Emin Mahmudov Azərbaycan millisinə gəlmək üçün Riad Rəfiyevdən nə tələb edib?
- 23 May 2020 14:00
- 918
"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan millisini seçdiyi üçün valideynlərinə Bakının mərkəzində mənzil verilməsi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.
Rekord.az xəbər verir ki, 28 yaşlı futbolçu "İbrakadabra" "YouTube" kanalına müsahibəsində xəbəri təkzib edib.
Təcrübəli oyunçu söyləyib ki, onun yığmaya gəlişində hazırda "Sumqayıt"ın prezidenti olan Riad Rəfiyevin rolu olub: "Xeyr, bu, yalandır. Mən heç nə almamışam. Mənimlə həmin vaxt Riad Rəfiyev danışmışdı. Onun agentliyi var, eyni zamanda Azərbaycan millisinin meneceri idi. Hazırda isə "Sumqayıt"ın prezidentidir. Ona demişdim ki, Avropada mənə klub tapsan, Azərbaycan millisində çıxış edərəm. Buna görə pul və ya başqa heç nə almamışam".
Mahmudov deyib ki, əvvəllər Rusiya və Azərbaycan oynayanda ikincilərə azarkeşlik edib: "İndi də vəziyyət eynidir. Azərbaycana azarkeşlik edirəm. Sadəcə, Azərbaycan pasportunu seçsən, Rusiya Premyer Liqasında oynamağın çətinləşəcək. Çünki legioner sayılacaqsan. Hazırda bütün problemlər bundadır. Limit olmasaydı, Azərbaycan yığmasının üzvü kimi Rusiya çempionatında oynayacaqdım".
Futbolçu bildirib ki, indiyə qədər heç vaxt bara getməyib.
Qeyd edək ki, Rusiyada "Saturn"un yetirməsi olan Emin Mahmudov "Spartak" (Moskva), "Tom", "Krılya Sovetov", "Mordoviya" klublarının, həmçinin Portuqaliyada "Boavişta"nın formasını geyinib. O, 2017-ci ilin yayından "Neftçi"də çıxış edir.