Emil erməni ilə söhbəti haqda elə şeylər dedi ki… MÜSAHİBƏ
- 12 Mar 2020 17:00
- 794
Onunla çoxdan danışmaq istəyirdik. Hələ “Futbol+”in ümummilli sorğusunda 2019-un yekunlarına dair ən yaxşı seçiləndə, hələ “Tobol”dan ayrılmaq söhbəti gündəmə gələndə, ordan ayrılanda, Norveçə üz tutanda...
Lakin Emil Balayev çoxsaylı zəng və mesajlarımızı cavabsız qoyurdu. Hiss olunurdu ki, mətbuatdan uzaq durmağa çalışır ki, işlədəcəyi hansısa ifadə ziyanına işləməsin. “Bude-Qlimt”ə transferi baş tutmadığından ölkəyə qayıdan və “Zirə” ilə müqavilə bağlayan yığma üzvü artıq yeni komandasının heyətində “Səbail”lə çempionat matçına hazırlaşır.
Emillə müsahibə də elə “qartallar”ın BOS-un ehtiyat meydanında dünən gerçəkləşən məşqindən sonra baş tutdu. Klubun mətbuat katibi Elmar Abdullazadə sağ olsun, müsahibəni təşkil edəcəyinə söz verdi və etdi.
Ona görə də bəndəniz də Elmara verdiyi “10 dəqiqə kifayət edər” sözünü tutmalıydı. Halbuki Balayevlə bağlı bütün suallara cavab tapmağa 10 yox, bəlkə də 100 dəqiqə kifayət etməzdi. Məşqdən sonra tərli halda duşa tələsirdi deyə, ən vacib sualların cavabını axtardıq.
- Xeyli vaxtdı mətbuatdan uzaq gəzirdin. İndi de görək, səbəb nə idi?
- Xaraktercə üzdə olmağı sevən biri deyiləm. Tez-tez kamera və ya mikrofonlar qarşısına çıxmağı sevmirəm. Xüsusən də belə həssas məqamlarda. Həmin vaxt mənə danışmaqdan çox klub tapmaq lazım idi. Bu yöndə ilər getsə də, yekun nəticə yox idi. Ona görə də müsahibə verməyə əsas görmürdüm. Ortada konkretlik yoxdusa, məncə, nədənsə danışa bilməyəcəkdik. Artıq “Zirə”nin futbolçusuyam, buyurun, suallarınızı verin, cavablandırım.
- Qriqori Babayanın gəlişindən sonra “Tobol”da qalmayacağın böyük ölçüdə dəqiq idi. Lakin nədənsə məsələ xeyli uzandı. Öncə təlim-məşq toplanışı üçün BƏƏ-yə, daha sonra müayinə üçün Türkiyəyə yollandın. Nəticədə “Tobol”dan ayrıldın. Məsələ niyə bu qədər uzandı?
- Hər bir insanın özü üçün müəyyənləşdirdiyi həyat prinsipləri var. Ola bilsin, erməni məşqçiyə görə “Tobol”dan ayrılmağımı peşəkarlığa zidd addım kimi qələmə verənlər oldu. Amma mənim üçün prinsiplərim karyeramdan, işimdən üstündü, ona görə də bu qərarı verdim. O ki qaldı “Tobol”dan gec ayrılmağıma, klubla müqaviləm davam edirdi. Həmin ərəfədə hər şey heç də mənim istəyimlə həyata keçməyə bilərdi. Müqavilədə bəzi şərtlər var idi ki, rəhbərliklə müzakirə etməli, yoluna qoymalıydıq. Bu da müəyyən zaman aldı. Ona görə də yalnız yanvarın son günlərində azad agent statusuna yiyələndim.
- Babayanın təyinatından sonra “Tobol”dan ayrılacağına dair qərar vermişdin, yoxsa son ana qədər dilemma qarşısındaydın?
- Əlbəttə, özümdə müəyyən fikirlər formalaşmışdı. Amma fikrimi klub rəhbərliyinin necə başa düşməsi, müqavilənin necə və hansı əsasla pozulması kimi vacib amillər də vardı. Belə deyim, rəhbərlik istəsəydi, rəsmi sənədləri əsas gətirib məni komandada saxlayardı. Müqaviləm baş məşqçi ilə yox, “Tobol”la idi. Ona görə də qısa fasilə götürüb, dərindən düşündüm.
- Səmimi de, Babayandan özünə qarşı soyuqluq hiss edirdin?
- Yeni baş məşqçinin rəhbərliyi altında cəmi bir məşqə çıxdım, o da Dubayda. Səmimiyyətimə inanın, məni çox isti qarşıladı, normal münasibət göstərdi. Hətta normal söhbətimiz də oldu. Özümə qarşı hansısa soyuqluq, yadlıq görmədim.
- Qazaxıstan çempionatının ən yaxşı qapıçısı seçildin, vətəndə “2019-un ən yaxşısı” adına layiq görüldün, yığmada inamlı oyunların oldu. Maraqlıdı ki, “Tobol”dan ayrılandan sonra Qazaxıstan klubları sənə dəvət göndərmədi.
- Belə deməzdim. Bəzi yerli komandalar agentimlə əlaqə saxlayıb haqqımda maraqlanmışdılar. Sadəcə, hədəfim Avropada çıxış etmək idi deyə, Qazaxıstan variantları barədə qətiyyən düşünmürdüm. Əsas məqsədim Avropada legioner həyatı yaşamaq idi. Lakin ordakı çempionatların böyük əksəriyyəti “payız-yaz” sistemində keçirilir deyə, komandalar heyətini komplektləşdiriblər. Ona görə də Avropa istəyim alınmadı.
- Keçək söhbətin məğzinə - “Bude-Qlimt”ə. Danışıq apardın, Norveçə getdin, haqqında xoş sözlər eşitdik, yekunda müqavilə bağlamadan vətənə qayıtdın. Nə baş verdi?
- Maliyyə şərtlərində razılaşa bilmədik, bir də müqavilə müddətində, başqa heç nə. Hətta özləri də açıqlama vermişdilər ki, Emil büdcəmizə uyğun futbolçu deyil.
- Məgər Norveçə getməmişdən əvvəl pul söhbəti etməmişdiz?
- Danışığımız və razılığımız olmuşdu. Sadəcə, üzbəüz oturandan sonra bəzi şərtlər oldu ki, razılaşmadım. Maliyyə ilə yanaşı, müqavilə müddətində də fikir ayrılığımız oldu. Mən qısamüddətli anlaşma istəyirdim, onlar isə müqaviləni uzun müddətə bağlamağı təklif edirdilər. Ona görə də razılaşmadıq.
- Hansı məbləği təklif edirdilər?
- Məsələ artıq qapanıb. Bundan sonra nəsə deməyim heç nəyi dəyişməyəcək. Ona görə də konkret məbləğ açıqlamaq istəmirəm. Hər bir insanın məbləğlə bağlı özünə görə düşüncəsi var. Kiməsə az gələ bilər, kiməsə çox, kiməsə normal. Norveçdəki yaşam səviyyəsini və vergiləri göz önünə gətirəndə “Bude-Qlimt”in təklif etdiyi maaşı az saydım.
- Yəni transferin baş tutmamasında maliyyə vacib rol oynadı.
- Xeyr, belə deməzdim. Pulu düşünən olsaydım, “Tobol”dan ayrılan kimi mənə kifayət qədər yaxşı əməkhaqqı təklif edən klublardan biri ilə anlaşardım. İstər Qazaxıstandan olsun, istərsə başqa yerdən. Məni karyera maraqlandırırdı, buna görə də gözlədim, hətta son anda Norveçə uçmağa razılıq verdim. Sadəcə, iş elədi ki, çəkdiyin zəhmətin qarşılığını gözləyirsən. İstər futbolda olsun, istər başqa sahədə.
- Onların təklif etdiyi maaşla 6 aylıq anlaşa bilməzdin? Ən azı Avropa vitrinində olacaqdın.
- Onlar agentimlə söhbətdə ilkin razılıq əldə etmişdilər. Minimum 2 illik anlaşma istəyirdilər. Düşündüm ki, gedib üzbəüz danışaq, bəlkə başqa şərtlərin əsasında ortaq məxrəcə gələ bilərik. Lakin razılaşa bilmədik.
- Yığmanın vacib fiqurlarından birinin Avropada özünə klub tapa bilməməsi agent səriştəsizliyinin nəticəsidi, yoxsa futbolumuzun real durumu budu?
- Bunu başqa yerlərə yozmayaq. Belə deyək, danışıqlar uğurlu alınmadı. Azərbaycan futbolunun real durumu bərbad olsaydı, onlar mənə rəsmi dəvətnamə gözləməzdilər.
- Emil Balayev, Ramil Şeydayev – son vaxtlar üzdə olan, legioner həyatı yaşayan futbolçularımız. Və bu gün hər ikisi klubsuz qalmamaq üçün məcburiyyətdən yenidən Azərbaycandadı. Bunu necə qələmə verək?
- Bura qayıtmağımız necə baş verdisə, sabah yenidən legioner həyatı yaşamağımız da asanlıqla baş tuta bilər. Vaxtilə “Səbail”dən “Tobol”a yollanmağım da gözlənilməz olmuşdu. Sadəcə, hər zamanın öz hökmü var. Yayda yenidən legioner həyatı yaşamağım mümkündü. Hələ ki “Zirə”dəyəm və bütün fikrimi yeni komandamın uğurları üçün cəmləmişəm.
- Azərbaycana çarəsiz qalıb qayıtdın, yoxsa “Bude-Qlimt”dən sonra növbəti riskə getmək istəmədin?
- Düzünü desəm, Norveçə yollananda alınmamaq şansnı ağlımdan keçirmirdim. Danışmış, razılaşmışdıq. Sadəcə, heç gözləmədiyimiz şeylər oldu. Buna “fors-major” hal deyirlər. Artıq martdı, yaya cəmi 3 ay qalıb. Ona görə də bu müddətdə Azərbaycanda oynamağı məqsədəuyğun saydım. “Zirə” klubu da sağ olsun, belə bir təklifdə bulundu. Azı yaya qədər burdayam.
- Azərbaycanda “Zirə”dən başqa təklif almışdın?
- Düzü, “Tobol”dan ayrılandan dərhal sonra bir neçə klubumuzdan təklif almışdım, sadəcə...
- Hansı klublardan?
- Baş tutmayan nəsə haqda danışmağı sevmirəm. Həm də mən tərəfdən qeyri-etik olar. Yalnız onu deyə bilərəm ki, həmin vaxt Qazaxıstan və Azərbaycandan olan təklifləri geri çevirmişdim. Çünki Avropada oynamaq istəyirdim.
- Hazırda fiziki və psixoloji durumun necədi? Baş məşqçi şans versə, “Səbail”ə qarşı oyuna çıxmağa hazırsan?
- Onu düz dediz, baş məşqçi şans versə, məsləhət bilsə. “Tobol”dan ayrılıb danışıq apardığım dönəmlərdə Dmitri Kramarenkonun rəhbərliyi altında fərdli məşqlər edirdim. Ona görə də heç bir problemim yoxdu. Artıq bir neçə gündü “Zirə”nin məşqlərində iştirak edirəm. Şans verilsə, çıxıb oyunumu oynayacam.
- Yığma hazırda başsız qalıb. Ən qısa zamanda baş məşqçi təyin olunmalıdı. Yerli, yoxsa əcnəbi?
- Yerli məşqçinin üstün cəhətləri çoxdu. Azərbaycan futboluna bələddi, futbolçuları yaxından tanıyır. Lakin əcnəbi mütəxəssis də gəlsə belə, yanında həmişə olduğu kimi, azərbaycanlılar olacaq. Ona görə də sualınıza konkret cavab verməkdə çətinlik çəkirəm. Baş məşqçi kim olur-olsun, təkcə azarkeşlərimizi uğurlu nəticələrlə sevindirək, qrupda vacib qələbələr qazanaq. ("Futbol+")