Son günlər Elxan Məmmədov çox narahatdır.

AFFA-ya yaxın mənbələrdən Rekord.az-a daxil olan məlumatlara görə, hələ ki, postunu və federasiyadakı təsir rıçaqlarını qorusa da hiss edir ki, həmin rıçaqlar get-gedə zəifləyir.

Nəticələr baxımından hər şey məlumdur, nəticə onsuz da yoxdur. Yəni bu baxımdan Məmmədovun sinəsinə sipər edəcəyi heç nə yoxdur. Lakin bu günə qədər bunun qarşılığında bəzi futbol adamlarından istifadə edirdi. Lakin bu mənada da tükənir. Bir neçə il əvvələ kimi icraçı vitse-prezident-baş katibi dəstəkləyən Oqtay Abdullayev və veteranlar ittifaqı artıq Məmmədovdan üz döndərib. Hətta Abdullayev son zamanlar tənqidi fikirlər səsləndirməyə başlayıb. Paralel olaraq yaradılan və daha gənc veteranlardan təşkil olunan qurum da effekt vermədi. Məmmədov istədiyi dəstəyi hiss etməyincə, vəd etdiyi maliyyəni, işlə bağlı sözü də arxa plana atdı. Nəticədə yeni qurum erkən dağıldı və indi bu qurumun üzvləri də AFFA-nı sərt tənqid edənlərin sırasına qoşulub. Artıq AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov da bu sahədə olan nöqsanları, pərdəarxası oyunları açıb ortaya qoymağa başlayıb. Bir sözlə, qurduğu sipər, pul hesabına yaratdığı "bufer zona"da dağılmaqdadır ki, bu da Məmmədovu narahat etməyə bilər. Əldə etdiyimiz başqa bir məlumata görə, federasiya daxilində də müəyyən parçalanmalar başlayıb. Söhbət bəzi departamentlərdən gedir. Bir sözlə, dayaqlarını itirməkdə olan icraçı vitse-prezident-baş katibin bundan sonrakı addımları maraq doğurur.