Elxan Məmmədovun stadion biznesi: “AgroSport” dövlətin milyonlarını necə mənimsəyir?
- 10 Dek 2020 11:00
- 1355
AFFA-nın birinci vitse-prezidenti Elxan Məmmədovun ketrinq şirkəti var. Bir çox məclislərin, tədbirlərin təşkilinə başqa kimsə qarışa bilməz. Bu işi daha ucuz qiymətə görə biləcək insanlar yaxına buraxılmır, Məmmədovun adamları sifarişi alır, ən yüksək qiymətə xidmət göstərir. Nə veclərinə, onsuz da pul dövlətin dərisindən çıxarılır, bunlar isə mümkün qədər çox talamaqda maraqlıdı.
Məmmədovun əsas qazanc sahələrindən biri qazonlardı. Ölkədə salınan bütün yeni meydanlar Elxan bəyə qazanc gətirir.
Dəfələrlə ad və forma dəyişərək hesabların dolaşmasına çalışan “AgroSport” təkcə qazon döşəməklə məşğul deyil. Təhsil Nazirliyinin xətti ilə məktəblərin həyətində, hətta məhəllələrdə salınan bütün süni örtüklü qazonları baş katibin şirkəti nizamlayır. Bu səbəbdəndi ki, torpaqlarımız işğaldan azad olunan kimi AFFA bütün rayonlarda məhz süni örtüklü meydanlar salmaq arzusunu bəyan etdi. Pul AFFA-dan, dövlətdən gedəcək, Elxan bəyin şirkəti qazanacaq.
Təbii ki, o işləri də kimsə görməlidi, amma uyğun qiymətlə daha keyfiyyətlisini inşa edənlərə üstünlük verilməlidi. Məmmədov isə bu sahəni monopoliyasına alıb, ondan iznsiz kimsə qazon döşəyə bilməz.
Ən böyük qazanc təbii örtüklü meydanlardadı. AFFA-nın nəzdində olan bütün stadionların təbii örtüyünə məhz “AgroSport” qulluq edir. Məmmədov dostlarına tapşırdığı bu şirkətdən başqa kimsənin bazara daxil olmasına imkan vermir. Və əldə edilən qazanc fantastikdi.
Təsəvvür edin, “Qəbələ” klubu bölgədə saldığı 10 meydançanın saxlanılmasına ayda 10 min dollar xərcləyirdi. AFFA isə nəzdindəki hər arenaya görə bu qədər xərcə düşür. Assosiasiyanın 10-dan çox stadionu, məşq meydanı və s. var. Üstəlik, Bakı Olimpiya Stadionu, SOCAR-dan maliyyələşən klubların məşq meydanları – hamısını hesablasaq, aylıq 150-200 min dollardan söhbət gedir. Bir neçə qat bahasına görülən işlər ancaq Məmmədovun şirkətini varlandırır. Məmmədovun işlədiyi AFFA-dan oğurlanan futbol pulları Məmmədovun şirkətinə ötürülür.
“AgroSport” stadionlar və qolf meydançalarının tikintisi, futbol meydanlarının yenidən qurulması, ictimai yerlər və şəhərətrafı ərazilərdə dizayn işlərinin yerinə yetirilməsi, o cümlədən, eksklüziv landşaft dizaynının işlənib hazırlanması, rulonlu qazon və əkin materiallarının istehsalı və satışı üzrə ixtisaslaşıb.
SOCAR birbaşa dövlətə bağlı neft şirkətidir və bu gün Azərbaycanda futbol adına nə mövcuddursa, bunun üçün sərf olunan maliyyə vəsaitinin çox hissəsi oradan gəlir. Amma belə şirkətlər vasitəsilə milyonlar ciblərə axır.
Məmmədov büdcəsi 5 milyon manatı aşan “AgroSport”un idarəçiliyini Fərman Əlizadəyə tapşırıb. Şirkət İngiltərənin Şərqi Avropa bazarında fəaliyyət göstərən “FutbolLab” şirkətinin markasıdır. Qrup idman infrastrukturu layihələrinin idarə olunması və həyata keçirilməsi üzrə ixtisaslaşıb. Hörümçək toru kimi çoxşaxəlidi, araşdırdıqca gizlinlər üzə çıxır. Bir şirkətin ki, hesabları çoxunuzun tanımadığı Vanuatuya kimi gedib çıxırsa, ardını özünüz düşünün. İndi görün hansı məbləğlər haradan hara daşınır? Azərbaycan futbolunun inkişafına sərf olunmalı vəsait bir qrup insanın lüks yaşamına yönəlib.
Elxan bəy ağıllıdı, şirkəti öz adına yox, təsisçi və baş direktor kimi göstərilən Əlizadənin adına sənədləşdirib. (futbolinfo.az)