Emin Mahmudov: "Yurçeviç gedəndən sonra onu söyməyim düzgün çıxmaz" MÜSAHİBƏ
- 25 Noy 2019 13:00
- 823
"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Oyuna yaxşı başladıq, yaxşı qollar da vurduq. Amma 3:0-dan sonra rahatlıq yarandı və "Qəbələ" bizdən daha üstün çıxış etməyə başladı, epizodları oldu. İkinci hissəyə də yaxşı başladıq. Matçın sonlarına yaxın yorğunluq hiss olundu. Yenə bizdən yaxşı oynamağa başlamışdılar.
- Turnir cədvəlində yenidən 2-ci pilləyə qayıtdınız. Əsas rəqibiniz "Keşlə"dir, yoxsa "Qarabağ"?
- Əsas rəqibimiz özümüzük. Öz oyunumuzu fikirləşməliyik. Digər oyunları fikirləşib, öz matçlarımızda qalib gəlməsək, çətin olacaq. Əsas bunları fikirləşməliyik.
- Lider "Qarabağ" bu mövsümdə ilk dəfə məğlub oldu. Yəqin ki, bu gün sizə qələbə qazanmaq üçün əlavə stimul oldu.
- Bizə hər oyun qələbə qazanmaq lazımdır. Qalib gəlməsək, onlar qələbə qazanıb, bizdən yuxarıda olacaqlar. Ona görə də, hər oyun bizim üçün vacibdir. Çox xal itirdik. Həmin xalları qaytarmalıyıq. İndi hər görüşdə qalib gəlmək lazımdır.
- Dario Frederiko əvəzlənməsindən narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Kapitan kimi, onun bu hərəkətinə münasibətiniz necədir?
- Futbolda emosiya olmasa, maraqsız olar. Məncə, məşqçidən yox oyunçulardan narazı idi. Çünki ona 1-2 söz dediər. Paltardəyişmə otağında isə hamımız sevinirdik. Heç bir problem yoxdur.
- Qarşıda kubok oyunları da var. Yəqin ki, kubok qazanmaq hədəfdir. Bu haqda nə düşünürsünüz?
- Əlbəttə ki, kubok oyunları bizim üçün çox vacibdir. Məqsədimiz kuboku qazanmaqdır. Çalışacağıq ki, görüşlərdə qələbə qazanaq.
- Bugünkü "Neftçi"nin potensialı imkan verir ki, həm Premyer Liqada çempionluq uğrunda, həm də kubokda mübarizə aparasınız?
- Ayırmaq olmaz. Hər oyuna 100 faiz köklənib, çıxmalıyıq. Hər matçda bugünkü görüşün ilk 25 dəqiqəsindəki kimi çıxış etsək, yaxşı nəticələr olar.
- Milli komanda haqda danışmasaq, olmaz. Baxmayaraq ki, son qarşılaşmalarda oynamadınız, ancaq siz də bu yığmanın üzvüsünüz. Qrupda 1 xal qazanmağı, yekunu necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, 1 xal azdır, yaxşı nəticə deyil. Amma qrupumuz çətin idi. Futbolçularımız çalışdılar. Ona görə də onların haqqında heç nə deyə bilmərəm. Əsas odur ki, mübarizə apardıq.
- Hamı çətin qrup olduğunu deyir. Amma xatırladaq ki, bundan əvvəlki seçmə mərhələlərdə də çətin qrupda olsaq da, ən azından 3 xal qazanmışıq. Bu dəfə isə fiasko oldu.
- San Marinonu məğlub edib, xallar qazanmışdıq. İndi bizə belə komanda düşmədi. Budəfəki rəqiblərin hamısı Avropa çempionatında iştirak edib, hətta qrupdan da çıxıblar. Əlbəttə, bəhanə gətirmək istəmirəm. Nəticə daha yaxşı olmalı idi. Sadəcə, alınmadı.
- Ən azından 4 xal qazanmağa nə imkan vermədi?
- Qələbə çatmadı. 1 oyunda udsaydıq, 4 xal olardı.
- Bəs, oynamamağınız haqda nə deyə bilərsiniz?
- Baş məşqçinin verdiyi qərardır. Ona görə bu barədə heç nə deyə bilmərəm. Özünüz də gördüz ki, bugünki oyunda son 20 dəqiqə yorulmuşdum, qaçmaq çətin idi. Çünki milliyə gedəndən sonra ritmdən düşürəm. Qayıdanda isə mənə çox çətin gəlir. İndi milli oyunları yoxdur, inşallah daha yaxşı formada olaram.
- Yurçeviçdən soruşmadınız ki, məni niyə oynatmırsınız? Çünki siz "Neftçi" kimi komandanın kapitanısınız.
- Baş məşqçinin verdiyi qərarlardır. Mənim işim milliyə gəlib, bacardığımı etməkdir. Bir dəfə Yurçeviç mənə yaxınlaşıb, onun futbol fəlsəfəsinə bir az uyğun gəlmədiyimi demişdi. Buna görə də oynamayacağımı bilirdim.
- Yurçeviçin millidən göndəriləcəyi gözlənilir. Onun gedəcəyi təqdirdə sənin də millidəki yolun açılacaq?
- Millidə baş məşqçi kim olacaq, kim gedəcək deyə heç fikirləşmirəm. Qalsa da, getsə də, Nikola Yurçeviç haqda pis söz deyə bilmərəm. Bunu düzgün hesab etmirəm. Əvvəl heç nə demirəm, amma gedəndən sonra onu söyməyə başlamağım doğru çıxmaz.