Rekord.az xəbər verir ki, bir çox sahələrdə bu gün işləmək qadağası aradan götürülsə də, böyük kütlə mayın 4-nü gözləyir. Gücləndirilmiş karantin rejimi məhz bu tarixə qədər göstərilib ki, müddətin uzadılıb-uzadılmayacağına yaxın 2-3 gündə aydınlıq gələcək. Azərbaycan futbolunun taleyi də veriləcək qərardan asılıdı. Karantin vaxtı uzadılmasa, komandalar hazırlıq mərhələsinə qədəm qoyacaq, uzaqbaşı iyunun əvvəlinə qədər çempionat bərpa olunacaq. Bu mənada ən çox narahatlıq keçirən futbolçulardı. Evdə oturmaqdan ürəyi sıxılan oyunçular yaşıl meydanlarda top dalınca qaçmaq, ən əsası, qısa müddətdən sonra avrokuboklarda çıxış etmək istəyir. “Kapitanla söhbət” layihəsində söhbət etmək üçün bu gün 28 yaşını qeyd edən Emin Mahmudovu seçdik. Daim açıq fikirli olması ilə fərqlənən futbolçu yenə öz ampluasında idi. Beləliklə, layihənin növbəti qonağı “Neftçi”nin kapitanı Emin Mahmudovdur (Futbol+).

 

- Futbolsuz günlərin necə keçir? Başını nə ilə qatırsan, nə edirsən? Darıxırsan yəqin...
- Darıxdım, ya darıxmadım – dəyişən heç nə yoxdu, ola da bilməz. Çünki xüsusi karantin rejimindəyik və hamı kimi qadağalara uyğun addım atmalıyıq. Evdə oturmaqdan başqa çıxış yolu yoxdu. Ona görə də evdə özümə məşğuliyyət tapıram. Məsələn, övladlarımla oynayıram, kitab oxuyuram, televizorda maraqlı verilişlərə baxıram.

- Futbolçular həmişə dost-tanış yanında olmağa alışıblar, gəzməyi, əylənməyi sevirlər. Birdən-birə evə təhkim olunmaq çətindi yəqin.
- Hamının adından danışa bilmərəm. Öz adımdan onu deyə bilərəm ki, mənim üçün ciddi mənada çox şey dəyişməyib. Həyat əvvəlki axarında davam edir. Karantin dönəmində gündəlik həyatımda yoxa çıxan təkcə bazadakı məşqlərdi. Onsuz da başqa günlərdə də əyləncəyə, harasa getməyə meyilli deyildim. Vaxtımı övladlarıma həsr edirdim, onları gəzməyə harasa aparırdım. Çox nadir hallarda dostlarla görüşüb söhbətləşirdik.

- Neçə ildi istədiyin kimi dincələ bilmirdin. Çempionat oyunları, avrokuboklar, yığmanın görüşləri, təlim-məşq toplanışları... Ümid edirəm ki, karantin illərin yorğunluğunu canından çıxarmaq üçün yaxşı şans oldu.
- Tam nöqtədən vurduz. Düz iki ildi ki, demək olar, istirahətsiz rejimdəyik. Bunun özü də istirahət sayıla bilməz. İstirahət odu ki, dincəlirsən, hər şeydən uzaq düşürsən, gəzmək üçün harasa gedirsən. İndiki durumda evdə oturmuşuq, hər gün məşq edirik. Çempionat bərpa olunana qədər var gücümüzlə çalışmalıyıq ki, oyunlara qədər hazır olaq.

- Fiziki formanı qorumaq üçün nə edirsən?
- Siz sualı başqa cür verməliydiz (gülür).

- Necə?
- “Fiziki formanı qorumaq üçün nələr etmirsən” – bu cür...

- Sən istəyən kimi olsun.
- İnternetdə kifayət qədər evdə idmanla məşğul olmaq üçün proqramlar var. Çoxuna baxdım, aralarından “Tabata”nı seçdim. Demək olar, hər gün “Tabata” məşqləri edirəm. Evdə oturub fikir çəkməkdənsə, məşq etmək lazımdı. “Tabata” ilə yanaşı, pilateslə yoqanı da yoxladım. Açığı, o qədər də yaxşı alınmadı. Sizə söz deyim, karantinə qədərki dövrlə müqayisədə ayaqlarım indi daha güclüdü.

- Və... çoxlarını narahat edən sual.
- Eşidirəm.

- Çempionat indiki vəziyyətdə başa çatdırılsa, yəni “Qarabağ” 20 turdan sonra mövsümün çempionu elan edilsə, buna münasibətin necə olacaq?
- Bu barədə düşünmürəm. Çünki inanır və ümid edirəm ki, çempionat bərpa olunacaq və bütün oyunlar keçiriləcək. Yekunda kimin çempion olacağını isə zaman göstərəcək. Gəlin yaxşı tərəfini düşünək ki, yaxşı olsun.

- Deyək ki, davam etdirildi. Bu qədər istirahətdən sonra fiziki baxımdan çətin olmayacaq?
- Şəxsən mənim üçün zərrə qədər də çətin olmayacaq. Dediyim kimi, karantin dövründə formamı qorumaq üçün kifayət qədər məşq etmişəm və buna görə də özümə əminəm. Çempionat nə vaxt başlasa, mən hazıram.

- Mövsümlərarası və qış fasiləsində 2-3, uzağı 4 həftə dincəlirsiz, amma qayıdandan sonra təxminən 3 həftəlik hazırlıq prosesi təşkil olunur ki, bu müddətdə ideal formanı yığmaqda çətinlik çəkirsiz. 2 aylıq futbolsuzluqdan sonra rahat olacağını düşünürsən?
- Əminəm ki, komanda yoldaşlarım da məşqçilərin bizə verdiyi proqram üzrə hazırlıq keçməkdədi. Arada danışırıq və görürəm ki, hamı bir nəfər kimi intensiv məşq edir. Lakin fərdi məşqlə kollektiv məşq eyni deyil. Optimal formanı yığmaq üçün birlikdə çalışmalıyıq. Bunun üçün isə 3 həftə bəs edəcək. Çünki karantin dönəmində yeyib-yatmamışıq. Hamı evdə olsa da, gündə azı 1,5-2 saat məşq edir. Dediyiniz dövrələrarası fasilədə bu dərəcədə intensiv məşqlər etmədiyimizdən qayıdandan sonra nisbətən çətin olur.

- Maaş məsələsi də müzakirə mövzusudu. Aprel ayında meydana çıxmamısız, praktiki olaraq futbolsuz qalmısız. Belədə məvacibinizin müəyyən hissəsi tutulsa, buna reaksiyan necə olacaq? Məsələn, Avropada bu prosesə başlanılıb.
- Mən də sizə qarşılıqlı sual verim. Avropa klubları niyə belə addım atır? Niyə maaşları yarıbayarı azaldırlar? Çünki onlarda çempionat olmayanda kifayət qədər maliyyə itirirlər. Bilet satışından, teleyayından, bannerdəki reklamlardan. Yəni həmin pullar bizim bildiyimiz 3-5 manat deyil. Klubların illik büdcəsinin bəlkə də yarısıdı. Sizə misal çəkim. Bir dəfə Portuqaliyada “Portu”nun aşağı sıralarda qərarlaşan, adını xatırlamadığım komanda ilə ev oyununa getmişdim. Biletin qiyməti, bilirsiz, nə qədər idi? 40 avro (təxminən 80 manat – H.). Kimsə mənə klubun maliyyə itkisinin reklamdan, teleyayından, bilet satışından olduğunu sübut etsə, problem yoxdu, maaşımı “kəssinlər”.

- Birdən sübut etmədən “kəsdilər”?
- O necə olur? Hansısa qərar qəbul olunanda ortaya məntiqi əsas qoyulmalıdı. Məsələn, bizdə stadionlara giriş pulsuzdu. Bildiyimə görə, təkcə “Neftçi” bilet satır, o da 1 manata. Yoxsa televiziyalar çempionat oyunlarının yayını üçün pul ödəyir? İndidən bu məsələ ətrafında danışmaq yersizdi. Çünki bizə belə bir məlumat verməyiblər.

- Ailə üzvlərin və yaxınların Rusiyada yaşayır. Karantin dövründə “kaş oyunlar təxirə salınan kimi ora gedəydim” deyib təəssüflənmədin?
- Xeyr, qətiyyən, heç indi də təəssüflənmirəm. Şükürlər olsun, burda koronavirus təhlükəsi ilə bağlı vəziyyət ürəkaçandı. Dövlət orqanları da vaxtında lazım olan addımları atıb genişmiqyaslı yoluxmanın qarşısını ala bildi. Hətta Moskvada olsaydım belə, valideynlərimgilə getməyə risk etməzdim. Çünki adam bayıra çıxmağa qorxur. Hər an “korona”ya yoluxa bilərsən. Bu isə ailə üzvlərimiz və övladlarımız üçün təhlükəlidi.