Sanki azərbaycanlı həkimlərin savadı, bacarığı məşqdə ayağı burxulan, oyun zamanı dizi əzilən futbolçuya kömək etməyə yetmir. Futbolu bir kənara qoyuram, deyək ki, bizimkilər bunu bacarmır. Bəs televiziyaya rəhbərlik etmək üçün əcnəbiyə nə ehtiyac var? Volkan Üstü “CBC Sport”a baş direktor təyin edən də elə Elxan Məmmədovdu, dostlar.
İndi siz deyin, Elxan Məmmədov azərbaycanlıları sevirmi? Bizim ona sevgi borcumuz varmı?