“Bu müqavilə “Neftçi”nin strateji inkişafı üçün önəmlidir”.

Rekord.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin İdarə Heyətinin üzvü Emin Əmrullayev “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib. 

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:  “Neftçi” Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. “Neftçi”yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik”.  Əmrullayev uzunmüddətli hədəflər barədə düşündüklərini bildirib:  “Yaxşı nəticələrlə bağlı proqnozlar vermək asan deyil. İdarə Heyətində yer alanlar da bu komandanın azarkeşləridir. Dayanıqlı nəticələr istəyiriksə, səbirli olmalıyıq. Komanda hər oyuna yalnız qələbə üçün çıxır. Bütün parametrlər yerində olanda “Neftçi”nin dayanıqlı uğurlar qazanacağına inanırıq. Uduzmaq isə azarkeşlərin xoşuna gəlmir. Bu hissləri başa düşürük. İnanıram ki, “Neftçi” arzu etdiyimiz yerə gələcək. Bəlkə də bütün diqqəti əsas komandaya yönəldib tez nəticə əldə etmək olar. Amma “Neftçi” klubdur. Uğursuz dönəmdə komandanın yanında olan azarkeşlər var. Hər şey gedə bilər, amma “Neftçi” əbədidir”. 

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer də “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsindən söhbət açıb:  “Neftçi” üçün önəmli gündür. Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq. Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun. “Neftçi” Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik”. 

“Palms Sports”un baş icraçı direktoru Fouad Darviş də əməkdaşlıqla bağlı fikirlərni bölüşüb: “Uzun səyahətin başlanğıcındayıq. Burada olmaq mənim üçün şərəfdir. “Neftçi” sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir. Bu sözləşmə uzunmüddətli iddianın rəmzidir. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq. İnkişafaya yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq. “Neftçi”nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdir”. 

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.